Müsahibimiz Şimali Kipr Türk Cümhuriyyətinin Bakı
təmsilçiliyinin rəhbəri Zəki Qazıoğludur.
- Zəki bəy, Şimali Kipr Türk Cüm huriyyətinin
(ŞKTC) Azərbaycandakı nümayəndəliyinin fəaliyyət istiqamətləri
barədə nə deyə bilərsiniz?
- Bakıdakı nümayəndəliyimiz 1997-ci ildən fəaliyyət göstərir. O
zamandan iki qardaş ölkə arasında münasibətlərin qarşılıqlı
maraqlar əsasında inkişafı istiqamətində geniş işlər aparırıq.
Azərbaycandakı inkişafa paralel olaraq bu əlaqədər daha da
genişlənir, müxtəlif sahələri əhatə edir. Şimali Kipr Türk
Cümhuriyyətinin Türkiyədən sonra ən yaxın təması, münasibəti olan
ölkə məhz Azərbaycandır. Demək olar ki, hazırda ölkələrimiz
arasında turizm, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlıq
münasibətləri mövcuddur. Hər iki ölkənin rəsmi və qeyri-rəsmi
şəxsləri, iş adamları, elm xadimləri qarşılıqlı səfərlər edir,
müxtəlif toplantılara qatılırlar. Şübhəsiz, bütün bunlarla
məhdudlaşmaq, münasibətləri tam qənaətbəxş saymaq da mümkün deyil.
Bizim məqsədimiz bu əlaqələri daha da inkişaf etdirmək, mövcud
iqtisadi-mədəni potensialdan yetərincə yararlanmaqdır.
- Şimali Kirp Türk Cümhuriyyəti ilə Azərbaycan
arasında son illər xüsusən də təhsil sahəsində əməkdaşlıq
münasibətləri genişlənir. Bu barədə nə deyə bilərsiniz?
- Son 5 ildə təhsil sahəsində münasibətlərimizin inkişafında
sıçrayış olub. Xüsusən də son 2 ildə çoxlu sayda azərbaycanlı
abituriyent Şimali Kiprdə təhsil almağa maraq göstərir. Ötən il
300-dən çox azərbaycanlı təhsil almaq üçün Şimali Kiprə gedib. Bu
il həmin rəqəmin daha da artacağı gözlənilir. Bu, artıq Kipr
universitetlərinin Azərbaycanda tanınmağa başladığını, azərbaycanlı
abituriyentlərə xaricdə ali təhsil almaq üçün əlavə fürsətin
yarandığını deməyə əsas verir. Şimali Kipr Türk Cümhuriyyətində
(ŞKTC) ingilis dilində təhsil verən 6 universitet məzunlarına
qazandıqları biliklər sayəsində dünyanın hər yerində perspektivli
iş tapmaqda, karyera qurmaqda və gələcəyə etibarlı təminat
yaratmaqda yardımçı olur. ŞKTC universitetlərinin Azərbaycan
vətəndaşları üçün təhsil haqqını 50 faiz azaltması isə iki ölkə
arasında dostluq və qardaşlıq münasibətlərinə daha bir əyani
sübutdur. Avropa universitetlərindən fərqli olaraq, bu ölkənin ali
təhsil müəssisələri məhz azərbaycanlı tələbələrə bir sıra güzəştlər
tətbiq edirlər. Bu güzəştlərə ötən ildən başlanılıb. ŞKTC-nin 6
universiteti - Yakın Doğu Universiteti, Lefke Avropa Universiteti,
Uluslararası Kıbrıs Universiteti, Orta Doğu Teknik Universiteti,
Kuzey Kıbrıs Kampusu, Girine Amerika Universiteti, Doğu Akdeniz
Universiteti - 2011-ci ildə də azərbaycanlı abituriyentlərin
qeydiyyatdan keçməsini gözləyir. Yəni bizdə kiprlilər hansı qiymətə
təhsil alırlarsa, azərbaycanlılar da həmin qiymətlərə təhsil
alırlar. Bu həm də azərbaycanlıların Şimali Kipr universitetlərini
yaxşı tanıması üçün başlanmış bir kampaniyadır.
