Sulutəpə hadisələrinin maraqlı təfərrüatları üzə çıxdı
20 Aprel 2012 11:59 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq
Abdullayev aprelin 18-də Bakının Binəqədi rayonunun Sulutəpə
qəsəbəsində baş vermiş insidentin araşdırılmasına göstəriş
verib.
R.Abdullayevin əmri ilə neft-qaz əməliyyatları üçün nəzərdə
tutulmuş mədən ərazilərində qanunsuz inşa olunan yarımçıq
tikililərin qarşısının alınması məqsədilə ARDNŞ-ın Təhlükəsizlik
İdarəsinin hüquq-mühafizə orqanları ilə birlikdə keçirdiyi tədbir
zamanı baş vermiş hadisələrin, kütləvi informasiya vasitələrində
yayımlanmış video və foto görüntülər, eləcə də əldə edilmiş digər
materiallar əsasında şirkət əməkdaşlarının və hadisələrin digər
iştirakçılarının əməllərinin ətraflı araşdırılması və obyektiv
qiymətləndirilməsini təmin etmək məqsədilə komissiya yaradılıb.
Əmrdə deyilir: "Təhlükəsizlik İdarəsi tərəfindən 18.04.2012-ci il
tarixində həyata keçirilmiş tədbir barəsində ətraflı məlumat
toplanılsın, KİV-də yayımlanmış məlumatlar ətraflı araşdırılsın;
tədbir zamanı öz vəzifə funksiyalarını yerinə yetirməmiş və ya
lazımi qaydada yerinə yetirməmiş və jurnalistlərə münasibətdə
hüquqazidd hərəkətlərə yol vermiş əməkdaşların dairəsi müəyyən
edilsin və onlar barəsində lazımi tədbirlər görülməsi barəsində
təkliflər versin; son zamanlar mövcud qanunvericiliyin tələblərinə
məhəl qoymadan qanunsuz tikililəri inşa etmiş şəxslərin məsuliyyətə
cəlb edilməsi üçün ətraflı məlumatların toplanılması və mövcud
qanunvericiliyə uyğun olaraq aidiyyəti hüquq-mühafizə orqanlarına
müraciət edilməsi təmin edilsin; komissiya tərəfindən görülmüş
tədbirlər barəsində ictimaiyyətin mütəmadi olaraq
məlumatlandırılması üçün tədbirlər görülsün; bu əmrdən irəli gələn
digər vəzifələrin yerinə yetirilməsi təmin edilsin. Təhlükəsizlik
İdarəsinə tapşırılsın ki, özbaşına tikililərin qarşısının
alınmasında iştirak edən əməkdaşların konflikt şəraitində qüvvədə
olan qanunvericiliyin, ARDNŞ-ın daxili normativ sənədlərinin
tələblərinə, vəzifə təlimatlarına ciddi əməl olunmasına, hüquqazidd
hərəkətlərə yol verilməməsi üçün zəruri təbliğat, maarifləndirmə
tədbirlərini həyata keçirsin, şəxsi heyətin belə tədbirlər zamanı
nümunəvi davranış qaydalarına riayət etməsi üçün təbliğat
keçirilməsini təşkil etsin".
Daxili İşlər Nazirliyi Sulutəpə qəsəbəsindəki insidentlə bağlı
açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata
görə, aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz
tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz
əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini,
Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa
Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib. Bu
zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət
alıblar.
İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri
qənaətbəxşdir. Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil
yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan
10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində
İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib
olunduqdan sonra buraxılıblar.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının
Binəqədi rayonunda Sulutəpə yatağı ərazisində qanunsuz tikililərin
sökülməsi ilə əlaqədar baş vermiş insidentin təfərrüatlarını
aydınlaşdırır. Bu barədə jurnalistlərə ARDNŞ-nin Hüquq İdarəsinin
rəhbəri Elşad Orucov məlumat verib. Onun sözlərinə görə, şirkətin
yeddi əməkdaşının və daha iki şəxsin xəsarət aldığı insidentlə
əlaqədar şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun başçılığı
ilə xüsusi komissiya yaradılıb.
Elşad Orucov bildirib ki, əgər Dövlət Neft Şirkətinin işçilərinin
günahı sübuta yetirilərsə, onlar məsuliyyətə cəlb ediləcəklər. Onun
sözlərinə görə, Binəqədi rayonu və konkret olaraq Sulutəpə ərazisi
qanunsuz binaların fəal şəkildə tikildiyi yerdir. Bu da öz
növbəsində neft-qaz əməliyyatlarının və karbohidrogenlərin
hasilatının tam şəkildə aparılmasına mane olur. Bu ərazilər
"Binagadi oil" əməliyyat şirkətinə məxsusdur və qanunsuz tikililər
səbəbindən yatağın işlənməsi layihəsinin iştirakçısı olan xarici
tərəfdaş müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirə bilmir. Elşad Orucov bildirib ki, öz növbəsində ARDNŞ bu
müqavilələr üzrə dövlət zəmanətini reallaşdıra bilmir.
O vurğulayıb: "Biz sözügedən ərazidə kütləvi qanunsuz evləri
aşkarlamışıq və aprelin 4-dən etibarən bu evlərin sökülməsi işləri
başlanılıb".
Onun sözlərinə görə, vətəndaşlar kütləvi şəkildə evlərin
sökülməsinə mane olmağa çalışırlar. Naməlum şəxslərin əhalini ARDNŞ
nümayəndələri və hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı zor
tətbiq etməyə təhrik etməyə çalışdıqlarını vurğulayıb. Nəticədə 7
şirkət əməkdaşı və 2 mülki vətəndaş xəsarət alıb. E.Orucov
jurnalist İdrak Abbasovu insanları şirkət əməkdaşlarına daş atmağa
təhrik etməkdə ittiham edib. O, "Yeni Müsavat"ın jurnalistinin
fotoaparatının ARDNŞ əməkdaşları tərəfindən əlindən almadığını
xüsusilə vurğulayıb.
İndiyədək ARDNŞ tərəfindən sənaye təyinatlı torpaq sahələrində və
neft quyularının təhlükəsizlik zonasında qanunsuz tikililərə malik
şəxslər barəsində 15 min şikayət ərizəsi verilib.