Küçələr yuyulurmu?

20 Noyabr 2012 16:08 (UTC+04:00)

Bakı şəhərinin küçələrinin demək olar ki, hər səhər yuyulması orta və yaşlı nəslin hələ də yaxşı yadındadır. Əsasən də yay fəslində şəhərin mərkəzi küçələri su maşınları ilə yuyulurdu. Bəs bu gün bu proses həyata keçirilirmi? Küçələrin yuyulmasına nə dərəcədə ehtiyac var?"Azəryolservis" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məsələ ilə əlaqədar Movqe.Az saytına aşağıdakıları bildirib: "Küçələrin yuyulur. Bu proses  Bakı Şəhər İcra Hakimiyyyəti və "Azəryolservis" Səhmdar Cəmiyyəti tərəfindən həyat keçirilir".

Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Natiq Ələkbərov məsələ ilə əlaqədar Mövqe.Az aşağıdakıları deyib: "Mən ilk öncə küçələrin süpürülməsi məsələsinə toxunmaq istərdim. Bu gün küçələr süpürülür. Zibil qutularının, şəhərin çirklənməsinin qarşısının alınması ilə bağlı müəyyən avadanlıqların olması zəruridir. Zibil qutuları qoyulmalıdır ki, kimsə nəyisə atanda zibil qutusuna atsın. Şəhər çirklənməsin. Şəhərin mərkəzdən kənar əksər əraziləri demək olar ki, hər gün zibilin içindədir. İlk növbədə şəhərin süpürülməsi məsələsi ortalığa gəlir. Bundan sonra isə küçələrin yuyulması məsələsi gəlir. Küçələr yuyulsa, təbii ki, daha yaxşı olar. Toz olmaz. Bu gün şəhərin əksər yerlərində tikinti-təmir işləri həyata keçirilir. Bunun da nəticəsində inşaat gedən yerlərdəki toz-torpaq küçələrə tökülür. Buna görə də yolların yuyulması həyata keçirilməlidir. Lakin bunu çatdırmaq da çox çətin məsələdir. İstənilən halda iəs küçələrin yuyulmasına ehtiyac var. Bu proses vaxtlı-vaxtında həyata keçirilərsə, çox yaxşı olar. Şəhər toz-torpaqdan xilas olar."