- Şimali Kirp Türk Cümhuriyyətində ali təhsil
almağın nə kimi üstünlükləri var?
- İlk növbədə deyim ki, təhsil xərclərinin münasib olması ən böyük
üstünlükdür. Təhsil, yemək və qalmaq xərcləri də daxil olmaqla, bu
xərclər 5-6 min manat təşkil edir. Digər tərəfdən, həmin
universitetlərin məzunları beynəlxalq aləmdə tanınan diplomla təmin
edilirlər. Həmin diplomlar azərbaycanlı gənclərə dünyanın istənilən
yerində iş tapmaq imkanı yaradır. Şimali Kiprin təhsil sistemi eyni
zamanda tələbələrə reytinq cədvəlində birincilik qazanmış
beynəlxalq universitetlərdə təhsillərini davam etdirmək şansı da
verir. Yüksək təhsil standartlarını həyata keçirən Şimali Kipr
universitetləri məzunlarına gələcəkdə istədikləri ölkənin elm
müəssisələrində magistr, doktorant olmaq imkanı yaradır. Çünki
dünya miqyasında məşhur olan alimlər, professorlar ŞKTC-nin ali
təhsil ocaqlarında dərs deyirlər. Onların yetirmələri Avropa və
Amerika universitetlərində tədqiqatçı alim olaraq adlarını tarixə
yazıblar.
Bütün rahatlığı və texniki təchizatı ilə seçilən müasir hazırlıq
kurslarının olması burada təhsilin keyfiyyətini daha da yüksəldir.
Məhz buna görə də ŞKTC universitetlərinə ali təhsil üçün müraciət
edənlərin sayı ildən-ilə çoxalır.
Yüksək səviyyəli mədəni mühitin olması isə gənclərin dünyagörüşünü
artırır. ŞKTC-də 87 fərqli ölkədən gələn, sayı ildən-ilə artan
tələbə kontingenti təhsil alır. Müasir dünyada isə fərqli
mədəniyyətlərin qovuşması universitetlər üçün əhəmiyyətli
məsələlərdən sayılır. Bu baxımdan, ŞKTC-nin sözügedən
universitetləri azərbaycanlı tələbələrə həm də fərqli
mədəniyyətləri mənimsəmək fürsəti verir.
Etibarlı çevrənin olması uşaqlarını xaricdə oxutmaq niyyətində olan
valideynlər üçün əsl müjdədir. Məlumat üçün bildirək ki, ŞKTC
adambaşına düşən cinayətlərin ən aşağı olduğu ölkələrdən biridir.
Adada dövlətin hüquq-mühafizə orqanlarından savayı,
universitetlərin özəl mühafizə sistemlərinin də mövcudluğunu nəzərə
alsaq, qız övladlarını ŞKTC-yə ali təhsil almağa göndərmək istəyən
valideynlərin narahatlığına hansısa səbəb qalmır. Hazırlıq
kurslarında xüsusi kameraların quraşdırılması, kənar şəxslərin
yataqxanalara buraxılmaması tələbələrin təhlükəsizlik təminatını
artırır.
Şimali kiprlilərin azərbaycanlılarla eyni mədəniyyətə sahib
olmaları, eyni dildə danışmaları tələbə adını daşıyan
soydaşlarımızın bu ölkədə rahat gəzib-dolaşmalarına, yaşadıqları
toplumun üst qurumları ilə sıx əməkdaşlıq etmələrinə, gənclərlə
ünsiyyət qurmalarına, ictimai fəaliyyətlə məşğul olmalarına geniş
imkanlar açır. Kiprlilərlə azərbaycanlıların şivələri bir-birinə
çox yaxındır. Azərbaycanlılar kiprlilərin nəzərində həmişə dost,
qardaş olublar. Bu səbəbdən hər bir kiprlinin qapısı azərbaycanlı
gənclərin üzünə açıqdır. Sadə kiprli azərbaycanlı uşaqlarını öz
övladından qətiyyən ayrı tutmur. Soydaşlarımız ŞKTC-də özlərini heç
vaxt yad hiss etmirlər.
