Radikal müxaliflərin mitinq iflası

24 Aprel 2012 15:04 (UTC+04:00)

Artıq qüvvələri tükənmək üzrə olan radikal müxalifət aprelin 22-nə növbəti uğursuz mitinqini təşkil etdi. Bu aksiya da əvvəlki tək az insanın cəlb olunması ilə yadda qaldı. Belə ki, aprelin 8-də baş tutan mitinqə müxalifətdən cəmi 1200 adam qoşulmuşdusa, bu dəfə tədbirə gələnlərin sayı daha az olması ilə yadda qaldı.

Az sayda insanın gəlməsilə nəticələnən son mitinq də İctimai Palatada cəmləşən müxalifətin sosial bazasının azalmaqda davam etdiyini göstərdi. Halbuki, müxalifət təmsilçiləri birinci aksiyadan sonra mitinqə daha çox insanın gələcəyini iddia edirdi. Amma real mənzərə müxalifətin bu istəyinin uğursuzluğa düçar olduğunu ortaya qoydu. Vəziyyətin belə davam etməsi isə verilən məlumatlara görə müxalifət təmsilçilərinə daha ağır mənəvi zərbə vurub.

Beləliklə, son mitinqdə müxalifətin car çəkməsinin əksinə olaraq kəmiyyət baxımından artım baş vermədi, əksinə əvvəlkinə nisbətən müəyyən qədər azalma müşahidə olundu. Belə vəziyyət isə növbəti dəfə müxalifətin mitinq taktikasının iflasa, fiaskoya uğradığını göstərir. Burada əsas məqam adamların az yığılması ilə bağlıdırsa, ikincisi şüarlar məsələsilə bağlıdır. Belə ki, aksiyada səslənən şüarlar köhnə olması ilə seçilirdi. Mitinq iştirakçıları çeynənmiş fikirlər səsləndirirdilər. İkincisi proses göstərdi ki, aksiya iştirakçıları çıxış etməyə belə adam tapmayıblar. Ona görə də yoldan keçən birinə, ikisinə çıxış üçün söz verməklə işlərini bitmiş hesab ediblər. Digər tərəfdən öz ana dilimiz ola-ola şüarların əksəriyyəti ingilis dilində verilmişdi. Bu da biabırçı vəziyyətdir. Proses müxalifətin mitinq erasının bitmək üzrə olduğundan xəbər verir. Halbuki əhalini aksiyalara dəvət etmək üçün dəridən-qabıqdan çıxmışdılar. Müxalifətə xidmət edən kütləvi informasiya vasitələri bu istiqamətdə geniş təbliğat qurmuşdu. Amma onların canfəşanlığına baxmayaraq, görünən odur ki, müxalifətin mitinq eyforiyası artıq arxada qalıb. Əhali artıq bu müxalifətə inanmır, ona görə də onların təşkil etdiyi aksiyaların həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyəti günü-gündən aşağı düşür. Belədə müxalifət son icazəli aksiya nəticəsində nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi. Yəni artıq cəmiyyət əyani olaraq müxalifətin gücünün tükənmək üzrə olduğunun bir daha şahidi oldu.

Yaşıllar Partiyasının sədri Mais Güləliyev bildirdi ki, İctimai Palatanın təşkil etdiyi mitinqlərdə iştirak edən kütlənin sayının azalma istiqamətində gedəcəyinə əvvəldən məlum idi: "Müxalifətin təşkil etdiyi birinci mitinqdən sonra proqnoz vermişdim ki, onların ikinci aksiyası bəlkə də birincidən bir qədər canlı ola bilər. Ancaq ikinci aksiyadan sonra proses sönmək istiqamətində cərəyan edəcək. Çünki istənilən fəaliyyət, adətən, ilk anlarda cəlbedici olur, sonrakı mərhələdə isə onun arxasında hansı məqsədlərin dayandığının və siyasi mübarizə motivasiyasının aydın olmaması hiss olunur. Belədə əhalinin siyasi aktivliyi sönmək istiqamətində davam edir. İctimai Palatanın təşkil etdiyi aksiyalar da məhz bu istiqamətdə cərəyan edir. Burada böyük perspektivlər gözlənilmir. Müxalifətin son 15 ildə fəaliyyətinin motivasiyası real ictimai-siyasi hadisələrin araşdırılmasına söykənməyib. Siyasi mübarizə motivasiyası aydın olmadığından yalnız fraqmental, bir qədər əsası olmayan narazılıqlar və ondan sui-istifadə etmək istəyən bəzi siyasi qüvvələr bununla əhalinin siyasi proseslərə az olan inamını daha da öldürür. İctimai Palata fəaliyyətə başlanandan hiss olunur ki, əsas məqsədləri əhalinin narazı təbəqəsini hansısa bir bəhanə ilə ətrafında toplamaqla onları öz siyasi ambissiyalarına tabe edərək bundan sui-istifadə etməkdir. Ölkənin çox az sayda olsa da müəyyən insanlar həmin bu sui-istifadələrin qurbanına çevrilir. Müxalif partiyaların pozitiv dəyişikliklərə yönəlik proqramının və onun həyata keçirilməsində aydın siyasi vasitələrin olmaması sonda həmin insanların yenidən siyasi proseslərdən uzaqlaşmasına gətirib çıxarır. Onların aksiyasında yenilik də müşahidə olunmadı. Şüarları belə əsaslandırılmış proqram şəklində deyildi. Bir yandan da ingiliscə verilmişdi. Aksiyada səslənən şüarlar problemin həllinə yönəlik də deyildi. Buradan görünür ki, onlar narazılıqları xarici təşkilatlara yönəltmək istəyirlər. Şüarlardan da göründüyü kimi, müxalifətin fəaliyyəti əslində Azərbaycanın daxili işlərinə qarışmaq üçün xarici qüvvələrin çağırılmasına hesablanıb. Özü də mitinqdəki şüarlar qıcıqlandırmaq məqsədi daşıyır. Bütün bunlar onu göstərir ki, İctimai Palatada toplaşanların ictimai-siyasi hadisələrlə bağlı ciddi araşdırmaları yoxdur".

Həsən İSLAMOV