Siçanlara qarşı təmizlik işləri aparılır
15 Noyabr 2012 16:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın ən zəngin
bioloji aləminə sahib olan Qalapaqos adaları siçanlardan qurtulmaq
üçün böyük bir təmizliyə hazırlaşır. Tonlarla zəhərin istifadə
edilməsi ilə aparılan təmizlikdə 180 milyon siçan öldürüləcək.
Cənubi Amerika ölkəsi Ekvadordan 965 km uzaqda yerləşən Qalapaqos
adaları, sayı yüz milyonu keçən siçanlarla mübarizə aparır. Ekvador
hökuməti, adadakı eqzotik heyvanlara aid yumurtaları və balaları
yeyən siçanları məhv etmək üçün 22 ton xüsusi hazırlanmış zəhər
istifadə edəcək. Çarles Darvinin təkamül nəzəriyyəsi haqqında
aparılan işlərdə əhəmiyyətli yer tutan 19 adanın təmizlənməsi üçün
əsas məqsəd kənardan gələn siçanların kökünü kəsməkdir. İlk olaraq
1684-ci ildə piratların ayaq basdığı ada, 17-ci əsrdən etibarən
balina ovçularının və quldurların gəldiyi yer olub. Gəmilərin adaya
gətirdikləri siçanlar, bu gün adada yaşayan nəhəng tısbağalara,
kərtənkələlərə, şahinlərə və iquanalara ziyan verməyə davam edir.
Bundan əlavə, siçanlar adaya məxsus heyvanların qidalandığı bitki
örtüyünü də məhv edirlər.