Xarici məhsulları Azərbaycanda göstərməyə heç bir ehtiyac yoxdur
10 Yanvar 2013 07:39 (UTC+04:00)
"Ümumiyyətlə, 2012-ci ildə teleradio yayımı sahəsində vəziyyəti
bütövlükdə qənaətbəxş saymaq olar". Bunu Trend-ə müsahibəsində
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan
Məhərrəmli deyib. "Təbii ki, tək Azərbaycanla bağlı deyil, bütün
dünyada olan prosesləri bura əlavə etsək, teleradio yayımı
sahəsində reytinq dalınca qaçma xəstəliyinə uyğun olaraq
verilişlərin keyfiyyətinin aşağı düşmə prosesi gedir. İntellektual
oyunlara, intellektual xarakterli verilişlərə yox, daha çox
şou-biznes xarakterli verilişlərə üstünlük verilir", - Məhərrəmli
əlavə edib. MTRŞ sədri bildirib ki, əhalinin böyük əksəriyyəti daha
çox əyləncə xarakterli verilişlərə üstünlük verir, yəni
düşündürücü, maarifləndirici verilişlərin sayı azdır və özəl
kanallar bunun da əsas səbəbi kimi bu verilişlərin reytinqlərinin
az olmasını göstərirlər.
"Biz Azərbaycanda ilk regional radionun açılması üçün müsabiqə elan
etdik və Gəncə şəhərində regional radionun açılmasına icazə verdik.
Bu, kəmiyyət baxımından müəyyən dəyişiklikdir. Ümumiyyətlə, 2012-ci
ildə rəqəmsal yayıma keçid üçün Azərbaycanda xeyli işlər görüldü və
artıq Azərbaycan ərazisinin 85 faizi rəqəmsal yayımla əhatə olunub,
bu gün Azərbaycanda həm analoq, həm də rəqəmsal yayım həyata
keçirilir. 2013-cü ilin sonuna qədər Azərbaycan tam rəqəmsal
yayımla əhatə olunacaq və analoq yayım dayandırılacaq. Biz bu işdə
tələsmirik. MDB ölkələri rəqəmsal yayıma tam keçid üçün daha çox
2015-ci ili özləri üçün hədd götürüblər, Azərbaycanda isə bu iş bir
az öncə həyata keçiriləcək", - Məhərrəmli əlavə edib.
Onun sözlərinə görə, MTRŞ daim çalışır ki, Azərbaycan televiziya və
radio kanallarında gedən verilişlər Azərbaycanın milli-mənəvi
dəyərlərinə uyğun olsun, Azərbaycanın tarixi və ədəbiyyatı ilə
bağlı olsun, daha çox ölkədə istehsal olunan verilişlər
göstərilsin, yəni milli yayımçı xarakterinə uyğun olaraq milli
istehsal ilə məşğul olsunlar.
"Bizim efirimizin böyük bir hissəsi Azərbaycan xalqına xidmət
etməlidir. Yəni xarici məhsulları Azərbaycanda göstərməyə heç bir
ehtiyac yoxdur, informasiya texnologiyalarının inkişafı nəticəsində
insanların istənilən ölkənin televiziyasına baxmaq imkanı var,
istənilən xarici ölkənin filmlərini, televiziya verilişlərini
izləyə bilirlər. Bu baxımdan artıq biz insanlara seçim vermişik,
insanlar özü seçir, ancaq biz eyni zamanda insanlarımıza seçim
verməliyik ki, bizim yerli televiziya kanallarında olan məhsullara
da baxsınlar. Əgər bizim yerli məhsullarımız olmasa, insanların o
seçimi yoxdursa, biz nə etməliyik? O baxımdan biz bu məsələyə
xüsusi diqqət ilə yanaşırıq və çalışırıq ki, Azərbaycanda bu sahədə
televiziya kanalları öz üzərlərinə düşən məsuliyyəti dərk etsinlər.
