İran-Azərbaycan münasibətləri inkişaf edir, münasibətlər sürətlə yaxşılaşır. Münasibətlərin sürətlə yaxşılaşması fonunda isə əvvəllər mövcud olan problemlərin, mübahisələrin həlli üçün də əlverişli situasiya yaranır.
Bakı ilə Tehran arasında Xəzərin hüquqi statusu və bu dənizdəki mübahisəli yataqların kimə məxsusluğu məsələsində fikir ayrılığı uzun illərdir ki, davam edir. Amma son illər bu istiqamətdə mübahisələrin həll edilməsi üçün ən azından danışıqlar aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin İrana olan son səfəri də münasibətlərdə mövcud olan inkişafın bariz nümunəsidir. Bu fonda Xəzərdə mübahisəli yataqlar mövzusunun da həllini tapmasını gözləmək olarmı? Çünki iki ölkə Xəzər dənizindəki neft mənbələrinin istifadəsinə dair əməkdaşlığı inkişaf etdirmək istəyir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov düşünür ki, iki ölkə arasında əlaqələrin inkişafı fonunda gələcəkdə Xəzərdəki mübahisəli yataqlar məsələsi də öz həllini tapa bilər: “İranla Azərbaycan arasında əlaqələrin genişlənməsi fonunda Xəzər dənizində iki ölkə arasında mövcud olan mübahisəli yataqlar mövzusunun da nəhayət ki, qapanacağı ilə bağlı indidən nəsə söyləmək bir qədər çətin məsələdir. Təbii ki, istənilən formada iki ölkə arasında iqtisadi, həmçinin siyasi münasibətlərin inkişaf etdirilməsi gələcəkdə Xəzərdə mövcud olan mübahisəli məsələlərin həllinə müsbət töhfə verə bilər.
İstənilən formada həm Xəzərin statusu, həm də mübahisəli yataqlarla bağlı məsələlər qarşılıqlı formada kompromis tələb edir. Belə bir halın baş verməsi təbii ki, münasibətlərin daha geniş və yüksək səviyyədə inkişaf etdiyi dövrlərdə mümkün olacaq. Məsələyə bu cür yanaşdıqda görürük ki, İranla Azərbaycan arasında iqtisadi-siyasi əlaqələrin genişlənməsi regionda mübahisəli yataqlarla bağlı məsələyə də sonda öz töhfəsini verəcək. Amma onu da qeyd etməliyəm ki, Terhanın son 20-25 illik davranışlarını gözdən keçirsək, bu ölkənin istənilən formada mübahisəli yataqlarla bağlı Bakıya problem yaratmağa cəhd göstərməkdə davam edəcəyini də gözləmək olar. Ona görə də Azərbaycan hər zaman bu istiqamətə hazırlıqlı olmalıdır. Yəni, münasibətlərin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq, Azərbaycan belə məsələlərdə daim ehtiyat variantını hazır vəziyyətdə saxlamalıdır”.
Rüfət NADİROĞLU