Qiymət artımı ilə bağlı yeni ziddiyyət

8 Yanvar 2013 12:37 (UTC+04:00)
Yola saldığımız ildə Azərbaycanda inflyasiyanın həddi elə də yüksək olmayıb. Bu hədd birrəqəmli olub və faizdən bir az artıq  ifadə edilib. Adətən inflyasiyanın meydana gəlməsinə bir çox amillər təsir göstərir ki, bunlardan biri də əmək haqları və pensiyaların artmasıdır. Bir sıra məqamlarda əmək haqlarının artması ilə bazarda qiymətlər də bahalaşır.
Qiymətlərin bahalaşması isə istər-istəməz inflyasiyanın da artmasına rəvac verir. 2013-cü ildə ölkəmizdə əmək haqları, müavinət və pensiyaların da xeyli dərəcədə artacağı gözlənilir. Dövlət büdcəsində də bu məqamlar nəzərdə tutulub. Görəsən, ekspertlər nə düşünür, sözügedən artımların inflyasiya prosesinə nə kimi təsirləri ola bilər?
Liberal İqtisadiyyat Mərkəzinin rəhbəri Akif Nəsirli əmək haqlarının artırılmasının inflyasiyaya təsir edəcəyini zənn etmir: "Azərbaycanda əmək haqlarının artırılması inflyasiya təsirini artıran amillər ola bilməz. Çünki əmək haqqı artımı həddən artıq böyük rəqəmlərlə ifadə olunmur. 10 faizdən çox olmayan əmək haqqı artımları ən çoxu özəl şirkətlərdə özünü göstərə bilər. Bu həddə maaş artımının isə inflyasiyaya təsir edəcəyini düşünmürəm. Hazırda inflyasiya təsirini artıran digər xərc maddələrdir. Məsələn, investisiya xərclərinə ayrılan vəsaitlər inflyasiyaya əsas səbəb olan sahədir. Hər il dövlət büdcəsinə artırılan vəsaitlərin yarısı məhz investisiya xərclərinə yönəlir. Konkret olaraq, 2013-cü ildə maaş artımının inflyasiyaya gətirib çıxaracağını gözləmirəm".
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə əksinə bu qənaətdədir ki, əmək haqları və pensiyaların xeyli artması cari ildə inflyasiyanın da yüksəlməsinə təkan verəcək. Amma bu inflyasiya həddi bütün hallarda bir rəqəmlə ölçüləcək: "Hər bir halda maaş artımları qiymət artımlarına gətirib çıxarır. Çünki, bu meyar bazarda ajiotaj yaradır. Cari ildə maaş və pensiyaların bir qədər çox artırılması da nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsindən ayrılan vəsaitlərin konkret olaraq daha çox investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməsilə bazara çoxlu pul axını da olacaq. Pul axını da öz növbəsində inflyasiya və qiymət artımına rəvac verir. Ona görə də düşünürəm ki, 2012-ci illə müqayisədə, cari ildə inflyasiya yüksək dərəcədə olacaq. Hazırda inflyasiya 2-3 faiz civarındadır. 2011-ci ildə isə 8 faiz həndəvərində idi. İnflyasiya səviyyəsinin artması ilə yanaşı cari ildə qiymət artımlarını da müşahidə edə bilərik. Ölkəda qiymət artımlarına təkcə daxili deyil, xarici amillərin də təsiri vardır. Xarici amillərə gəldikdə dünya bazarında ərzaq məhsullarının qiymətində olan yüksəlmənin də ölkəmizə təsir edəcəyini gözləmək olar. Hökumət inflyasiyanın bir rəqəmli olacağını düşünür. Amma reallıqda onun nə qədər olacağı artıq müzakirə mövzusudur. Əmək haqlarının artması inflyasiyaya təsir etsə də, onun həcmi inanmıram ki, iki rəqəmli olsun. Amma inflyasiya hardasa 7-8 faiz civarında olacaq ki, burada əmək haqları və pensiyaların artımının da müəyyən qədər rolu görsənəcək".