Büdcə dəyişir: neft 30 dollardan götürüləcək
14 Yanvar 2016 15:58 (UTC+04:00)
Neftinin qiymətinin getdikcə ucuzlaşması ilə
əlaqədar dövlət büdcəsinə yenidən baxılacaq. İlkin məlumatlara
görə, Azərbaycanın 2016-ci il büdcəsi cari ilin may-iyun ayında
müzakirəyə çıxarılacaq. Millət
Məclisin deputatı Vahid Əhmədov AzVision.az-a açıqlamasında
bildirib ki, büdcəyə edilən dəyişiklikdə neftin qiyməti 30
dollardan götürülə bilər.
"Büdcədə neftin qiyməti ilə bağı müxtəlif fikirlər
səsləndirilir. Bir çoxları neftin qiymətinin ilin ikinci yarısında
artacağını, digəri isə əksinə daha da ucuzlaşacağını deyir. İndiki
reallığı nəzərə alsaq, hesab edirəm ki, büdcədə neftin qiyməti 1
barel üçün 30 dollar səviyyəsində götürülməlidir. Qiymət dəyişərsə,
büdcəyə yenidən baxmaq olar".
Büdcədə hansı xərclərin azaldılacağına gəlincə,
V.Əhmədov vurğulayıb ki, ölkə başçısının göstərişi ilə sosial
xərclər dəyişməyəcək: "Tikinti və digər sahələrlə bağlı xərclər
müəyyən müddətə dayandırıla bilər. Bu barədə dövlət büdcəsi təqdim
olunanda bilinəcək. Büdcəni müzakirə edəndə Maliyyə Nazirliyi bəyan
etdi ki, neftin qiymətinin dəyişməsi ilə bağlı bir neçə variant
hazırlanıb, onların hər birinə baxılacaq və qərar qəbul
ediləcək".
Qeyd edək ki, ötən il dekabrın 8-də prezident
İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2016-cı il
dövlət büdcəsi təsdiqlənib. 2016-cı il dövlət büdcəsinin gəlirləri
14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən
mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri
766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min
manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində nəzərdə
tutulub.
Dövlət büdcəsində neftin 1 barel üçün qiyməti 50
dollar götürülsə də, "qara qızıl"ın qiyməti getdikcə aşağı düşür.
Hazırda neftin qiyməti 30 dollara yaxındır. Ekspertlər neftin daha
da ucuzlşacağını deyirlər.