Aqrar sahənin gənc alimləri Biləsuvar Konserv Zavodunda olublar

13 Mart 2017 15:46 (UTC+04:00)

Azərbaycan Respoblikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alimlər Şurasının üzvləri “Azərsun Holdinq”in Biləsuvardakı Konserv Zavodunda olublar.

Movqe.az-a verilən məlumata görə, əvvəlcə zavodun rəhbər heyətilə görüşən gənc alimlərə bu istehsalat müəssisəsinin tarixi, əkin sahələri, yetişdirilən məhsullar, istehsal prosesinin özəllikləri və zavodun hazırkı potensialı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki,  Biləsuvar Konserv Zavodunda ən müasir standartlara cavab verən texnoloji qurğulardan istifadə olunur və yalnız öz əkin sahələrində yetişdirilən məhsullar xüsusi istesal mexanizmlərindən istifadə olunmaqla qablaşdırılır.  Zavodda yaşıl noxud, patisson, kornişon, pomidor konservləri, ketçup, eyni zamanda nar şirəsi və narşərab istehsal olunur. Müəssisənin illik istehsal gücü isə 50 000 tondur. 

Aqrar səhənin inkişaf etdirilməsinin əhəmiyyətindən və dövlətin bu istiqmətə xüsusi diqqət ayırmasından danışan gənc alimlər hazırda Azərbaycanın təhsil müəssisələrində keçiridikləri tədbirlərdən danışıb, apardıqları maarifləndirmə işi nəticəsində şagirdlərin gələcəkdə ixtisas seçərkən aqrar sahəyə üstünlük verəcəklərinə ümid etdiklərini bildiriblər.  Görüşdə iştirak edən Zavodun məsul şəxsləri getdikcə aqranomlara böyük ehtiyac yarandığını və gənclərin torpağa meyillənməsinin ölkə iqtisadiyyatı üçün böyük səmərə verəcəyini vurğulayıblar. 

Sonra gənc alimlər zavoddakı istehsal prosesilə əyani şəkildə tanış olublar, burada becərilmiş məhsulun zavoda daxil olmasından tutmuş qablaşdırmasına qədərki prosesi yaxından müşahidə ediblər. Görüş iştirakşıları həmçinin Zavodun əkin sahələrində də olublar.  

Gənc alimlər bildiriblər ki, gələcəkdə bu konserv zavodu ilə yaxından əməkdaşlıq etməyə hazırdırlar.