Uşaqlarla bağlı verilişlərin, cizgi filmlərinin sayını artırsınlar.
Şou xarakterli verilişlər elə keyfiyyətlə hazırlanmalıdır ki,
insanlarda ikrah hissi doğurmasın. MTRŞ-nin televizya və radio
kanallarında yaradıcılıq işlərinə qarışmaq hüququ yoxdur. Bəzən
milli-mənəvi dəyərlərimizə uyğun olmayan verilişlər yayımlanır və
biz bundan çox narahat oluruq. Ancaq o verilişləri dayandırmaq,
başqa yolla onları məhdudlaşdırmaq hüququ bizdə yoxdur. Təbii ki,
bu işdə bir tənzimləyici yol tapılmalıdır. Bu baxımdan ictimaiyyət
də bu işdə bizə kömək etməlidir, yəni ictimai qınağın özünün də
əhəmiyyəti böyükdür", - Şura sədri deyib.
MTRŞ-nin səlahiyyətlərinin artırılmasına gəlincə, Məhərrəmli
bildirib ki, bununla bağlı təkliflər edilib.
"Təbii ki, biz heç istəmirik ki, yaradıcılıq işləri hamısı müəyyən
bir çərçivədə olsun. Biz bu işlərə qarışmaq istəmirik, amma çox
təəssüf ki, son zamanlar Azərbaycan teleməkanında arzu olunmayan
verilişlərə çox üstünlük verildi və onların da sayı artdıqca
ictimaiyyətin haqlı narazılığına səbəb oldu. MTRŞ-nin da əsas
işlərindən biri ictimaiyyətin maraqlarını qorumaqdır. Bir halda ki
ictimaiyyənt bundan narahatdır, bunun hər hansı bir yolunu tapmaq
lazımdır. Təbii ki, o yolu tapmaq üçün də MTRŞ-nin müəyyən
səlahiyyətləri olmalıdır. Ən azından ictimaiyyətin haqlı
narazılığına səbəb olan verilişlərin qısa müddətdə dayandırılması
məsələsi qoyulmalıdır. Biz belə bir təklif vermişdik, ancaq çox
təəsüf ki, hələ o təklif keçməyib", - Məhərrəmli bildirib.
Azərbaycanda yayımlanan teleseriallarda pis vərdişlərin
göstərildiyi barədə sualı cavablandırarkən o, deyib ki,
Azərbaycanda televiziya seriallarında çoxlu problemlər var.
"Serialların keyfiyyəti bizi qane etmir. Bunu bütün seriallara aid
etmək olmaz, ancaq hələ ki, bu sahədə ciddi dönüş yaranmayıb. Biz
birdən-birə keyfiyyətli seriallar gözləmirdik. Ancaq müəyyən
uğurlar var, eyni zamanda da narazılıq doğuran çoxlu məqamlar var.
Bu, televiziya kanallarında çalışanların hələ keyfiyyətli bir
mərhələyə gəlib çatmamasını göstərir, müəyyən qədər də maliyyə
imkanları ilə bağlı olan məsələdir", - Məhərrəmli qeyd edib.
Onun sözlərinə görə, MTRŞ-nin teleserialların çəkilişləri ilə hər
hansı bir bağlılığı yoxdur. "Bu, bizim üçün əlavə bir iş oldu. Biz
kino sahəsində mütəxəssislər deyilik. Bu sahə ilə daha çox
Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı,
kinostudiyalar məşğul olmalıdırlar. Ancaq biz o zaman xarici
serialları dayandırandan sonra bizim qarşımızda efiri doldurma
məsələsi durdu. Ona görə biz bu məsələni birbaşa televiziya
kanalları ilə görmək məcburiyyətində qaldıq. Ancaq çox təəssüf ki,
bizim bəzi televiziya kanallarımızdakı insanlar özləri film
çəkməyə, rejissor olmağa başladılar. Bu, doğru deyil, hər kəs öz
işi ilə məşğul olsa, daha gözəl olar", - Məhərrəmli deyib.