Əvəz Zeynallının məhkəmə prosesi davam etdirilib
14 Noyabr 2012 16:42 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə
olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə
prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik
etdiyi prosesdə hakim bildirib ki, səhhətləri ilə əlaqədar Gülər
Əhmədova və Aydın Heydərovun prosesə gəlmələri mümkün deyil. Hakim
deyib ki, məhkəmə son qərarını verərkən buna qiymət verəcək. Daha
sonra Ə. Zeynallı dövlət ittihamçısına və hakimlərə etirazla bağlı
ayrı-ayrılıqda vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib.
Növbəti məhkəmə prosesi noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun
barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə
cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan
tədbiri seçilib.