Qarabağ şərtlərini Azərbaycan diqtə edir

2 Dekabr 2016 09:15 (UTC+04:00)

Erməni tərəfinin Qarabağa dair danışıqlarda indiki mövqeyi 90-cı illərdəkindən daha zəifdir.Bu barədə Erməni Milli Konqresi müxalif fraksiyasının rəhbəri, deputat Levon Zurabyan spiker Qalust Saakyana cavab olaraq deyib. Saakyan bildirmişdi ki, Erməni Milli Hərəkatının lideri Levon Ter-Petrosyan o vaxt torpaqları verməyə razı idi.

“Aydındır ki, 90-cı illərdə Azərbaycanın mövqeləri zəif idi. Bakı o vaxt münaqişənin sülh yolu ilə nizamlanmasına öz razılığını verdi. Ermənistan isə güclü tərəf kimi danışıqlar aparırdı. İndi isə danışıqlarda şərtləri Azəbaycan diqtə edir və hətta şərtlərin erməni tərəfinin xeyrinə dəyişməsinə imkan vermək istəmir. Bu günün reallığı bax budur. İndiki danışıqlarda hakimiyyət barışmaz mövqelərdən  çıxış edir, ancaq əslində prosesi dalana dirəyir”-Levon Zurabyan bildirib. 
Prosesin gedişi həqiqətən də onu göstərir ki, artıq münaqişə ətrafında gedən danışıqlarda diqtə edən tərəf Azərbaycandır. Bu, həm də Azərbaycanın güclnəmsəi və haqlı, ədalətli mövqeyinin dünya ictimaiyyəti tərəfindən tanınması, qəbul edilməsilə bağlıdır. Yəni beynəlxalq arenada da son illər Bakının mövqeyilə daha çox hesablaşmağa başlayıblar. İşğalçı Ermənistanın isə dünya miqyasında mövqeyi tamamilə sıfır səviyyəsinə enib. Artıq beynəlxalq ictimaiyyət ermənilərin yalanlarına aldanmır. Deməli, artıq diplomatik cəbhədə də şərtləri Azərbaycan diqtə edir. Hərbi müstəvidə də həmçinin, bunu  aprel döyüşləri əyani şəkildə göstərdi. 4 günlük hərbi əməliyyatlar erməni işğalçı dəstələrinin Azərbaycan Ordusu qarşısında tab gətirmək gücündə olmadığını bir daha nümayiş etdirdi. Bütün bunların fonunda da hazırda şərtləri rəsmi Bakı diqtə edir. 
Beləliklə, şərtləri Azərbaycanın diqtə etməsi fonunda Qarabağ münaqişəsinin həllində hansı yenilik gözləmək olar?
Politoloq Vüqar Zifəroğlu qeyd edir: “Azərbaycan tərəfi hər zaman Dağlıq Qarabağ problemilə bağlı olaraq özünün obyektiv mövqeyini sərgiləyib. Bu problem keçən əsrin 90-cı illərin əvvəllərindən ortaya çıxandan üzü bəri Azərbaycanın birmənalı şəkildə mövqeyi ondan ibarət olub ki, münaqişə beynəlxalq hüquq müstəvisində həll olunmalıdır. Beynəlxalq hüquq isə onu diqtə edir ki, bu cür münaqişələr hər hansı bir ölkənin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu mənada Azərbaycanın mövqeyinin güclü olması təbiidir. Amma məsələ ondadır ki, həmişə məhz ondan əziyyət çəkirik, haqlı və düz mövqedə olmağımıza və bu istiqamətdə atdığımız addımların daha da güclənməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin məsələyə münasibəti heç də həmişə obyektiv olmayıb. Yəni ikili yanaşmadan həmişə əziyyət çəkirik. 
Qərbin, Rusiyanın, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili münasibəti indiyədək münaqişənin həll olunmasının qarşısını alıb. Bəli, mövqeyimiz güclüdür. Aprel əməliyyatlarından sonra gücümüz daha da artdı. Həm siyasi-diplomatik, həm də hərbi nöqteyi-nəzərdən mövqelərimizi çox gücləndirdik. BMT-nin 4 qətnaməsi də mövqelərimizin güclü olmasından xəbər verir.  Amma problem hələ də həllini tapmayıb, uzanmaqda davam edir. Açıq danışaq, Cənubi Qafqazda bu kimi münaqişələrin olması və onun həll olunmamış qalması iri dövlətlərin maraqları çərçivəsindədir. Rusiyanın ikili standartlardan çıxış etməsi problemin həllinə imkan vermir. Bu mənada problemin həll edilməsinə onların yardım etməmələri bir yana qalsın, sanki məsələni daha artır dərəcədə mürəkkəbləşdirməyə cəhd göstərirlər”. 
