"Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin,
əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən
addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu
etməliyik". Bunu Prezident İlham Əliyev aprelin 12-də
Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul
edərkən bildirib.
"Biz bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə
addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər
etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini,
təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də
rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim
şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik.
Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm
sənayesini yaratmalıyıq. Hazırda, dünyada tanınan otellər ölkəmizdə
var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər", - deyə
Prezident söyləyib.
Bəs, turizm sənayesinin yaradılması Azərbaycana nə vəd edir?
Azərbaycan Turizm Universitetinin prorektoru Eldar Aslanov bildirdi
ki, yeni iş yerlərinin yaradılması, qeyri-neft sektoru olaraq
turizmin daha da inkişaf etdirilməsi baxımından turizm sənayesinin
yaradılması günün vacib tələblərindəndir: "Turizm sənayesi geniş
bir anlayışdır. Cənab Prezident haqlı olaraq turizm sənayesini
yaratmalıyıq ifadəsini işlətməklə dolayısı ilə müntəzəm olaraq
mətbuatda dediyimiz, ayrı-ayrı müşavirələrdə də səslənən məqamları
özündə təcəssüm etdirən bir sistemin yaradılmasını diqqətə
çatdırıb.
Azərbaycanda son 10-15 ildir ki, turizm inkişaf edir. Qarşıda da
çoxlu sayda vəzifələrimiz var. Bu istiqamətdə yeni strategiya
hazırlanır. Arzumuz da odur ki, turizm sənayesini formalaşdıraq.
Həm kadr potensialı, həm infrastrukturu ilə. İnfrastruktur da
rəngarəng olmalıdır. Turizm sənayesi yalnız beşulduzlu otellər
deyil, aşağı ulduzlu otel və motellər, gənclər mərkəzləri, sosial
turizm, sanatoriya-kurort kompleksinin yenidən qurulması, onun
hansı potensialı özündə ehtiva etməsi, bununla bağlı düzgün
marketing strategiyasının aparılması, gələn turistlərin asudə
vaxtlarının təşkili, mədəni infrastrukturun buna uyğunlaşdırılması
kimi məsələləri də özündə əks etdirir. Yəni, bu, mürəkkəb, öz
daxili dinamikası qanunauyğunluğu olan bir sistemdir. Ona bəzən
kadr sənayesi də deyillər. Turizm sənayesinin deyilən bütün
tələblərə cavab verən səviyyədə qurulması əsas məqsədimizdir.
Turizm sənayesinin yaradılması ölkəmiz üçün yeni imkanlar deməkdir.
Onun baş verməsi ölkənin ümumi daxili məhsuldakı gəlirlərinin
artımını, əhalinin məşğulluğunun yüksəlməsini özündə ehtiva edir.
Hazırda rəsmi statistikaya görə, turizm sektorunda çalışanların
sayı 42 min nəfərdir. Turizm sənayesi qurularsa və arzu etdiyimiz
sayda xarici turistləri cəlb edə bilsək, bu, ölkə əhalisinin yarısı
qədər il ərzində turistin Azərbaycana gəlməsi deməkdir. Eyni
zamanda, yüz minlərlə yeni iş yerlərinin açılması mənasına gəlir.
Belədə görürük ki, bu addımın atılması həm əhalinin məşğulluğu
baxımından sosial effektlidir, həm də ümumi daxili məhsulda turizm
sektorunun çəkisinin artırılması baxımından iqtisadi cəhətdən
effektivdir".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir
Əliyev qeyd etdi ki, turizm sənayesinin olması həmin sektorun
inkişaf etdirilməsində başlıca dayaq rolunu oynayır: "Bu
istiqamətdə böyük layihələr həyata keçirilib. Məsələn, Şahdağ Qış
İstirahət Kompleksi, Qəbələ və digər regionlarda da bu istiqamətdə
böyük investisiya yatırılıb. Məqsəd də odur ki, turizm inkişaf
etdirilsin.
Düzdür, ölkəmizdə turizm sektoru hələlik arzu olunan səviyyədə
deyil. Bu sahəyə kompleks şəklində yanaşılmalıdır. Bu sahə turizmlə
bağlı institutların yaradılmasından tutmuş, infrastrukturun
yaradılmasına qədər olan məsələləri əhatə edir. Bura həmçinin kiçik
və orta sahibkarlığın inkişafı daxildir. Təkcə otel tikməklə turizm
inkişaf etdirilmir. Tarixi abidələrin qorunması, infrastrukturun
yaradılması, yollaırn çəkilməsi, bir sıra təbliğedici tədbirlərin
görülməsi, ölkəmiz haqqında müəyyən sənədli və bədii filmlərin
çəkilməsi, beynəlxalq tədbirlərin keçirilməsi, menecmentlərin
yetişdirilməsi turizm sənayesinin tərkib hissəsinə daxildir. Bu
istiqamətdə ayrı-ayrı elementlər üzrə işlər görülüb. Ancaq turizmlə
bağlı müəyyən problemlər də mövcuddur.
Otellər şəbəkəsində qiymətlər həddən artıq bahadır. Tikilən otel
standartlara cavab versə də, bir çoxunun ətrafı pis gündədir.
Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafına üstünlük
verməyə başlayıb. Onun istiqamətlərindən biri də məhz turizmin
inkişafıdır. Ona görə ölkəmiz turizm sahəsində fəaliyyətini
gücləndrməli, bu sahədə ciddi dəyişikliklər etməlidir. Turizm
sənayesi ölkəmizə neftdən kənar sahə kimi gəlir gətirəcək. Yeni iş
yerləri yaranacaq, əhalinin gəlirləri artacaq. Xidmət sferası bu
sənayenin yaradılması ilə inkişaf edəcək. Turizm sənayesi həm də
regionların inkişafına təkan verməlidir. Belə olarsa, ölkə
iqtisadiyyatının şaxələnmə imkanları da artacaq".