Qaydanı pozan piyadaların cərimədən yayınmaq üsulları-İlk səhv bağışlana bilərmi?

3 Mart 2017 14:27 (UTC+04:00)

Paytaxtda piyadaların təhlükəsiz hərəkəti üçün yol və prospektlərdə çoxsaylı keçidlər var. Amma bununla belə hələ də keçid olan yerdə piyadaların yolun hərəkət hissəsindən keçməsi hallarına rast gəlinir. Buna görə piyadalara cərimə tətbiq olunsa da, bəzən piyadalar yol hərəkət qaydasını ilk dəfə pozmağa görə cərimə yox, xəbərdarlıq olunmasını tələb edirlər. Bəs görəsən qanunla bu məsələ necə tənzimlənir? 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Movqe.az-a açıqlamasında deyib ki, qanunda yol hərəkəti qaydasını pozarkən piyadalara hər hansı güzəşt nəzərdə tutulmur: “Fərqi yoxdur piyada yol hərəkəti qaydasını neçənci dəfə pozur. Ümumiyyətlə qanunda xəbərdarlıq növündə inzibati tənbeh tədrbiri yoxdur. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 20 manat məbləğində cərimə olunurlar. Qaydanı pozan piyada heç bir halda yol polisindən ilk dəfə qaydanı pozduğu üçün güzəşt tələb edə bilməz. Əgər piyada yol hərəkəti qaydasını pozubsa, buna görə qanunvericiliyin tələbinə uyğun şəkildə cərimələnirlər”.


Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov isə deyir ki, bəzən piyadalar bu cür üsullara əl ataraq inzibati cəzadan yayınmaq istəyirlər: “İnzibati Xətalar Məcəlləsinin 338.1.1. 338.1.2. maddələrinə görə,  piyadalar yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə- cərimə 20 manat cərimə olunurlar. Bu qanun 16 yaşdan yuxarı hər kəsə şamil olunur. Əgər kimsə ilk dəfə yol hərəkəti qaydasını pozduğunu əsas gətirirərək məsuliyyətdən boyun qaçırmaq istəyirsə bu doğru deyil. Çünki, qanunvericilikdə xəbərdarlıq nəzərdə tutulmayıb”.
Həmsöhbətimiz deyir ki, əvvəllər qanunla xətanın az əhəmiyyətli olması onu məsuliyyətdən azad edə bilirdi. Amma bu maddə artıq ləğv olunub. 
Ə. Hüseynov deyir ki,  son vaxtlar piyadalar tərəfindən yolun müəyyən olunmayan yerindən keçdiyinə görə cərimə edilənlərin sayı artıb: “Bu, bu cür halların aşkarlanması, nəzarətin artması ilə bağlıdır. İndi bu məsələyə nəzarət tədbirləri gücləndirilib”.


Hüquqşunas bəzən yol  polislərinin piyadanın yol hərəkəti qaydasını pozmasına mane olmamasına da münasibət bildirdi: “Düzdür elə hallar olur ki, yol polisi piyadanın qanun pozuntusuna yol verməsini gözləmək yerinə, onu qaydanı pozmaqdan çəkindirə, xəbərdarlıq edə  bilər. Bəzən yol polisləri görünməyən yerdə də dayanırlar. Amma qanuna baxanda yol polisinin işi odur ki, qaydanı pozanı cərimə etsin”.
Ə. Hüseynovun sözlərinə görə, bununla belə cərimə tətbiq etməklə yanaşı bu işdə marifləndirməyə də üstünlük verilməlidir.
Qeyd edək ki, piyadalar svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə də 20 manat cərimə oluna bilərlər. 

Zülfiyyə QULUYEVA