MTN mütəşəkkil dəstəni ifşa edib
21 Noyabr 2012 17:27 (UTC+04:00)
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların
etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus
külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul
olan mütəşəkkil dəstə ifşa olunub.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən
Movqe.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının
vətəndaşları - Cəfərov İlham Nuhu oğlu və Məmmədov Əhliman
Məhəmməd oğlu Azərbaycan Respublikasının digər vətəndaşları -
Bayramov Eyvaz İbrahim oğlu, Əsədov Natiq Məhər oğlu, Cabbarov
Talıb Yusif oğlu, Məmmədov Samir Yusif oğlundan və qeyrilərindən
ibarət mütəşəkkil dəstə yaradaraq ona rəhbərlik etmiş və dəstə
üzvləri arasında vəzifə bölgüsü aparıblar. Müəyyən edilib ki,
mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin
alınması, həmçinin ayrı-ayrı vəzifələrə təyin olunmaları adı ilə
müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan
sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda
əmlaklarını ələ keçirmiş, həmin şəxslərə külli miqdarda ziyan
vurublar.
Məlum olub ki, İlham Cəfərov və Əhliman Məmmədov birlikdə cinayət
əməllərini həyata keçirmək məqsədilə 2011-ci ilin oktyabr ayında
kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli
güzəştli kreditlər vermək adı ilə "Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında İqtisadi İnkişaf Birliyi" adlı saxta təşkilat
yaradıblar.
Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü
"Hacıyev A.Ş" adı ilə "Nazirlər Kabinetinin İcra Aparatının
rəhbəri" kimi qələmə vermiş və mütəşəkkil dəstənin digər rəhbəri
Əhliman Məmmədov vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim
olunub, bu sahədə müəyyən təbliğat işləri də aparıbdır. Bu yolla
İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər
verərək, onların etibarlarından sui-istifadə etmə və aldatma yolu
ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında
bölüblər.
Bir müddətdən sonra İlham Cəfərov və Əhliman Məmmədov əmlaklarını
aldatma yolu ilə mənimsədikləri vətəndaşların narazılıq etdiklərini
görüb onları inandırmaq məqsədilə əlavə daha bir saxta qurum –
"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə
Mərkəzi Fondu"nu yaradıblar. Bu dəfə dəstə üzvləri, o cümlədən
İlham Cəfərov özünü "Abbasov Nəriman Zülfüqar oğlu" adı ilə həmin
saxta fondun prezidenti, Əhliman Məmmədov özünü vitse-prezidenti,
Eyvaz Bayramov isə özünü eksperti kimi təqdim ediblər.
Əhliman Məmmədov və İlham Cəfərov qeyri-qanuni təsisatlarının
fəaliyyətini genişləndirmək məqsədilə həmin uydurma "Kreditləşmə
Mərkəzi Fondu"nun Bakı şəhəri və respublikanın 9 regionu üzrə saxta
şöbələrini yaradıblar. Sonra Əhliman Məmmədov və İlham Cəfərov
2012-ci ilin mart ayında Natiq Əsədovu, Talıb Cabbarovu və Samir
Məmmədovu saxta "Kreditləşmə Mərkəzi Fondu"nun fəaliyyəti barədə
təlimatlandırmış və guya, Talıb Cabbarovu həmin qanunsuz təsisatın
mütəxəssisi, Natiq Əsədovu Beyləqan regional şöbəsinin rəisi, Samir
Məmmədovu isə sürücü vəzifələrinə təyin ediblər.
2012-ci ilin mart ayından sentyabr ayının sonunadək olan müddət
ərzində mütəşəkkil dəstənin üzvləri dövlət və qeyri-dövlət,
beynəlxalq kredit təşkilatlarının rəhbərlərinin iştirakı ilə
toplantıların keçirilməsi barədə, eləcə də yaratdıqları saxta
qurumların adından sərəncamlar, təlimatlar, qərarlar, xüsusi əmrlər
və ştat cədvəlləri hazırlamış, onları Bakı şəhərində fəaliyyət
göstərən çap və tərcümə mərkəzlərində sənəd formasında nəşr
etdiriblər. Dəstə üzvləri həmin saxta sənədlərin üzərlərinə
elektron möhür və ştamplar vuraraq, onları imzalayıb döş nişanları
ilə bilikdə təqdim etməklə vətəndaşları mövcud olmayan vəzifələrə,
o cümlədən Əliyev İbrahim Hümbət oğlunu və Piriyev Natiq Allahverdi
oğlunu ayrı-ayrı vaxtlarda qeyri-qanuni "Kreditləşmə Mərkəzi
Fondu"nun Bərdə regional şöbəsinin rəisi, Abdulhəmidov Murad Əvəz
oğlunu Beyləqan regional şöbəsinin rəisi, Bəşirov Babaverdi Ovçu
oğlunu Xaçmaz regional şöbəsinin rəisi, Hüseynov Ədalət Qiyas
oğlunu isə Şəki regional şöbəsinin rəisi vəzifələrinə təyin etmiş
və onların külli miqdarda əmlaklarını təkrarən dələduzluq yolu ilə
ələ keçirib aralarında bölüblər.
