“Azərbaycan-Rusiya münasibətlərinə dair bir çox məsələlər Əliyev-Putin görüşü baş tutanda həllini tapa bilər”
21 Noyabr 2012 17:46 (UTC+04:00)
"Qaz məsələsinə Rusiya-Azərbaycan münasibətlərinin ümumi
kontekstindən kənarda baxmaq olmaz, ikitərəfli dialoq energetika
problemi ilə məhdudlaşmır". Bu açıqlamanı APA-ya Rusiyanın tanınmış
politoloqu Aleksey Vlasov verib. TANAP layihəsinin Rusiyanın
energetika layihələri üçün rəqabətə çevrilə biləcəyi barədə sualı
cavablandıran Vlasov qeyd edib ki, hazırda iki ölkə arasında
münasibətlərdə pauza dövrü başlayıb, lakin bunu qarşılıqlı
münasibətlərin soyuması kimi dəyərləndirmək olmaz: "Bir çox
məsələlər Vladimir Putinlə İlham Əliyevin görüşü baş tutanda
həllini tapa bilər. Bu pauza müvəqqəti xarakter daşıyır, düşünmürəm
ki, Cənubi Qafqazın geosiyasətinə dair əsas məsələlərdə Moskva və
Bakının mövqelərinin fərqlənməsi prosesi gedir".
Aleksey Vlasov bildirib ki, bu il iki ölkə arasında artıq bir neçə
rəsmi səfər gerçəkləşdirilib: "Üçüncü Rusiya-Azərbaycan Regional
Forumunu, Ramzan Kadırovun Azərbaycana səfərini xatırlatmaq
istəyirəm. Ölkə rəhbərlərinin görüşünə sənədlər paketi
çıxarılmalıdır, lakin hər iki tərəf bu sənədlərin əsasını təşkil
edəcək həlledici məsələlərlə bağlı mövqelərini qətiləşdirməyiblər.
Sənədlər paketi hazır olan kimi, bu görüş baş tutacaq".
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh
edən politoloq Qarabağ məsələsində irəliləyişin olmadığını deyib:
"Bu vəziyyətdə qeyri-hökumət sektoru səviyyəsində dialoqu
aktivləşdirmək vacibdir. Qarabağ münaqişəsini indiki kimi aralıq
vəziyyətdə qoymaq olmaz, məhz ona görə ki, istənilən xarici təsir
münaqişənin dondurulmuş mərhələdən aktiv mərhələyə keçməsinə səbəb
ola bilər. Hələlik bu məsələdə Brüssel daha aktiv fəaliyyət
göstərir, Rusiya əsas diqqəti Avrasiya layihəsinə və Mərkəzi Asiya
regionunda mövqelərini möhkəmlətməyə yönəldib. Kazan görüşündəki
uğursuzluq Vladimir Putini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
mövqe açıqlamaqda maksimum dərəcədə ehtiyatlı olmağa sövq
edir".
Vlasov Qəbələ RLS-lə bağlı danışıqların davam edəcəyini deyib:
"baxmayaraq ki, bununla bağlı kifayət qədər ziddiyyətli məlumatlar,
şayiələr dolaşır, danışıqlar davam edəcək. Qəbələ RLS – bu sahədə
Rusiya-Azərbaycan əməkdaşlığının simvoludur".