Azərbaycan Avropa ölkələrinin etibarlı tərəfdaşıdır
20 Aprel 2012 12:40 (UTC+04:00)
"Azərbaycanın Avropaya inteqrasiyası sahəsində böyük layihələr
mövcuddur. Avropa strukturları ilə səmərəli əməkdaşlıq edirik.
"Şərq Tərəfdaşlığı" çərçivəsində bu əməkdaşlıq daha möhkəmlənir.
Bununla belə, hesab edirik ki, Azərbaycanla Avropa Birliyi arasında
əməkdaşlığı daha da gücləndirməyə ehtiyac var". Bu sözləri YAP
sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O, Avropa
Parlamentində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş
üzrə danışıqların gedişinə dair qətnamə qəbul olunmasını
Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının daha da
dərinləşməsinə imkan verəcəyini bildirib: "Bu, Avropa Birliyinin
Qafqaz siyasətinin genişlənməsi üçün əlamətdar hadisədir. Hesab
edirəm ki, Azərbaycanın bu illərdə özünü Avropa ölkələrinə etibarlı
tərəfdaş kimi göstərməsi belə bir sənədin imzalanmasına gətirib
çıxarıb. Güman edirəm ki, imzalanmış sənəd əlaqələrin inkişafına
təkan verəcək".