Postsovet məkanında öz nüfuz və təsir dairəsini saxlamaq üçün Rusiyanın indiki rəhbərliyinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Avrasiya İqtisadi İttifaqı ilə bağlıdır. Ekpertlər isə sözügedən ittifaqın ideya müəllifi olan Rusiya prezidenti Vladimir Putinin daha uzaq hədəflərə hesablanmış məqsədlər güddüyünü bildirirlər.
Belə ki, Rusiyanın timsalında keçmiş SSRİ-nin qüdrətini bərpa etmək planlarını reallaşdırmağa cəhd edən Putin bu işi təkbaşına, postsovetməkanı ölkələrinin iştirakı olmadan edə bilməyəcəyini yaxşı anlayır. Bu səbəbdən hələ 2010-cu ildə Putin Avrasiya İqtisadi İttifaqı ideyasını irəli sürüb. Müşahidəçilərin fikrincə, Putinin bu ideyası keçmiş SSRİ-nin yeni formada bərpasına cəhddən başqa bir şey deyil. Azərbaycan isə hələ ötən il Avrasiya İqtisadi İttifaqı nəzdindəki Vahid Gömrük İttifaqına daxil olmaqdan rəsmən imtina edib.
Müstəqil siyasət yürütməkdə israrlı olan Azərbaycan tərəfi bəzi MDB dövlətləri kimi özünə "böyük qardaş" axtarmır. Moskvanın isə Azərbaycanı Avrasiya İqtisadi İttifaqına daxil etmək cəhdləri uğursuzluqlara məhkum olub. Buna rəğmən Kreml müxtəlif vasitələrlə Azərbaycana təsir cəhdlərini davam etdirməyə səy göstərir. Məsələn, Kremlin bədnam niyyətinin əsas göstəricilərindən biri kimi Rusiyada yaşayan azərbaycanlı milyarderlərin yeni yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) məhz bu qəbildən dəyərləndirilir. Proseslərin gedişi göstərir ki, yeni qurum Azərbaycanın xeyir-duası olmadan yaradılıb və onun ölkəmizin maraqlarına xidmət edəcəyi böyük sual altındadır. Həmişəki kimi, Kreml separatçılıq kartından yararlanmağa xüsusi önəm verir. Bu xüsusda, erməni separatizmi ilə yanaşı, "Sadval" kartı da yenidən işə salınır. Məlumatlara görə, Rusiya xüsusi xidmət orqanlarının dəstəyilə Dağıstanda ləzgi ictimai təşkilatlarının nümayəndələri bununla əlaqədar müzakirələr aparıb və ötən əsrin 90-cı illərində fəaliyyət göstərmiş "Sadval"ın yenidən dirçəldilməsinə dair qərar qəbul edib. Belə iddialar da səsləndirilib ki, "Sadval" daim ləzgilərin birləşdirilməsi uğrunda çalışıb və bu səbəbdən onun fəaliyyətinin bərpası məqsədəuyğundur. Lakin bütün bunlarla Azərbaycaan təzyiqin mümkünsüz olduğuun hər keçən gün Kreml daha yaxşı anlayır. Əvvəlki kimi bu cəhdlər uğursuzluğa düçar olmaqdadır.
Bu mənada Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına dair Putinin istəyi elə istək olaraq da qalır. Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin isə belə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmayana qədər Azərbaycan çətin ki, Avrasiya İqtisadi İttifaqına daxil olacaq: "Siyasətçilərimizlə vəziyyəti tez-tez müzakirə edirəm. Deyə bilərəm ki, vəziyyət heç də birmənalı deyil. Biz hələ ki, bu İttifaqa daxil olmağı planlaşdırmırıq". Onun sözlərinə görə, Azərbaycanın mövqeyi yalnız iqtisadi deyil, həm də siyasi düşüncələrdən irəli gəlir: "Əlbəttə, istərdik ki, Rusiya ilə uzun illər boyu mehribanlıq şəraitində inkişaf edən münasibətlər daha da möhkəmlənsin, dərinləşsin. Lakin, hesab edirik ki, Qarabağ məsələsi həll edilməyənə qədər heç bir ittifaqa daxil olmaq üçün tələsmək lazım deyil". Deputat əmindir ki, Avrasiya İttifaqı daha çox siyasi təşkilat olacaq, nəinki iqtisadi. "Əgər biz İttifaqa üzv olsaq, o zaman siyasətimizi bu təşkilatın maraqlarından irəli gələrək yürütməli olacağıq. Azərbaycan hələlik kənardan İttifaqın fəaliyyətini müşahidə edəcək. Ümumilikdə, bizi üzv olmağa dəvət edən çox sayda struktur var, lakin biz hələ ki, onlara qoşulmağa tələsmirik".
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı ilə bağlı bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko olduqca maraqlı açıqlama vermişdi. Lukaşenkonun fikrincə Rusiya, Belarus və Qazaxıstan 2015-ci ildə "yeni inteqrasiya formasını tətbiq edəcəklər". Bu mənada da Avrasiya İqtisadi İttifaqının vahid dövlətə çevrilə biləcəyini Lukaşenko istisna etməmişdi. Putin isə əvvəlki kimi Avrasiya İqtisadi İttifaqının yaradılmasını vacib saydığını bəyan edir: "Keçmiş SSRİ məkanındakı vahid iqtisadi birlik əməkdaşlıq etməkdə böyük kömək edə bilər. Biz artqıq Belarus və Qazaxıstanla birgə gömrük ittifaqı və vahid iqtisadi məkan yaratmışıq. Bu iqtisadi birliyin üstünlüynü tərəfdaşlarımıza izah etmək üçün bizə dialoq çox vacibdir. İqtisadi birlik Ümummdünya Ticarət Təşkilatının prinsipləri əsasında yaradılacaq".