Rayonlar büdcədən dotasiya almayacaq

14 Yanvar 2016 07:00 (UTC+04:00)

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunulan əhəmiyyətli məsələlərdən biri də rayonların iqtisadi və sənaye potensiallarının gücləndirməsi oldu. Prezident İlham Əliyev bildirdi ki, bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər: "Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Bu, onların gündəlik işidir. Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər... Yerlərdə onlar daha fəal işləməlidirlər. Onların qarşısında vəzifə qoyuram ki, hər rübdə bir dəfə görülən işlərlə, açılan yeni iş yerləri ilə, açılan müəssisələrlə bağlı məlumat versinlər".

Analitiklər birmənalı şəkildə bunun mümkün olacağını düşünürlər. Rayonlarımızın dotasiyasız yaşamları üçün imkan var. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, cənab Prezidentin bu iradı çox düzgündür: "Azərbaycanın yüksəklik zonalarında yerləşən bəzi rayonlarını çıxmaq şərti ilə digər əksər rayonların özünü maliyyələşdirməyə keçmək şansları realdır. Lakin bu səviyyəyə çatmaq üçün yerlərdə icra hakimiyyəti orqanlarının çox ciddi işlər görülməsinə çalışmalıdırlar. Bu gün artıq baxımlıqdan qurtarmaq istiqamətində addımlar atmağın vaxtı çatıb.

Artıq yerli icra hakimiyyəti orqanları öz vəzifələrini mərkəzdən ayrılmış vəsaitləri bölüşdürməklə bitmiş hesab etməməlidirlər. Mərkəzdən ayrılan vəsaitləri bölüşdürmək çox asan bir işdir. Əsl iş isə cənab Prezidentin son müşavirədə yerli icar hakimiyyəti başçılarının qarşısında qoyduğu məsələdir. Bu gün Azərbaycanda yerlərdə özəl sektorun, sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində bütün addımların atıldığı bir şəraitdə yerli icra hakimiyyətlərinin başçıları öz səylərini yerlərdə təkcə abadlıq işlərinin görülməsinə yönəltməklə bitmiş hesab etməməlidirlər. Prezident cari ilin ölkədə qeyri-neft sektorunun inkişafında xüsusi il olacağını qeyd etdi. Bu isə o deməkdir ki, yerli icra hakimiyyəti başçıları rəhbərlik etdikləri rayonlarda yerli müəssisələrin qurulmasına, aqrar sektorun inkişafına maksimum dəstək verməyə borcludurlar. Ən boyük həqiqət bundan ibarətdir ki, rayonların əksəriyyətinin yaxın 4-5 il ərzində dotasiyadan qurtulmaq şansları var. Son 10 il ərzində təmir-abadlıq işləri nəticəsində əksər rayonlarımız tam müasirləşdirilib və demək olar ki, görkəmini tam dəyişə bilib. Bu, çox yaxşı bir haldır. İndi isə yetər ki, bu səylər eyni qaydada yerli iqtisadiyyatın durumunun dəyişdirilməsinə istiqamətlənsin. Unutmayaq ki, dünya təcürbəsində heç bir təbii resursları olmayan ərazilərdə belə iqtisadi möcüzələr yaratmaq nümunələri az olmayıb. Yetər ki, buna istək olsun və məsələnin həllinə düzgün yanaşılsın".

Digər iqtisadçı-ekspert Yusif Vəliyev bildirir ki, Prezidentin də qeyd etdiyi kimi, rayonlarda bunun üçün kifayət qədər şərait yaradılıb: "Bununla da insanların paytaxta doğru hərəkə etməsinin qarşını alınar. Bu da əhalinin ölkə üzrə tam bölgüsünü təmin etmiş olacaq. Eyni zamanda işsizliyin qarşısını almış olacaq. Çünki, əsas iş yerlərinin Bakıda yerləşməsi bir çox rayonların boşalmasına səbəb olur. Odur ki, rayonlar özlərini maliyyələşdirməlidir. Bunun üçün də şərait yaradılıb. Onsuz da dövlət tərəfindən hər il müxtəlif rayonlara yardımlar ayrılır. Həmin yardımlardan istifadə edib yeni strukturlar qurmaq olar".