- İki ölkə arasında təhsil sahəsində əməkdaşlığı
nəzərdə tutan hansısa razılaşmalar varmı?
- ŞKTC universitetlərinə qəbulla bağlı Təhsil Nazirliyi ilə yanaşı,
biz də vəsiqə veririk. Digər tərəfdən, Şimali Kipr
universitetlərinin diplomları Türkiyənin Yüksək Öyrətim Kurumu
tərəfindən qəbul edilir. Azərbaycanla Türkiyə arasında isə ən
müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər mövcuddur.
Buna görə də təhsil sahəsində əməkdaşlıqla bağlı hansısa problem
yoxdur. Yəni ŞKTC siyasi baxımdan müəyyən beynəlxalq ədalətsizliklə
üzləşsə də, təhsildə bu embarqonu çoxdan aşıb. Bizdə təhsilin
səviyyəsi yüksək olduğuna görə diplomlarımız bütün ölkələrdə
tanınır.
Şimali Kiprdən gəlib Azərbaycanda təhsil almaq istəyənlər də az
deyil. Əsasən, musiqi təhsili almaq istəyənlər Bakıya gəlmək
arzusundadır. Eyni zamanda Bakı Dövlət Universiteti, Turizm
İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası ilə əməkdaşlıq
haqqında memorndum imzalayan universitetlərimiz var. Güman edirəm
ki, gələcəkdə bu sahədə əlaqələr daha da inkişaf edəcəkdir.
Ümumiyyətlə, ŞKTC-nin universitetləri dünyada yüksək reytinqə
malikdirlər. Hazırda buraya təhsil almaq üçün ən çox Nigeriya,
İran, Türkiyədən tələbələr gəlir. Biz istəyirik ki, azərbaycanlı
qardaşlarımız da daha aşağı qiymətlərlə daha yüksək təhsil
alsınlar. Yəni Şimali Kipr universitetləri yüksək ali təhsil almaq
baxımından azərbaycanlılar üçün yaxşı fürsətdir. Həmin
universitetlərdə vaxtı ilə Azərbaycandan getmiş yüksək səviyyəli
azərbaycanlı müəllimlər də dərs deyirlər.
Ümumiyyətlə, bizdə hansısa universitetdə təhsil səviyyəsi yüksək
deyilsə, onu bağlanmaq təhlükəsi gözləyir. Belə ki, Türkiyə bu
institutların diplomlarını qəbul etməzsə, bu zaman oradan gələn
tələbələrin də sayı kəskin azalar. Bu da hansısa universitetə
yaşamaq şansı verməz. Çünki Kipr universitetlərində təhsil alan
tələbələrin yarıdan çoxu Türkiyədən gələnlərdir. Ona görə də
Türkiyənin Yüksək Öyrətim Kurumunun tələb etdiyi səviyyədə təhsil
standartları mövcuddur.
- Azərbaycanda gənclərin xaricdə təhsili ilə bağlı
xüsusi dövlət proqramı mövcuddur. Sizcə, azərbaycanlı tələbələrin
həmin proqram əsasında ŞKTC universitetlərində ali təhsil alması
mümkündürmü?
- Qarşıdakı illərdə belə bir razılaşmanın əldə olunması mümkündür.
Əlbəttə, müasir dövrdə dünyanın heç də bütün universitetləri yüksək
reytinqli deyillər. Amma onların hansısa konkret sahə üzrə daha
yaxşı təhsil verməsi reallıq kimi qəbul olunur. Məsələn, bir
universitetdə hüquq, digərində iqtisadiyyat, o birində sosial
elmlər güclü ola bilər. Yəni universitetlərin ixtisaslaşması
prosesi sürətlə gedir. Kiprdə də belə ixtisaslaşmış universitetlər
mövcuddur. Onu da bildirim ki, ŞKTC universitetlərində təhsil 95
faiz ingilis dilindədir. İngilis dili səviyyəsi yüksək olmayan
abituriyentlər isə burada bir il hazırlıq kursu keçirlər.