Milli Məclisin üzvü, politoloq Elman Nəsirov qeyd etdi ki, şərtlərin Azərbaycanın diqtə etməsi fonunda münaqişənin həllində hansısa yeniliklərin gözlənilməsi işğalçı dövlət və onu himayə edənlərin bundan sonra tutacaqları mövqedən asılıdır. Əks təqdirdə, proseslər tamamilə başqa müstəvidə cərəyan edə bilər:  “Levon Zurabyanın 90-cı illərlə indiki vəziyyəti müqayisə etməsinə gəldikdə, onu qeyd edim ki, Azərbaycan həqiqətən də o dövrlərdə kifayət qədər zəif idi. Ermənistan da bu fonda Rusiyanın dəstəyilə torpaqlarımızı işğal etdi. İndi isə Azərbaycan regional liderdir. Ölkəmiz artıq o səviyyəyə gəlib çatıb ki, iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunub. 
Dünyanın taleyini müəyyən edən məsələlərlə bağlı Azərbaycanın mövqeyi nəzərə alınır. Azərbaycan, Prezident İlham Əliyevin sözlərilə desək, dünyada elə də böyük bir dövlət deyil, lakin sözümüzün mənası və çəkisi böyükdür. Azərbaycan bir fikir, mövqe bildirirsə, onun arxasında konkret əməli addımlar dayanır. Bu əməli addımlar da imkan və potensialımıza söykənir. 
İndi Azərbaycan hərbi, iqtisadi potensialına, demoqrafik üstünlüklərinə görə Ermənistandan qat-qat güclüdür. Bu, hər kəsə bəllidir. Aprel döyüşləri də bu reallığı bir daha təsdiqlədi. Bir daha aydın oldu ki, Azərbaycan münaqişənin hərbi yolla, həm də beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq imkanına malikdir. Ermənistan tərəfinin bu narahatlılığının motivlərini başa düşmək olar. Vaxtilə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da “Azərbaycan nə qədər ki, həddən artıq güclənməyib, onun irəli sürdüyü indiki şərtlərlə münaqişəni həll edək” fikrini səsləndirmişdi. O, daha sonra demişdi, “Bir zaman gələ bilər ki, Azərbaycan artıq bu şərtləri qəbul etməz. Nə qədər gec deyil, məhz indiki məqamda gəlin Azərbaycanla kompromisə gələk. Bir gün bu da gec olar”. Bəli, əslində, Levon Ter-Petrosyan bu məsələdə haqlı idi ki, Azərbaycan o qədər güclənəcək ki, bir çox hallarda  ümumiyyətlə, şərtlərə yenidən baxılmasını tələb edəcək. Azərbaycan sülhpərvər dövlətdir, münaqişəni dinc yolla həll etmək istəyir. Beynəlxalq birlik, ictimaiyyət, ATƏT-in Minsk qrupu həmsədrləri gözəl dərk edirlər ki, bizim də səbrimizin bir hüdudu, sonu ola bilər. Konflikt dinc yolla həllini tapmazsa, bu vəziyyətlə barışmayacağıq. Azərbaycan məcburi addım olaraq hərbi yolu seçə bilər. Aprel döyüşləri də göstərdi ki, hərbi potensialımızın güci bir hissəsindən istifadə etməklə Ermənistanı darmadağın edə bilərik. Bu mənada bütün hərbi potensialımız işə salınsa, Ermənistanı nə gözlədiyini hesablamaq bu qədərmi çətindir?  Hesab edirəm ki, Zurabyan məhz bu reallığın fərqindədir. Ona görə də həyəcan təbili çalır ki, artıq şərtləri Azərbaycan diqtə edir. 
Azərbaycan bu gün həqiqətən də şərtləri diqtə edir. Lakin sabah biz artıq diqtəni təkcə mövqelərimizdə, bəyənatlarımızda deyil, həm də birbaşa hərbi fəaliyyətimizlə də təsdiqləyə bilərik. Bunu gərək, papaqlarını qarşılarına qoyaraq düşünsünlər. 
Hadisələrin bundan sonrakı inkişafına görə bütün məsuliyyət işğalçı Ermənistan və ona havadarlıq edən tərəflərin üzərinə düşəcək. Çünki hər şeyin bir sonu olduğu kimi danışıqlar prosesinin də bir sonu olmalı, Ermənistanın müddətsiz danışıqlar taktikasına son qoyulmalıdır. Qoy, Ermənistan bu barədə fikirləşsin. Əks halda, hadisələr tamamilə fərqli müstəvidə inkişaf edə bilər. Hərbi müstəvi fonunda isə Ermənistan növbəti dəfə daha sarsıdıcı, biabırçı məğlubiyyətlə üz-üzə qalacaq”.
Rüfət NADİROĞLU