Qızdırıcı elektrik cihazları yenə böyük təhlükəyə çevrilir

17 Noyabr 2012 07:06 (UTC+04:00)

Havaların soyuması ilə istilik cihazlarına olan tələbatın nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Bu sıraya elektriklə işləyən avadanlıqlar da aiddir. Lakin bu gün bazarlarda keyfiyyəti aşağı olan, həmçinin kustar üsulla hazırlanan qızdırıcı elektrik avadanlıqlarına da yetərincə rast gəlmək mümkündür. Belə avadınlıqlar isə kifayət qədər təhlükəli olmaqla yanaşı, həm də hər zaman ciddi yanğın təhdidi yaradırlar.

Həmçinin, belə qəbildən olan cihazlar daha çox elektrik enerjisi sərf etdiklərindən onlar istehlakçıya maliyyə baxımından yetərincə zərər vururlar.

Ümumiyyətlə, ekspertlər qeyd edir ki, mənzillərin elektriklə isidilməsi, təbii qaz və ya su ilə isidilmədən bir neçə dəfə baha başa gəlir. Məsələn, yeni tikilmiş binada təxminən 75-80 kvadratmetr sahəsi olan 2 otaqlı mənzili normal qızdırmaq üçün 3 ədəd qənaətcil radiator tipli elektrik qızdırıcısı lazımdır və bu, sakinlərə ay ərzində təxminən 140-150 manata başa gəlir. Eyni tipli mənzili qənaətcil kombi tipli sistemlə qızdırmaq üçün qaza və kombinin istifadə etdiyi elektrikə birlikdə 50 manat xərcləmək yetərlidir. Binanın qazanxanasından verilən istiliyə görə isə belə mənzil sahəsi üçün sakinlərdən təxminən 20 manat alırlar. Adətən binalarda mənzilə verilən isti suya sayğac qoyulur və mənzil sahibi aldığı enerji qarşılığında pul ödəyir. İstiliyə görə ən aşağı pul isə "Azəristilik" ASC-nin göstərdiyi xidmət qarşılığında ödənir. ASC xidmətinin qiymətini mənzilin sahəsinə uyğun şəkildə hesablayır və hər kvadratmetr qarşılığında 15 qəpik istəyir, yəni 80 kvadratmetrlik mənzilin qızdırılması üçün qış mövsümündə ayda 12 manat ödəmək yetərlidir.

Beləliklə, Bakı və Abşeronda yeni mənzilin sahibi qış vaxtı evi elektriklə isitmək üçün mərkəzləşdirilmiş istilik şəbəkəsinin xidmətindən istifadə edən mənzillərə nisbətən 10-12 dəfə çox vəsait xərcləməyə məcburdur. Qeyd olunduğu kimi qızdırıcı vasitələrdən çox istifadə edilməsi ödənilən işıq pulunun da çoxalmasına öz təsirini göstərir. Amma ekspertlər bildirir ki, bu pula qənaət etmək mümkündür. Bu haqda danışmazdan öncə bildirək ki, Azərbaycanda hər il orta hesabla 18 milyard kilovatsaatdan artıq elektirik enerjisi istehsal edilir. İstehlakçılara verilən elektirik enerjisinin 1 kilovatı 6 qərikdən hesablanır. İstifadə edilən elektirik enerjisinə görə hər ay müxtəlif məbləğdə pul ödəyən vətəndaşlar enerjiyə və ona xərclənən pula qənaət edə bilərlər. Məsələn, çoxları elə fikirləşir ki, televizoru və ya kondisioneri pult vasitəsilə söndürəndə, o, artıq elektirik enerjisi sərf etmir. Amma araşdırmalar göstərib ki, kondisioner sistemdə qaldıqda istifadə olunmasa belə ay ərzində 72, televizor 54, kompüter isə 84 qəpiklik enerji sərf edir. Bu səbəbdən ehtiyac olmadıqda onları sistemdə saxlamaq məsləhət görülmür. Mütəxəssislər deyirlər ki, müxtəlif vasitələrdən istifadə etməklə enerjiyə və pula qənaət etmək mümkündür. Məsələn, istilik - nasos adlı avadanlıqla evi həm isitmək, həm də soyutmaq olar. Kondisioner əvəzinə bu avadanlıqdan istifadə etməklə enerjiyə 2-3 dəfə qənaət etmək mümkündür.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovun sözlərinə görə, binaların istilik izolyasiyası müasir standartlara cavab vermədiyindən sakinlər elektirik ererjisindən daha çox istifadə edirlər. Halbuki, təkcə tavanın izolyasiyasını təmin etməklə 4-5 mərtəbəli binanın istidilməsinə sərf edilən enerjiyə 40-50 faiz qənaət etmək olar. Cəmil Məlikov "Lider"kanalına açıqlamasında bildirir ki, binanın alternativ enerji mənbələri hesabına istiliyinin təmin edilməsi binanın layihəsi hazırlanan zaman nəzərə alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə isə Bakı şəhərində tikilən binalarda bu amil demək olar ki, nəzərə alınmayıb. Səbəb kimi layihəçilərin bu işi bilməməsi göstərilir.

Lakin istənilən halda indiki şəraitdə qızdırıcı elektrik avadanlıqlarından istifadə edərkən ehtyiatlı olmaq lazımdır. Çünki araşdırmalar bir daha təsdiq edir ki, yanğın hadisələrinin böyük əksəriyyəti elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verir. Qısaqapanma, artıqyüklənmə, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və digər faktorlar yanğınların baş verməsinə şərait yaradır. Özü də bu hallar daha çox soyuq aylarda, qış fəslində özünü göstərir.