“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq”. |Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə münaqişəsinin nizama salınmasında
pozitiv rol oynaya bilər: “Əgər Ermənistan və Türkiyə Qarabağ
münaqişəsinə baxmayaraq, öz münasibətlərini yoluna qoya
biləcəklərsə, biz bundan yalnız şad olacağıq. Lakin bizim fikrimiz
budur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması
münaqişənin nizama salınmasından keçir”. S. Lavrov qeyd edib ki,
Ermənistanın blokadan çıxarılması, regionda qarşılıqlı əməkdaşlığın
qurulmasnda Türkiyə əhəmiyyətli rol oynaya bilər.
Rusiyalı diplomatın sözləri ilk baxışdan Türkiyəni də Qarabağın
həllinə cəlb etməkdə maraqlı olduğuun göstərir. Politoloq Araz
Aslanlı bildirdi ki, Qarbağ probleminin ortaya çıxmasında regiondan
kənar güclərin regionla bağlı maraqları, mübarizələri rol oynayıb:
“Problemin həlli ilə bağlı məsələdə də regiondan kənar amillər
əhəmiyyətlidir. Xüsusən də Türkiyə son illər xarici siyasətdə
fəallaşıb. Ümumiyyətlə, Qarabağ problemini düşünərkən
Rusiya-Türkiyə münasibətlərini kənarda qoya bilmərik. Yəni,
Rusiya-Türkiyə münasibətlərinin Qarabağ probleminin həllinə mütləq
təsiri var.
Ancaq iki ölkə arasındakı münasibətlərində müsbət meyllərin
uzunmüddətli xarakter daşıyıb- daşımayacağı önəmli məsələdir.
Xüsusən də Rusiya buna nə qədər inanır? Türkiyənin hərəkətlərindən
Rusiya ilə münasibətlərini yaxşılaşdırmaqda maraqlı olduğunu ayırd
etmək mümkündür. Xüsusən də Cənubi Qafqaz, Yaxın Şərq və Orta Asiya
regionunda Türkiyə Rusiya ilə əməkdaşlıq meyllərini artırmq
istəyir. Amma Rusiyanın qarşılıqlı addımları hələlik Türkiyənin
arzu etdiyi səviyyədə deyil. Əgər doğurdan da Sergey Lavrov
açıqlamasında Rusiyanın niyyətini tam ortaya qoyursa, Rusiyanın
səmimi niyyət varsa, Qarabağ məsələsində də müsbət nəticələrin
ortaya çıxma ehtimalı yüksəkdir. Düzdür, Ermənistan bunu istəməsə
də, Rusiya-Türkiyə yaxınlaşması səmimi olarsa, problemin həllinə
ciddi töhfə verə bilər. Ancaq buna şübhələnməyə dəyər. Çünki,
Rusiyanın da Türkiyə ilə bağlı şübhələri tam ortadan qalxmayıb.
Yəni, Rusiya üçün bu sual maraqlıdır ki, Türkiyə münasibətlərdə
strateji xəttə gələcək, yoxsa, manevr edir? Bu şübhələr ortadan
qalxarsa və Rusiya Yaxın Şərq, Orta Asiya ilə də niyyətlərini
dəyişərsə, töhfələr real olacaq. İndiki vəziyyətdə isə Rusiyanın
çıxışları manevr xarakterlidir. Bunu Ermənistanın hərəkətlərindən
müşahidə edə bilərik. Rusiya deyir, Ermənistan qarşı çıxır. Ancaq
Rusiyanın niyyəti real olarsa, Ermənistanın qarşı çıxışı həlledici
yox, kosmetik olacaq. O zaman isə problemin həlli daha real
olacaq”.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar
Zifəroğlunun fikrincə, Türkiyənin münaqişənin həllinə cəlb edilməsi
yalnız müsbət anlamda şərh edilə bilər: “Lakin erməni tərəfinin
buna razı olmayacaqları da bəlli həqiqətdir. Rusiya sadəcə olaraq,
Türkiyənin adını qabartmaqla, erməni tərəfinə müəyyən mesajlar
ötürə bilər. Amma düşünmürəm ki, şimal qonşumuz səmimi şəkildə
qardaş ölkənin münaqişənin həllində aktiv rol oynamasına imkan
yaratsın”.
Mübariz BAYRAMOV