“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya
bilər”.
Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Türkiyə Dağlıq Qarabağı təcridolunmadan azad edərək,
regionda normal iqtisadi münasibətləri təmin edərək bunu edə bilər:
“Bu bizim üçün çox vacib faktordur. Ermənistan və Türkiyə Dağlıq
Qarabağ münaqişəsi nəzərə alınmadan əldə etdikləri razılaşmanın
icrasına başlasa, çox sevinərik. Lakin biz belə hiss edirik ki,
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Dağlıq
Qarabağ münaqişəsinin həlli açar rolunu oynayır”.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə
Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında
başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda
Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib.
Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf
7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal
olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında
Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs
sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul
olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt
sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri
Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa,
İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət
həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması
ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə
qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən
BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və
qurumların qətnamələri mövcuddur.