SOCAR-ın çıxardığı neftin həcmi açıqlandı

15 Yanvar 2016 11:30 (UTC+04:00)

"2015-ci il ərzində respublikada 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilib". Movqe.az-ın məlumatına görə, bunu sənaye və energetika naziri Natiq Əliyev "Respublika" qəzetindəki məqaləsində açıqlayıb. Nazir bildirib ki, hasil olunan neftin 31 milyon tonu (867,0 min ton proqnozdan çox) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun, 2,3 milyon tonu "Şahdəniz"in (kondensat), 8,2 milyon tonu isə SOCAR-ın payına düşüb: "Ötən il respublikadan 36,9 milyon tonu Konsorsiuma, 1,2 milyon tonu SOCAR-a məxsus 35,1 milyon ton neft ixrac edilib, ulu öndər Heydər Əliyevin müdrikliyi və böyük siyasi iradəsi sayəsində inşa edilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftinin nəqlində yenə də müstəsna rol oynayıb. Gündəlik ötürmə gücü 1,2 milyon barel olan boru kəməri vasitəsilə hazırda AÇG nefti və "Şahdəniz" kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır. Azərbaycanda ümumi qaz hasilatı isə 2015-ci ildə 29,1 milyard kubmetr həcmində qərarlaşıb. Bunun 22,2 mlrd.kubmetri AÇG (12,3 mlrd.kubmetr) və "Şahdəniz" ( 9,9 mlrd.kubmetr) yataqlarının payına düşür. Beləliklə, "Şahdəniz" yatağından il üzrə nəzərdə tutulandan 14,2 milyon kubmetr artıq təbii qaz çıxarılıb. Hazırda Azərbaycanda gündəlik, təqribən, 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" və "Ümid" yataqlarından əldə olunur. Gələn il üçün proqnozlaşdırılan qaz hasilatı isə SOCAR üzrə 6,3, "Şahdəniz" üzrə 10,1, AÇG üzrə 12,9 mlrd.kubmetr civarında müəyyənləşdirilib".