Rəsmi Bakı narazılıq etdi
15 Noyabr 2012 12:35 (UTC+04:00)
Xarici İşlər Nazirinin müavini Mahmud
Məmməd-Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin
müvəqqəti işlər vəkili Toralf Piltsi (nümayəndə başçısı ölkədən
kənarda idi) qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, görüşdə, ötən həftə Bakıda
keçirilmiş İnternet İdarəçilik Forumunda iştirak edən Avropa
Komissiyasının vitse-prezidenti Neli Kroesin verdiyi bəyanata
toxunulub.
Nazir müavini tərəfindən qeyd edilib ki, forumda
çıxışında, habelə öz şəxsi internet bloqunda, Kroesin Azərbaycanda
insan hüquqlarının müdafiəsi, söz və media azadlığı ilə bağlı
verdiyi ifadələr reallığı əks etdirmir. Bununla əlaqədar qarşı
tərəfə Azərbaycan hökumətinin ciddi narazılığı bildirilib və bu cür
əsassız çıxışların Azərbaycan ilə Aİ arasında mövcud olan
əməkdaşlıq ruhuna xidmət etmədiyi və əksinə, ikitərəfli
münasibətlərə xələl gətirə biləcəyi qeyd edilib.
Nazir müavini qeyd edib ki, Azərbaycan
demokratikləşdirmə və insan hüquqlarının qorunması istiqamətində
islahatlar aparır və bu sahədə nailiyyətlər əldə edib. İnsan
hüquqları, xüsusilə söz və media azadlığı, Azərbaycan hökumətinin
daimi diqqət mərkəzindədir. Azərbaycanda əhalinin 60 faizindən çoxu
söz azadlığının təmin edilməsi sahəsində mühüm alət olan
internetdən sərbəst istifadə edir. Azərbaycan hökuməti
telekommunikasiyalar texnologiyalarının inkişafına xüsusi diqqət
yetirir. Bununla əlaqədar, ölkəmiz Trans-Avrasiya Super İnformasiya
Magistralı kimi böyük regional bir layihənin
təşəbbüskarıdır.
Kroesi müşayiət edən köməkçilərin kompüterlərinə
guya müdaxilə edilməsi ilə əlaqədar iddiaların da əsassız olduğu
Piltsin diqqətinə çatdırılıb. Belə hallarda, adətən dərhal müvafiq
yerli qurumlara müraciət edildiyi və Kroesin bunu etməməsi isə
təəccüb doğurduğu qarşı tərəfə bildirilib.
Kroesin məhbuslarla görüş keçirmək üçün istədiyi
təcridxanaya buraxılmaması ilə əlaqədar nazir müavini bildirib ki,
beynəlxalq təşkilatlar və xarici ölkələrin nümayəndələri ölkəmizin
mövcud qanunvericiliyinə müvafiq olaraq Azərbaycanın aidiyyəti üzrə
dövlət qurumlarının razılığı ilə həbsdəki insanlarla görüşə
bilərlər. Elə həmin həftə ərzində, Avropa Şurasının İnsan Hüquqları
üzrə Komissarı Nils Muiznieks və ATƏT-in Media Azadlığı üzrə Xüsusi
Nümayəndəsi Dünya Miyatoviçin bir neçə məhbusla görüşlərini misal
kimi gətirmək olar.