Banklarda əmanətlərə qoyulan limit ləğv olunur

13 Yanvar 2016 11:30 (UTC+04:00)

Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yeni qərarına əsasən, ölkədəki banklarda yerləşdirilmiş bütün əmanətlərin sığortalanması nəzərdə tutulur. Movqe.az Baku.Ws-ə istinadən bildirir ki, bu barədə fondun icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, bununla bağlı Mərkəzi Banka müraciət olunub."Bank sistemində belə bir təcrübə olduğundan bunun Azərbaycanda da tətbiqi məqsədəuyğun hesab olunur. Fondun təklifi Mərkəzi Bank tərəfindən müsbət qarşılanıb. Yaxın günlərdə hökumətin bununla bağlı qərar verəcəyi gözlənilir", - deyə Azad Cavadov bildirib.Qeyd edək ki, Sığorta Fondu fəaliyyətə başlayan gündən indiyə qədər banklara yerləşdirilən depozitlərə müəyyən olunmuş faizlər nisbətində sığorta tətbiq olunub. Fond sonuncu dəfə əhalinin banklarda qorunan əmanətlərin faiz dərəcəsini 9 faizdən 12 faizə qaldırmışdı. İllik 12 faizdən yuxarı əmanətlər isə sığortalanmır.Azad Cavadovun sözlərini görə, yeni qəbul edilmiş qərardan sonra həmin faizdən yüksək olan əmanətlərin də qorunan əmanətlər qrupuna aid edilməsi nəzərdə tutulub. Fondun rəhbəri bildirib ki, 2015-ci ilin 3-cü rübünün yekunlarına əsasən, əhalinin banklardakı 7,3 milyard manat əmanətinin 2 milyardı qorunmayan əmanətlər idi. Qorunma sisteminin tam olması üçün bu məsələyə də dəyişiklik ediləcək. Əmanətlərin sığortalanması zamanı faiz və məbləğ məhdudiyyəti aradan qaldırılacaq. Yəni hazırda bir bankda 30 min manatadək əmanətlər sığortalanırsa, dəyişikliklərdən sonra bu rəqəmin sərbəst seçilməsi müəyyən olunacaq.