Tiflis Bakıya qarşı hələ də "qazlı gediş" edir
13 Noyabr 2012 16:17 (UTC+04:00)
Məlumdur ki, qonşu Gürcüstanda yeni hökumət ölkə daxilində qaz
tariflərinin yüksək olmasını əsas gətirərək qiymətlərə yenidən
baxılacağını bəyan edib. Yeni baş nazir Bidzina İvanişvilinin
bildirdiyinə görə, neft - qaz müqavilələrinə yenidən baxılması və
Gürcüstanda elektrik enerjisi və qaz tariflərinin aşağı salınması
vacibdir.
O, mövcud tariflərin şişirdilmiş büdcə qiymətlərinin nəticəsi
olduğunu açıqlayıb. İvanişvili deyib ki, onun komandası tarif
siyasətinə yenidən baxmaq üzərində işləyir: "Əvvəlki hakimiyyətə
bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni
araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat
verəcəyik".
Xatırladaq ki, Gürcüstanı qazla Azərbaycan təmir edir və burada
qazpaylayıcı sistemə də nəzarət ARDNŞ tərəfindən edilir. Bütün
bunlar isə baş nazirin açıqlamalarının bir ucunun ARDNŞ-ə
toxunduğunu göstərir. Noyabrın 9-da isə Bidzina İvanişvili ilə
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev arasında baş tutan görüşdən sonra da İvanişvili
tarflərin yüksək olduğunu bildirib. Lakin ARDNŞ bundan əvvəl bəyan
edib ki, tariflərin aşağı salınması üçün gürcüstan vergi yükünü
azaltmalıdır: "Tariflər Gürcüstanın vergi dərəcələrinə uyğun
qurulur. Hazırda isə Gürcüstanda enerji daşıyıcılarına tətbiq
olunan vergilər kifayət qədər yüksəkdir. Yeni hökumət tarifləri
aşağı salmaq istəyirsə, buyurub vergiləri aşağı sala bilər".
Beləliklə, qaz ziddiyyəti davam edir.
Ekspertlərisə iki ölkə arasında yaran biləcək bu qəbildən olan
gərginliklərin kökündə müəyyən səbəblərin durduğunu qeyd edirlər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə,
Gürcüstanda bəzi yerli qüvvələr qızışdırıcı mövqe tutublar: "Bu
qızışdırıcı mövqenin nəticəsində də bu gün Gürcüstanın daxilində
vəziyyət həm Rusiyaya, həm Ermənistana, həm də Azərbaycana yönəlik
ancaq "şok - şok - şok" tipli xəbərlərdir. Ancaq burada heç bir
reallıq yoxdur. Deyirlər ki, Abxaziyadan keçən dəmir yolunu açaq və
bununla da məsələ düzələcək. Ancaq heç kəs fikirləşmir ki, həmin
dəmir yolunun yenidən işlək vəziyyətə qaytarılması üçün ən aşağısı
500 milyon investisiya lazımdır. Bəs bu investisiyanı kim qoyacaq?
Təbii ki, Qərb qoymayacaq. Qərb qoymayacaqsa, Gürcüstanın da pulu
yoxdur. Demək, Rusiya qoymalıdır. Amma bu işin Rusiyanın etməsi
üçün tamamilə başqa Gürcüstan lazımdır. İvanişvilinin isə ancaq
adının ilkin hecaları rus mənşəlidir. Özünün Rusiyaya bağlılığı
sual altındadır. Necə ki, Yanukoviç hakimiyyətə gələndə deyirdilər
ki, Ukrayna tamamilə dəyişdi. Ancaq böyük zaman keçsə də Ukrayna
Rusiyapərəst olmadı. Nə də Ukraynaya görə, Rusiyanın tarifləri
aşağı düşmədi. İndi də həmin məsələ Azərbaycan ilə də bağlıdır.
Yeni hökumətdə tarif haqqında maraqlanırlar. Ancaq dəqiqliyə
varıldıqda biləcəklər ki, söhbət süni artımdan getmir. Çünki, orada
tarifi bazar formalaşdırır. Özü də söhbət tək qazdan getmir.
Həmçinin də Azərbaycan və Rusiya ilə müqayisə edəndə Gürcüstanda
vəziyyət normaldır. Çünki, biz neft, Rusiya isə qaz ölkəsi ola-ola
hasilatın maya dəyəri ilə regiondakı əhaliyə satılan qazın
qiymətində ən aşağısı 2.5 dəfə fərq var. Gürcüstanda isə 2 dəfə
fərq var. Ona görə də inanmıram ki, qazın qiyməti 1 tetri belə
aşağı salınsın".
Politoloq Natiq Miri qeyd edir ki, seçkilərdən sonra Gürcüstan
cəmiyyətində artıq mövcud olan eyforiya tədricən səngimək üzrədir:
"Verilən vədlərin artıq yerinə yetirilməsini gözləyirlər. Bu yöndə
də bəzi çətinliklər var. İvanişvili hökuməti də bu çətinlikləri
aradan qaldırmaq üçün bəzi tədbirlər görmək istəyir. Bu tədbirlərin
içərisində təbii ki, Azərbaycan ilə bağlı bəzi vəziyyət də
mövcuddur. Eyni zamanda Ermənistanla Rusiya arasındakı Gürcüstandan
keçən dəmir yol xəttinin açılması, qaz tarifləri və digər siyasi
məsələlər var ki, bu yöndə də Azərbaycan üçün bəzi arzuolunmaz
vəziyyət yaranır. Bunu Gürcüstan dövləti baxımından anlamaq
mümkündür. Ancaq onu da nəzərə almaq lazımdır ki, bütün ölkələrdən
fərqli olaraq Azərbaycan Gürcüstana böyük güzəştlərlə qaz satır. Bu
gün dünya bazarında qazın qiyməti 400 ABŞ dollarından yuxarıdır.
Amma Azərbaycan Gürcüstana qazı 3 dəfə aşağı qiymətə - 130 ABŞ
dolları civarında satır. Azərbaycanın Gürcüstana etdiyi güzəştlər
dəyərləndirilməlidir. Doğrudur, Gürcüstan da Azərbaycan üçün bir
strateji ölkədir. Çünki, bizim qlobal səviyyədə bütün enerji
xəttlərimizin hamısı Gürcüstan vasitəsi ilə Avropa və digər
bazarlara çıxır. Odur ki, bütün bunların müqabilində strateji
mütəffiq olaraq Azərbaycan və Gürcüstan bir - birinə qarşılıqlı
güzəşt etməlidirlər. Lakin müəyyən bir həddə qədər. O baxımdan
Azərbaycan bəzi məsələlərdə, xüsusilə də enerji məsələlərində artıq
dirəniş göstərməlidir. Çünki, Gürcüstana bundan artıq güzəştin
olunması qeyri - iradi olaraq qardaş Türkiyəni də hərəkətə keçirə
bilər. Yəni, adekvat qiymət artıq Türkiyəyə də təklif olunmalıdır.
Çünki, Gürcüstanın Türkiyədən heç bir üstünlüyü yoxdur. Əksinə,
Türkiyə bizə qardaş dövlətdir. O baxımdan İvanişvili öz
problemlərini Azərbaycanın hesabına həll etməməlidir".