Azərbaycan-Türkiyə hərbi birliyinin yeni modeli təklif olunur
10 Yanvar 2013 13:09 (UTC+04:00)
Son zamanlarda Rusiya ilə torpaqlarımızın 20 faizini işğal edən
Ermənistanın hərbi cəhətdən bir-birinə daha da yaxınlaşması
tendensiyası gedir. Bu yaxınlarda Moskva Ermənistandakı 5 milyard
dollar həcmindəki bir sıra hərbi obyektlərini də təmənnasız olaraq
İrəvana verdi. Həmçinin Rusiya İrəvanı müasir hərbi texnika ilə də
təmin etməyə başlayıb.
Bölgəmizdə cərəyan edən belə bir fonda Azərbacyanla Türkiyə
arasında hərbi ittifaqın yaradılması məsələsi yenidən aktual olaraq
gündəmə gəlir. Çünki təcavüzkar Ermənistanın Rusiyanın dəstəyilə
hərbi cəhətdən güclənməsi Azərbaycanın maraqlarına uyğun deyil.
Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün alternativ
variantlar üzərində düşünməlidir ki, belə variantlardan biri də
indilikdə Türkiyə ilə hərbi ittifaqın yaradılması olardı. Düzdür,
son illər Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində
də geniş addımlar atılıb. Hər iki ölkə bütün sahələr üzrə strateji
tərəfdaş qismindədir. Azərbaycanın erməni işğalı nəticəsində
üzləşdiyi Qarabağ problemi isə hələ də cözülmək bilmir. Belə fonda
isə torpaqların azad edilməsi istiqamətində müharibə ehtimalı da
artır. Bu vəziyyətin özü də Azərbaycanla Ankara arasında hərbi
ittifaqın vacib olması aktuallağını artırır. Görəsən, sözügedən
məsələ barədə ekspertlər nə fikirdədirlər?
Sözügedən hərbi ittifaqın olmasını arzulayan digər ekspert Elşən
Mustafayev də bununla belə həmin məsələnin hazırkı məqamda baş
tutacağının real olmadığı qənaətindədir: "Türkiyə ilə Azərbaycan
arasında hərbi ittifaq amilini iki hissəyə bölmək olar.
Ermənistanla Rusiya arasında hərbi müqavilə və hərbi ittifaq rəsmi
şəkildə mövcuddur. Hətta həmin ittifaq rəsmi şəkildə olmadığı
illərdə belə Moskva ilə İrəvan arasında qeyri-rəsmi şəkildə hərbi
əməkdaşlıq vardı. Azərbaycanla Türkiyə arasında hərbi ittifaq
məsələsi isə tamamilə başqa məsələdir. Türkiyənin NATO üzü olduğunu
nəzərə alsaq, onun ölkəmizdə hər hansı bir hərbi hissəsinin
yerləşdirilməsi birbaşa olaraq NATO-nun Azərbaycanda təmsil
olunması kimi qiymətləndirilə bilər. Bu da regionun hazırkı siyasi
müstəvisində qəbuledilməzdir. Ən azından ona görə ki, Moskva buna
imkan verməz. Sözsüz istərdik ki, Türkiyə kimi qüdrətli bir dövlət
Azərbaycanla hərbi müttəfiq olsun. Təəssüf ki, bu, indiki halda
mümkün deyil. Gələcəkdə isə situasiyadan asılı olaraq bu baş verə
bilər. O ki, qaldı Rusiyanın Ermənistanda hərbi gücünü gücləndirmək
səyləri burada Türkiyədə yerləşdirilən "Patriot" tipli raket
məsələsinin də rolu vardır. Türkiyə bu raketləri Suriyadan ola
biləcək təhlükənin qarşısını almaq üçün yerləşdirsə də, Rusiya bunu
həm də özü üçün təhlükə sayır. Ona görə də regionda baş verən
geosiyasi situasiya ilə bağlı olaraq Moskva da müəyyən manevrlərə
gedir".