Demək olar, hər gün piyadaların vurulması ilə bağlı xəbərlər eşidirik. Hadisələrin əksəriyyəti sürət həddini aşma olsa da, piyadaların da günahı az deyil. Amma məhz bu cür hadisələrin azaldılması üçün dövlət tərəfindən də inzibati tədbirlər davam etdirilir. Yol infrastrukturları yenilənir, keçidlər tikilir.
Eyni zamanda artıq bir neçə ildir, polis patrul xidməti əməkdaşları keçiddən istifadə etməyən piyadaları cərimələyir. Lakin diqqəti çəkən odur ki, neçə müddətdir davam edən bu tədbir piyadarın qayda pozuntusunun qarşısını almır. Mütəxəssislər cəzaların sərtləşməsi ilə yanaşı maariflənməni önə çəkirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, bu, həmişə aktuallığını saxlayan mövzudur: "Piyadaların bəziləri təəssüflər olsun ki, piyada keçidlərindən istifadə etmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Məsələn, bəzən piyada zolaqları bir-birindən çox aralıda yerləşir. İnsanlar həmin məsafəni qət etmək istəmirlər. Ancaq burada əsasən subyektiv səbəblərdir.
Subyektiv səbəblər insanların qaydalara bir qədər laqeyd yanaşmasından irəli gəlir. Ona görə də bu işdə ən yaxşı üsul kütləvi maarifləndirmədir. Maarifləndirmə işi də hədəfli şəkildə aparılmalıdır. Həm məktəblərdə, həm də ali təhsil müəssisələrində bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Çünki, müşahidələr göstərir ki, qaydaları əsasən gənclər pozur. Lakin burada obyektiv səbəblər də var. Piyadaların intensivliyi müşahidə olunan yerlərdə zolaqları yenidən çəkmək olar. Nəzərə alaq ki, hər növbəti ildə şəhər ailəsi artmaqdadır. Ona görə də nişanlanma işlərinə yenidən baxmaq olar. Harada ehtiyac varsa, orada piyada zolaqları çəkmək laızmdır. Eyni zaman insanları həmin zolaqlardan keçməyə sövqedici şərait yaradılmalıdır".
Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirdi ki, artıq yol hərəkətinin tənzimlənməsi ilə bağlı normativ aktlar əvvəlki əhəmiyyətini vermir: "Sözügedən məsələdə qarşılıqlı anlaşılma olmalıdır. Görünür, insanların şüurunda kifayət qədər dəyişiklik etmək lazımdır. Bu da maarifləndirmə ilə olmalıdır. Nəzərə alaq ki, bu istiqamətdə hadisələrin sayı artır.
Piyadalar avtomobillərin intensiv olduğu yerlərdən yolu sərbəst şəkildə keçirlər. Amma bu istiqamətdə kifayət qədər maarifləndirmə işləri aparmalıyıq. Düzdür, piyadalara tətbiq edilən inzibati tənbeh tədbirlərinin tətbiqi artıb və normal haldır. Artıq ictimai rəydə belə bir fikir formalaşıb ki, polis piyadanı da cərimələyir. Bəzilərinə çəkindirici işarə verir. Ancaq elə prospektlər var ki, orada piyadalar üçün kifayət qədər çox, lüzumsuz zolaqlar qoyulub. Bu amil piyadaları ərköyünlüyə sövq etdirir. Piyadalar yolu işıqforların yanından keçməlidirlər. Piyada zolaqlarının sayı çox olduqda nəqliyyat axının sürəti azalmış olur. Çünki, nəqliyyat vasitəsinin sürücüsü də öz təhlükəsizliyinin qeydinə qalmalıdır. 60-80 km/saatla gələn maşın anidən əyləcə basa bilməz. Yəni, piyada zolaqlarının sayı azalmalı, bəzilərinin yerləri dəyişdirilməlidir. Çünki, əksər hallarda piyadalar yolu bir-bir keçir. Bu da nəqliyyat vasitələrinin sürətini azaldır, yolda tıxaca səbəb olur. Maarifləndirmə tədbirləri ilə yanaşı, piyadaların cərimələnməsinə geniş yol vermək lazımdır. Heç kəsə güzəşt edilməməlidir. Sürücülərə qarşı tətbiq edilən cərimələr artırıldığı kimi, piyadalara qarşı da cərimələri artırmaq lazımdır".