Ermənistan girov götürdüyü Qazax sakinini Azərbaycana qaytarıb
30 Noyabr 2012 16:52 (UTC+04:00)
Bu il noyabrın 12-də Ermənistan hərbçiləri tərəfindən girov
götürülən Qazax rayonu Alpout kənd sakini Telman Alıyev Azərbaycana
qaytarılıb.
Bu barədə kütləvi informasiya vasitələrinə Qazax Rayon İcra
Hakimiyyəti başçısının Bala Cəfərli kəndi üzrə icra nümayəndəsi
Barat Vəliyev bildirib.
O deyib ki, girovun qaytarılması prosesi Beynəlxalq Qızıl Xaç
Komitəsinin (BQXK) vasitəçiliyi ilə Ermənistan-Azərbaycan
sərhədinin Ermənistan tərəfdən İcevan rayonunun Kayan qəsəbəsi ilə
Qazaxın Bala Cəfərli kəndi arasında yerləşən təmas xəttində həyata
keçirilib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qazax rayon sakini 41
yaşlı Telman Cavanşir oğlu Alıyevin noyabrın 12-də səhər 07.45
radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini
bildirib.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası da Ermənistan hərbçiləri tərəfindən
girov götürülmüş Azərbaycan vətəndaşı Telman Alıyevin girovluqdan
azad olunması ilə bağlı məlumat yayıb.
APA-nın Komissiyanın rəsmi saytına istinadən xəbərinə görə, Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının beynəlxalq təşkilatlarla apardığı səmərəli
danışıqlar nəticəsində noyabrın 12-də Qazax rayonu ərazisində
Ermənistan hərbçiləri tətəfindən girov götürülmüş 1972-ci il
təvəllüdlü Alıyev Telman Cavanşir oğlu bu gün Qazax rayonu, Bala
Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan
azad olunub: "Vətəndaş T. Alıyev azad olunduqdan sonra aidiyyəti
dövlət qurumlarının iştirakı ilə yaxın qohumlarına təhvil verilib.
Onun sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi
qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları iştirak
ediblər".
BQXK-nın Azərbaycan nümayəndəliyi də Ermənistanın paytaxtı İrəvan
şəhərində saxlanılan azərbaycanlı mülki şəxsin bu gün BQXK-nın
himayəsi altında Azərbaycana qaytarılması ilə bağlı məlumat yayıb.
BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumatda
bildirilir ki, mülki şəxs beynəlxalq sərhəddə, Ermənistanın İcevan
şəhəri ilə Azərbaycanın Qazax şəhəri arasında yerləşən yolda
Azərbaycan rəsmilərinə təhvil verilib.
Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri mülki şəxsin saxlanma
şəraitini və onunla necə davranıldlğını qiymətləndirmək üçün ona
baş çəkiblər. Təşkilat eləcə də internə edilmiş mülki şəxsə və onun
qohumarına ailə məlumatlarını çatdırıb.
Neytral vasitəçi qismində və ona verilmiş mandata əsasən fəaliyyət
göstərən BQXK bu repatriasiyaya Ermənistan və Azərbaycan hakimiyyət
orqanlarının müraciətinə əsasən vasitəçilik edib. İnternə edilmiş
şəxs repatriasiyadan əvvəl BQXK-nın nümayəndələrinə öz razılığı ilə
geri qayıtdığını bildirib.
Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK
Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
1992-ci ildən fəaliyyət göstərir.