Bu qış 3700 yaşayış binası istiliklə təmin olunacaq. Bu barədə
Movqe.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent
və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. R.
Əliyev bildirib ki, ötən il istilik almayan 132 yaşayış binası isə
bu mövsümdən mərkəzləşmiş istilik şəbəkəsinə qoşularaq istiliklə
təmin olunacaq: “Hansı ki, bu binalar ötən il istilik ala
bilmirdilər. Qeyd edim ki, ötən il 3568 yaşayış binasına istilik
verilib. 2016/2017-ci illər payız-qış mövsümündə 3700 yaşayış
binası istiliklə təmin olunacaq”.
R. Əliyev bildirib ki, bu mövsüm , 280 məktəbin, 155 uşaq
bağçasının, 155 səhiyyə müəssisəsinin və 780-ə yaxın digər sosial
obyektlərin istiliklə təmin olunması nəzərdə tutulubdur: “Həyata
keçirilmiş tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC
tərəfindən növbəti payız-qış mövsümündə 538 qazanxana və 92 istilik
məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcəkdir.
Şöbə rəisi həmçinin qeyd edib ki, bundan başqa sakinlər tərəfindən
müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və
zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC
tərəfindən 956 saylı “Çağrı mərkəzi” istifadəyə verilibdir: “Bu da
sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində
araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik
enerjisi ilə təmin olunmasına şərait yaradacaqdır. Eyni zamanda
“Azəristiliktəchizat” ASC-nin azeristilik.gov.az saytı vasitəsilə
də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları
maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər
tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması
məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan
Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş
idarə sistemi olan hökumət ödəniş portalına və respublikada
fəaliyyət göstərən ödəniş terminalları və portallarına
qoşulubdur”.
R. Əliyev bildirib ki, 2016-cı ilin təsdiq olunmuş tədbirlər
planına əsasən 539 qazanxana və 92 istilik məntəqəsi kompleks
yoxlanılıb, 307 odluq təmir olunub, 358 ədəd qazan aqreqatı əsaslı
və cari təmir olunub, 1096 ədəd qazan mexaniki və kimyəvi üsulllara
təmizlənibdir. 19970 ədəd siyirtmə və ventil təftiş olunaraq,
onlardan 2292 ədədi əsaslı, 2377 ədədi cari təmir olunub. 1075
ədədi isə yenisi ilə əvəz edilib. 818 ədəd qoruyucu klapan
yoxlanılıb, təmir olunaraq tənzimlənibdir.
Şöbə rəisi magistral və məhəllədaxili İstilik xətlərində 16200 m2
istilik örtük qatı, qazanlarda 10550 m2 kərpic və dam örtüyünün
təmir edildiyini vurğulayıb. O, bildirib ki, bundan başqa 577 ədəd
kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və
Na-kationit süzgəclərində 20 ton kationit materialları
dəyişdirilibdir.
Zülfiyyə QULUYEVA