Bundan sonra, İlham Cəfərov və Əhliman Məmmədovun tapşırığı ilə
dəstə üzvləri Talıb Cabbarov, Natiq Əsədov və Samir Məmmədov Şəki,
Beyləqan, Bərdə, Şamaxı, Quba və Xaçmaz rayonunun ərazisində malik
olduqları torpaq sahələrində kəndli və fermer təsərrüfatını inkişaf
etdirmək istəyən Cəlilabad rayon sakinləri Mehtiyev İsrail Əjdər
oğlu və Yəhyayev Ramiz Musa oğlunun, Bərdə rayon sakini Fətəliyev
Murad Cəmil oğlunun, Beyləqan rayon sakini Əmraslanov Əvəz Fərman
oğlunun, İmişli rayon sakinləri Zaidov Rahim Yadulla oğlu və
Tağıyev Hasil Feruz oğlunun, eləcə də Ağsu rayon sakini Hacıyev
Alov Ağahəsən oğlunun etibarlarından sui-istifadə etmə və aldatma
yolu ilə onlara, guya uzun müddətli güzəştli kredit verəcəklərini
yalandan vəd edərək, təkrarən dələduzluq etməklə onların hər
birinin müəyyən məbləğdə pullarını ələ keçirib mənimsəyiblər.
İlham Cəfərov və Əhliman Məmmədovun tapşırığı ilə dəstə üzvləri
Talıb Cabbarov, Natiq Əsədov və Samir Məmmədov saxta "Kreditləşmə
Mərkəzi Fondu"nun regional şöbələrinə bir sıra şəxsləri, o cümlədən
Quba rayon sakinləri - Bayramov Baram Üzdən oğlu, Hacıyev
Hacıbala Mirzəşah oğlu, İsmayılov Ramiz Tağı oğlu və Ağasiyev
Firudin Ənvər oğlunu, Beyləqan rayon sakini Məmmədov Vüqar Zöhrab
oğlunu, İmişli rayon sakini Məmişov Muradəli Zülfəli oğlunu,
Cəlilabad rayon sakinləri Mehtiyev İsrail Əjdər oğlunu və Yəhyayev
Ramiz Musa oğlunu, Bərdə rayon sakini Fətəliyev Murad Cəmil oğlunu
işə götürmə adı ilə aldadıb, onların etibarlarından sui-istifadə
edərək hər birinin müəyyən məbləğlərdə pul vəsaitlərini ələ keçirib
dəstə üzvləri arasında bölüblər.
Daha sonra müəyyən edilib ki, İlham Cəfərov və Əhliman Məmmədov
cinayətkar niyyətlərini davam etdirmək məqsədi ilə dəstənin digər
üzvü Eyvaz Bayramovu qeyri-qanuni "Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu"nun eksperti kimi
müxtəlif vətəndaşlara təqdim ediblər. Eyvaz Bayramov Şəki və Bərdə
rayonlarına gedərək heç bir səlahiyyəti olmadan güzəştli kredit
almağa çalışan şəxslərə onların girov qoymaq istədikləri torpaq
sahələrinə rəy vermiş və yalandan kredit ayrılacağını vəd edərək,
həmin sahələrə baxmış və fotoşəkillərini çəkib.
Beləliklə, mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində
vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə
onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurublar.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi
tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1,
178.2.2 və 178.3.2-ci (dəlduzluq, yəni mütəşəkkil dəstə tərəfindən
təkrar törədilməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu
ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə)
maddələri ilə cinayət işi başlanıb. İlham Cəfərov, Əhliman
Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq
Əsədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması üçün
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov,
Talıb Cabbarov və Natiq Əsədovun qanunsuz hərəkətlərinin yuxarıda
göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların
hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli
Təhlükəsizlik Nazirliyinin ərazi orqanlarına müraciət etmələri
xahiş olunur.