Qarabağ konfliktinin çözümünə start verilir

18 Avqust 2016 09:15 (UTC+04:00)

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü Sankt-Peterburqda iyunun 20-də Rusiya prezidentinin iştirakı ilə üçtərəfli formatda baş tutub. Ondan öncə isə iki ölkə prezidenti mayın 16-da Vyanada görüşüblər.

C.Uorlikin sözlərinə görə, həm Vyana, həm də Sankt-Peterburq görüşlərində Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olunması üçün növbəti görüşə hazır olduqlarını bəyan ediblər.

Amerikalı həmsədr təmasları davam etdirdiklərini deyib: "Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk".

Bəs, gözlənilən yeni görüşdə artıq münaqişənin həlli istiqamətində irəliləyişin olacağını gözləmək olarmı?

Politoloq Araz Aslanlının fikrincə, konfliktin həllilə bağlı növbəti görüşdə müəyyən dəyişikliklər ola bilər: "Bilirsiniz ki, son dövrlər, xüsusən aprelin əvvəlində cəbhə bölgəsində gedən döyüşlərdən sonra beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmağa başlayıb. Səylərin artmasının da səbəbləri müxtəlifdir. Minsk qrupu həmsədrləri səyləri artırmaqla belə görüntü yaratmağa çalışırlar ki, həmin addımlar daha çox münaqişənin həll edilməsinə yönəlib. Amma aydın görünür ki, bu səylər ilk növbədə danışıqlar prosesini nəzarətdə və münaqişə ətrafındakı indiki status-kvo vəziyyətini qoruyub saxlamağa yönəlib. Həmsədrlərin əsas məqsədləri də budur. Sadəcə, burada bir məsələ var. ATƏT-i, onun Minsk qrupunu, həmsədrləri də tez-tez tənqid edirik ki, onların səyi münaqişənin həllinə deyil, mövcud status-kvo vəziyyətinin saxlanılmasına yönəlib. Bu tənqidlərdə də haqlıyıq. Çünki belə hal ATƏT-in mandatına da uyğun gəlmir. Onun mandatı status-kvonun qorunub saxlanılması yox, münaqişənin həllinə nail olmaqdır. Amma müəyyən bir məqamı da ədalət naminə qeyd etməliyik ki, vasitəçilik missiyası ümumiyyətlə mürəkkəbdir.

Vasitəçilər birbaşa münaqişəni həll edə bilmirlər. Vasitəçilik missiyası döyüşlər yenidən baş qaldırırsa, ilk növbədə onun qarşısını almaqdan ibarətdir. Yaxud danışıqlar prosesində fasilə yaranıbsa, onu bərpa etmək də vasitəçilik missiyasının bir parçasıdır. Bu baxımdan amerikalı həmsədr Uorlikin və digər həmsədrlərin açıqlamalarını müəyyən mənada başa düşmək olar. Lakin onlar bu mövqeyi də bölüşməlidirlər ki, danışıqları bərpa etmək problemin həllinə doğru istiqamətlənməlidir. Danışıqlar sadəcə, onu bərpa etmək xatirinə olmamalıdır. Bu baxımdan həmsədrlərin təşəbbüsünü fəaliyyətin fasiləsizliyi baxımından məqbul hesab edirəm. Onlar bu fəaliyyətə fasilə verə bilməzlər, onu davam etdirməlidirlər.

Ancaq bir şərtlə ki, fəaliyyətin mahiyyəti dəyişsin. Bu fonda növbəti görüşdə münaqişə ətrafında böyük irəliləyişin əldə oluna biləcəyini gözləmirəm. Problemin kökündə yatan əsas səbəblərlə bağlı dəyişiklik yoxdur. Regional şərtlər, böyük dövlətlərin maraqları, Ermənistanın ərazi iddialarına son qoyulması istiqamətlərində ciddi irəliləyişlər olmadığına görə, növbəti danışıqlarda da müsbət nəticələr olacağını gözləmirəm.

Həmsədrlər sadəcə, açıqlayacaqlar ki, vasitəçilik missiyasının dayanmasına, onda fasilə yaranmasına imkan vermədilər. Çünki dayanma münaqişənin yenidən alovlanması risqini yarada və prosesi daha da geri ata bilər. Hazırda prosesdə ciddi irəliləyiş yoxdur. Amma danışıqların dayandırılması da prosesi daha da geri ata bilər. Bu baxımdan vasitəçilər özlərini elə göstərir ki, fəaliyyətləri davam edir. Onların rəsmi missiyası problemi həll etməkdən keçir, qeyri-rəsmi missiyaları isə prosesi nəzarət altında saxlamaqdan ibarətdir. Hazırda həmsədrlərin davranışı da məhz bu amilə uyğun bir davranışdır. Problemin kökündə yatan əsas səbəblərlə bağlı dəyişiklik yoxdur. Amma ümumən aprel döyüşlərinin prosesə mütləq təsiri olacaq. Beynəlxalq vasitəçilər Ermənistana təzyiqləri bir qədər artıra bilər. Ermənistan əvvəl qalib dövlət kimi danışmağa çalışırdı, indi isə həmin mövqedə deyil. Bu baxımdan prosesdə cüzi dəyişikliklər ola bilər".