- ŞKTC-nin turizm sahəsində böyük təcrübəsi var.
Azərbaycan üçün turizm sahəsində təcrübəli kadrların hazırlanması
da mümkündürmü?
- Ötən il Azərbaycandan 4000-dək turist istirahət etmək üçün məhz
Şimali Kipri seçib. Çünki orada aşağı qiymətlərlə yüksək səviyyəli
istirahət üçün hər cür imkanlar mövcuddur. Amma hesab edirəm ki,
özəl turizm şirkətləri bu istiqamətdə işi davam etdirməlidir.
Dövlət qurumları isə bu əməkdaşlığı, sadəcə, təşviq edə
bilərlər.
Şimali Kipr azərbaycanlılar üçün yeni istirahət məkanıdır.
Gedib-gələnlər Kiprdə turizmin yüksək səviyyəsindən razılıqla
danışırlar. Çünki oranın gözəl təbiəti, təmiz dənizi, meşələri,
səviyyəli hotelləri, qədim tarixə malik maddi mədəniyyət
nümunələri, abidələri mövcuddur. Mühüm üstünlüklərdən biri də
Şimali Kiprin kiçik ölkə olmasıdır. Yəni buraya səfər edən turist
3-4 gün ərzində Kiprin Şimaldan Cənuba, Şərqdən Qərbə bütün
yerlərini gəzib-dolaşa bilir. Dünyanın müxtəlif ölkələrindən Kiprə
turistlər gəlir. Müəyyən tarixi köklərlə bağlı onların arasında
ingilislər daha üstünlük təşkil edir. Bu da təsadüfi deyil, vaxtı
ilə Kipr İngiltərənin müstəmləkəsi olub. Ona görə də ingilislərin
Kiprə marağı daha böyükdür. Eyni zamanda Türkiyədən gələnlər də
çoxluq təşkil edirlər.
Sualınıza gəlincə, bildiirm ki, bu istiqamətdə müəyyən addımlar
atılır. Hər il Azərbaycanın Turizm İnstitutunun onlarla tələbəsi
Türkiyənin ayrı-ayrı hotellərində təlim keçir, təcrübələrini
artırırlar. Onlar orada 2 aylıq təcrübə keçir, peşəkar kadr kimi
formalaşırlar. Artıq 4-cü ildir ki, bu təcrübədən geniş istifadə
olunur.
- Şimali Kipr beynəlxalq səviyyədə müstəqil ölkə
kimi tanınmağa, hələ ki, nail ola bilmir. Bu baxımdan, ölkələrimiz
arasındakı əməkdaşlığın gələcək perspektivlərini necə
görürsünüz?
- Şübhəsiz, beynəlxalq birliyin Şimali Kipri tanımaması siyasi
məsələdir, ədalətsizlikdir. Bu ilin oktyabrında BMT baş katibinin
vasitəçiliyi ilə yenidən bu istiqamətdə danışıqlar başlanacaq.
Lakin bu danışıqlara rəğmən, ölkəmiz inkişaf edir, hamı öz həyatını
yaşayır. Bu danışıqlar 40 ildir ki, aparılır və heç bir nəticə
vermir. Ona görə də kimsə bu danışıqlara böyük ümid də
bəsləmir.
Bununla belə, Şimali Kiprin hazırkı beynəlxalq vəziyyəti
Azərbaycanla iqtisadi, mədəni və turizm sahələrində əməkdaşlıq üçün
hansısa problem yaratmır. Hesab edirəm ki, bu əlaqələr ilbəil
genişlənəcək, inkişaf edəcəkdir.
Söhbəti yazdı: Tərlan Nəsirli