Yaşar Nuri dəfn olundu -FOTOLAR
22 Noyabr 2012 17:34 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, xalq artisti Yaşar
Nuri ilə vida mərasimi Akademik Milli Dram Tetrında gerçəkləşib.
Onunla vidalaşmağa gələnlər arasında tanınmışlar olub.
Vida mərasimi Yaşar Nurinin özü haqqında danışdıqları ilə başlayıb.
Xalq artisti ilə bir yerdə çalışanlar jurnalistlərə onun haqqında
xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyib.
Mərhum aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin həyata
çox bağlı insan olduğunu bildirib: "Həyata o qədər məhəbbəti var
idi ki... Onu bizim məhəbbətimiz yaşadırdı. Bizi bircə dəfə də
olsun ağlayan görməmişdi. Onunla həmişə şən idik. O rəhmətə gedəndə
yanındaydım. Gecə vəziyyəti yaxşı idi. 6-nın yrısında keçindi.
Optimist idi. Ölümü barədə fikirləşməzdi".
Millət
vəkili Qənirə Paşayeva aktyorun vəfatının hamı üçün ağır itki
olduğunu deyib: "O hər zaman görəcəyi işlərdən danışardı. Ölümə
təslim olmurdu. Sağalıb yeni-yeni rollar oynamaq istəyirdi. Onun
bütün rolları yaddaqalan idi. Bir dənə də olsun mənasız rolu yox
idi. Bircə təskinliyi onda tapırıq ki, nə qədər ki xalqımız var onu
yaşadacağıq".
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Yaşar Nurinin ölümünə inanmağın çətin olduğunu qeyd edib:
"O bir dəfə də olsun səhnədən ayrılmazdı. Yaşar onu sevənlərin
qəlbində həmişə yaşayacaq".
Nazir ölkə başçısının da Azərbaycan xalqına və mərhumun ailəsinə
baş sağılığını çatdırıb.
Xalq artisti Firəngiz Mütəllimova 34 il mərhum aktyorla
çiyin-çiyinə çalışdığını xatırladıb: "Bu gün mənə o qədər çətindir
ki... Burda onunla neçə səhnələr paylaşmışıq. Bu gün isə onunla son
səhnədə - vida səhnəsindəyəm... Onun qarşısında baş əyirəm. O heç
vaxt olmayacaq daha. Bu dünyaya tək gəldi və tək getdi".
Mərhumun qızı Ülviyyə Nuriyeva sənətkarın hər zaman xatirələrdə
yaşayacağını bildirib: "Atamı sevən bütün insanlara təşəkkürümü
bildirirəm".
Xalq Artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Yaşar Nuri
yüzlərlə obrazlar canlandırdığı Milli Dram Teatrın səhnəsindən
alqışlarla son mənzilə yola salınıb. Mərhum 2-ci Fəxri Xiyabanda
dəfn olunub.




