Nağdsız ödənişlərin inkişafdan qalmasının maraqlı səbəbləri üzə çıxır

28 Noyabr 2012 12:50 (UTC+04:00)

Azərbaycanda nağdsız ödəniş sisteminin inkişafı istiqamətində atılan addımlara əsasən, ekspertlər hesab edirlər ki, gələn il ərzində bu səpkili ödəmələrin miqdarı 2-3 dəfəyə qədər artacaq. Lakin proqnozlaşdırılan bu artım şəraitində belə nağdsız ödənişlər ümumi ödənişin heç 10 faizinə də çatmayacaq.

Halbuki, Qərb ölkələrində bu göstərici olduqca yüksəkdir. Məsələn, Skandinaviya ölkələrində nağdsız ödənişlər 75-80 faizə çatır. Azərbaycanda isə sözügedən proses ləng gedir. Əhalinin də nədənsə nağdsız ödənişlərə marağı elə də ciddi deyil. Görəsən, nədən ölkəmizdə nağdsız ödəmə sistemi ciddi şəkildə inkişaf etmir?

İqtisadçı alim Nazim Məmmədovun fikrincə, nağdsız ödənişlər sistemində ciddi irəliləyişlərə nail olmağın yolu daha çox bank sektorunu prosesə həvəsləndirməsindən keçir: "Hökumət heç bir halda pos-terminallar quraşdırmaqla nağdsız ödənişlərin miqdarını artıra bilməz. Çünki bunun üçün ilk növbədə prosesdə banklar maraqlı olmalıdır. İndiki durumda isə kommersiya bankları nağdsız ödənişə əhəmiyyət verməkdə heç də maraqlı görünmür. Azərbaycan banklarının əksəriyyəti korporativ idarəetmə mədəniyyətindən çox uzaqdırlar. Təbii ki, pos-terminalların olması çox vacibdir. Dünya bu sistemlə idarə olunur. Vergi və iqtisadiyyatın ümumi şəffaflığı bu sistem vasitəsilə həyata keçirilir.

Bankların, fiziki və hüquqi şəxslərin nağdsız ödənişə marağı olmalıdır. Vergidən yayınma hallarının qarşısını almağın ən başlıca metodu isə təbii ki, nağdsız ödənişlərin həcminin artmasından keçir. Belə bir vaxtda Mərkəzi Bank 200 və 500 manatlıq bankotların buraxılacağını elan edir. Bu isə həmin nağd ödənişin stimullaşdırılması deməkdir. Ona görə atılan bu addım nağdsız ödənişlərin xeyrinə olmadığından səhv addımdır".

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə qeyd etdi ki, nağdsız ödənişin genişləndirilməsi üçün sahibkarlar prosesə stimullaşdırılmalıdırlar: "Azərbaycanda həqiqətən də nağdsız ödəmə sahəsində böyük problemlər var. Hökumət tərəfindən nağdsız ödənişə keçid üçün müəyyən təşəbbüslər mövcuddur. Ən azı infrastrukturun yaradılması istiqamətində təşəbbüslər olub, pos-terminalların sayı tədricən artır. Son məlumata görə 33 minə qədər pos-terminal var. Bankomatların sayında da artım müşahidə edilir. Mağaza və iri supermarketlərdə nağdsız onların quraşdırılması məcburi xarakter daşıyır. Amma məsələ ondan ibarətdir ki, bununla iş bitmir. Bir ildir ki, bu məsələ gündəmdə olsa da, köklü şəkildə artımların olduğunu müşahidə etmirik. İnsanların yenə də az qismi nağdsız ödənişlərdən istifadə edir. Mağazalardakı pos-terminalların bəziləri hətta işləmir. Nəticədə də insanlar ondan yararlana bilmir. Bu məsələnin həlli üçün hökumətin üzərinə böyük məsuliyyət düşür. Fikrimcə, nağdsız ödənişə geniş önəm verilməsi üçün sahibkarların stimullaşdırılması yolu tutulmalıdır. Burada söhbət sahibkarlara vergi güzəştlərin tətbiqindən gedir. Hazırda sadələşdirilmiş vergi 4 faizdir. Banklar tərəfindən pos-terminallara xidmət isə 0,7 faizdir. Bu isə o deməkdir ki, sahibkar pos-terminal vasitəsilə alqı-satqı həyata keçirərsə, belədə onun vergi yükü 4 deyil, 5 faizə qədər artır. Belə vəziyyət isə təbii ki, heç bir sahibkarı qane etmir. İnkişaf etmiş ölkələrdə nağd ödənişlə nağdsiz ödənişi fərqləndirmək üçün ikincilərin vergi yükü aşağı salınır. Ona görə də yaxşı olardı ki, sadələşdirilmiş vergi yükü 4 faizdən 2 faizə qədər endirilsin". Həmsöhbətimizə görə, sözügedən məsələdə geri qalmanın bir səbəbi də maarifləndirmə işlərinin zəif olmasıdır: "Ona görə də maarifləndirmə işləri gücləndirilməlidir. Hazırda əhalinin bu sahədə məlumatı azdır. Ölkədə 4 milyondan artıq plastik kart olsa da, onun 90 faizi debet kartdır. Yəni 90 faiz kartlar yalnız maaş və pensiyanı almaq üçün nəzərdə tutulan kartlardır. Cəmi 10 faiz kart isə kredit kartlardır. Bu səbəbdən də düşünürəm ki, kredit kartlarının sayı artırılmalıdır".

Bu sahədə əsaslı dönüşə nail olmaq üçün Samir Əliyev müəyyən infrastrukturun yaradılmasını da vacib bildi: "Ölkədə pos-terminallar qurulsa da onun 90 faizi paytaxtın payına düşür. Regionlarda isə proses azdan-çoxdan rayon mərkəzlərində öz həllini tapıb. Belədə kənddə yaşayan əhali bir neçə kilometr məsafə qət etməklə rayon və ya şəhər mərkəzində hansısa bir nağdsız əməliyyat apara bilməyəcək. Ona görə də infrastrukturun yaradılması vacibdir. İşıq, qaz, su kimi kommunal xərclərin artıq elektron ödəmə sisteminə keçidilə vəziyyət bir qədər normallaşıb. Amma bu prosesin digər sahələrə də keçməsi əhəmiyyətlidir. Lakin nəyə görə yalnız Bakı elektrik Şəbəkəyə borclar internetdən ödənilməlidir? Digər rayonlarda bu məsələ nədən öz həllini tapmayıb?"