"İctimai Palatanın aprelin 22-də keçirilən mitinqi sıradan bir mitinq olaraq yadda qaldı. Müxalifət artıq isteriyaya qapılıb". Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Partiya sədrinin sözlərinə görə, müxalifət dəfələrlə xalqa yalandan vədlər verib: "Həmin radikal düşərgənin üzvləri hələ də anlaya bilmirlər ki, insanlar İctimai Palatada təmsil olunan partiyaların boş vədlərinə inanmaq istəmir. Bunların gücündən, sosial bazasından danışmağa belə dəyməz. Müxalifət artıq dərk etməyə başlayıb ki, Azərbaycanda iqtidar-müxalifət münasibətləri sıfır səviyyəsindədir. Azərbaycanda yalnız hakimiyyət və xalq münasibətləri mövcuddur. Xalq birbaşa öz sözünü hakimiyyətə deyir və ondan ümid gözləyir".
Partiya sədri hesab edir ki, bunların əsas məqsədi ancaq və ancaq Azərbaycan dövlətinə təzyiq göstərmək, ölkəni sarsıtmaq, siyasi stabilliyi pozmaqdan ibarətdir: "Sözügedən qüvvələr bəri başdan çox gözəl bilirlər ki, keçirdikləri mitinqlərin müsbətə doğru heç bir nəticəsi olmayacaq. Yəni hər zaman olduğu kimi, bu dəfə də müxalifət qüvvələrinin arzusu arzu olaraq ürəklərində qalacaq".