İpoteka Fondunun maliyyə mənbələri hələ də "azlıqda" qalır
8 Yanvar 2013 11:22 (UTC+04:00)
Yeni ildə də ölkədə ən aktual məsələlərdən birinin gənc ailələrin
mənzilə olan tələbatın ödənilməsi ilə bağlı olacağı
proqnozlaşdırılır. Cari ildə isə ipoteka kreditləri hesabına daha
çox insanın mənzil sahibi olacağı gözlənir. Bunu şərtləndirən əsas
səbəb isə cari il üçün sosial ipotekaya daha çox vəsait
ayrılacağıdır.
Məlumat verildiyi kimi bu il sosial ipotekaya 40 milyon manat
vəsait ayrılacaq. Lakin tələb və təklifi araşdıran iqtisdçı
ekspertlər bu vəsaitin də az olduğunu bildirirlər.
Düzdür, Mərkəzi Bankın bəyanatında deyilir ki, güzəştli ipoteka
kreditlərinin verilməsi imkanları artırılacaq. Xatırladaq ki,
Azərbaycan Mərkəzi Bankının 2013-cü il üçün fəaliyyətinin
prioritetlərindən biri məhz ipoteka ilə bağlıdır. Mərkəzi Bankın bu
il üçün prioritetlərinin açıqlandığı bəyanatında deyilir ki,
2013-cü ildə ölkədə ipoteka kreditləşdirilməsi sisteminin inkişafı
istiqamətində tədbirlər davam etdiriləcək. Bu tədbirlər ipoteka
kreditlərinə çıxışın genişləndirilməsi, xüsusən də güzəştli ipoteka
alınması imkanlarının artırılması istiqamətində olacaq. Alternativ
ipoteka mexanizmlərinin tətbiqi imkanları da araşdırılacaq.
Mütəxəssislər isə hesab edir ki, ehtiyacı olanların ipoteka alması
üçün hökumət ilk növbədə şərtlərdə dəyişikliklər etməlidir. Onlar
əmlak bazarındakı mövcud qiymətləri nəzərə alaraq, ipoteka
kreditlərinin yuxarı həddinin 30000 manatdan yuxarı qaldırılmasını
təklif edirlər. Xatırladaq ki, 2013-cü il dövlət büdcəsində sosial
ipoteka üçün ayrılan vəsait 2 dəfə artırılaraq 40 milyon manata
çatdırılıb. Bundan başqa Mərkəzi Bank və Gənclər və İdman Nazirliyi
sosial ipoteka şərtlərinin yumşaldılması ilə bağlı təkliflər
hazırlayaraq hökumətə təqdim edib. İlkin məlumatlara görə,
təkliflərdə faiz dərəcəsinin 4%-dən 2%-ə endirilməsi də yer alıb.
Bundan başqa artıq İpoteka Fonduna göndərilən təkliflərdə yeni
ipoteka şərtlərinin əvvəlkindən fərqi 35 yox, 29 yaşa qədər olan
gənclərə şamil olunmasıdır. Belə ki, bu təkliflərə görə yeni
ipoteka şərtləri gənc ailələrə deyil, məhz gənclərə şamil olunacaq.
Qeyd olunur ki, təklif olunan qanunvericilikdə ipoteka şərtləri
gənclərin mövcud imkanları nəzərə alınmaqla müəyyənləşib.
Bir sıra ekspertlərin fikrincə isə, güzəştli ipotekanın indiki
şərtləri gənclər üçün əlverişsizdir. Belə ki, bu ipoteka yaşı
30-dan aşağı, ailəli insanlara verilir. Beləliklə, subay gənclər və
yaşı 30-u keçmiş gənc insanlar güzəştli sosial ipotekadan istifadə
edə bilmirlər. Bu mənada iqtisadçı ekspertlərin sözlərinə görə,
güzəştli ipotekanın yalnız müəyyən kateqoriya gənclərə deyil, bütün
gənclərə şamil edilməsi vacibdir. Bunula belə gənclər
ipotekasının faiz dərəcəsinin aşağı salınması ilə bağlı Gənclər və
İdman Nazirliyinin verdiyi təklif dəstəklənir. Qeyd olunur
ki, Rusiyada adi ipoteka krediti 3,7 faizlə, güzəştli ipoteka
isə 2,2 faizlə verilir, Avropa Birliyi ölkələrində güzəştli sosial
ipotekanın dərəcəsi illik 2%-dən yüksək deyil, Norveçdə hətta bu
hədd 1,5%-dir. Əgər vəsait dövlət büdcəsindən verilirsə, burada heç
bir kommersiya mənfəəti güdülə bilməz, sadəcə bankların
tranzaksiya, yəni sövdələşmə xərclərinin ödənməsi üçün müəyyən
simvolik faiz müəyyənləşdirilə bilər. Bu fonda qeyd olunur ki,
gənclərə üçün nəzərdə tutulan sosial ipoteka üzrə 2% məqbuldur,
sonradan bunu əksər Avropa ölkələrində olduğu kimi 1%-ə də endirmək
olar.
Bundan başqa, ipoteka kreditləşməsinin alternativ mexanizmləri kimi
İpoteka Fondunun istiqrazlarının, müxtəlif qiymətli kağızların
yerləşdirilməsi, hətta xarici kapitalın cəlbi çıxış edə bilər.
Başqa sözlə, söhbət ipoteka kreditləşməsində yükün hökumətdən digər
iştirakçılara ötürülməsindən gedir. Hesab olunur ki, kreditlərin
verilməsi ilə bağlı əsas problemlərdən biri ipoteka
kreditləşməsinin, fondunun maliyyə mənbələrinin məhdud olmasıdır.
Baxmayaraq ki, ölkə prezidentinin 2005-ci ildə Azərbaycanda ipoteka
sisteminin yaradılması və inkişafı haqqında imzaladığı sənəddə
xüsusi qeyd olunur ki, Mərkəzi Bank ipoteka kreditləşməsinin,
maliyyə mənbələrinin gücləndirilməsi, eləcə də bütövlükdə
kreditləşmə sisteminin inkişafı üçün digər mənbələrin, sığorta
şirkətlərinin kreditlərin verilməsinə cəlb edilməsi yolu ilə
maliyyə mənbələrini genişləndirməlidir. Amma çox təəssüf ki,
İpoteka Fondu bununla bağlı əsaslı fəaliyyət həyata keçirə
bilməyib. Bu vəziyyəti xarici ölkələrdəkilərlə müqayisə edən
ekspertlər bildirir ki, Azərbaycandan həm ərazi, həm də əhali
baxımdan kiçik olan Litvada Dövlət İpoteka Fondunun nizamnamə
kapitalı 2,5 milyard dollardır. Həmin məbləğin 90 faizi dövlət
büdcəsindən kənar mənbələr hesabına formalaşan vəsaitlərdir. Artıq
bu təcrübənin Azərbaycanda da tətbiqi zəruri sayılır. Əks halda
İpoteka Fondu hesabına mənzil sahibi olanların sayında elə də böyük
artım olmayacağı proqnozlaşdırılır.
Xatırladaq ki, hazırda İpoteka Fondunun şərtlərinə görə, hazırda
Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min
manat təşkil edir və 8 faiz dərəcə ilə 25 il müddətinə verilir.
Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30
il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz,
adi kreditlər üçün isə 20 faiz təşkil edir. Qeyd edək ki, hazırda
İpoteka Fondunun 26 müvəkkil bankı var.