Sülh Platforması erməni iqtidarı üçün ciddi təzyiqə çevrilir

4 Mart 2017 10:00 (UTC+04:00)

Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulanlrın sayı dünya boyu artır.  Bəs, platformaya qoşulanların sayının dünya miqyasında artması beynəlxalq aləmdə Ermənistana qarşı yeni təzyiq vasitəsinə çevrilə bilərmi?

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Sülh Platforması beynəlxalq ictimaiyyətin həqiqətləri dərk etməsində, problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin önə çıxmasında mühüm rol oynayacaq. Bu baxımdan da platforma beynəlxalq aləmdə həmin bəşəri şərtlərə əməl etməyən Ermənistana qarşı ciddi təzyiq vasitəsinə çevrilə bilər: “Sülh Platforması tarixin müəyyən mərhələlərində geniş səpkidə və uğurla istifadə edilmiş siyasi texnologiyalardan biridir. Azərbaycanda belə bir platformanın irəli sürülməsi ilk növbədə Dağlıq Qarabağ probleminin həll edilməsinə, müharibənin istisna edilməsinə yönəlib. Ancaq bu, istənilən variantda deyil, ilk növbədə beynəlxalq hüquq normalarına əməl edilməsi, Ermənistanın Azərbaycanın torpaqlarının işğalına son qoyulması şərtilə irəli sürülüb. Prinsipcə də bu belədir. 
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq təşkilatların qərarlarında, eləcə də erməni siyasilərinin özlərinin etiraflarında kifayət qədər özünə yer tapıb. Demək olmaz ki, bu təşəbbüs problemi həll edəcək və yaxud Ermənistan rəhbərliyini ciddi düşünməyə məcbur edəcək. Ancaq bu, bir xalq təşəbbüsüdür və  o, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın probleminə yönəltmək məqsədi daşıyır. Cəmiyyətin bununla bağlı məlumatlandırılmasının vacib olduğunu vurğulayır. Ümumən götürəndə, təşəbbüs özünə yer tapır. Yəni, təşəbbüs təkcə birbaşa münaqişənin həllilə bağlı olan insanlara deyil, ona maraq göstərən, töhfə verən insanlar arasında da böyük populyarlıq qazanıb. Hesab edirəm ki, Sülh Platforması ümumən götürdükdə ictimaiyyətin məlumatlandırılması, problemin beynəlxalq hüquq normaları ilə həll edilməsinin vacibliyinin önə çəkilməsində böyük rol oynayır”. 
Siyasi icmalçı Azər Həsrət düşünür ki, Platformaya qoşulanların sayının artması Ermənistan daxilində belə ona qarşı olan hakimiyyətə təzyiqlərin artması ilə nəticələnəcək: “Ermənistan-Azərbaycan Sülh Platformasına dünya miqyasında qoşulanların sayının artması faktının özü ölkəmizin doğru yolda olduğunu göstərir. Çünki həm Ermənistanda, həm də xaricdə yaşayan ermənilərin platformaya qoşulması onu göstərir ki, insanlar doğrudan da Azərbaycan torpaqlarının işğal altında olduğu və bu işğala son verilərək iki xalqın normal, dinc yaşaya bilməsinin vacib olduğunu dərk edirlər. Ona görə düşünürəm ki, Ermənistan hakimiyyəti üzərinə düşən vəzifəni doğru müəyyənləşdirməyə məcburdur. Çünki istər-istəməz platforma ilk qığılcımdır və getdikcə genişlənir. Genişlənmə də nəticədə ona gətirib çıxaracaq ki, Ermənistan daxilində böyük və geniş ictimai rəy hakimiyyətdən məhz bu platformada qoyulan prinsiplər əsasında konfliktin həllini tələb edəcəklər. O baxımdan düşünürəm ki, ölkə daxilində Ermənistan hakimiyyətinə bir təzyiq dalgası başlaya bilər ki, münaqişə tezliklə məhz platformadakı prinsiplər əsasında həllini tapsın”.
Rüfət NADİROĞLU