Həmsədrlik institutunun ləğvi gündəmə gəldi

14 Mart 2017 09:40 (UTC+04:00)

Bir müddət davam edən fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin regionumuza yeni səfərlərinə start verilib. Bu səfər gedişində də onlar əvvəlki tək münaqişənin həllini ancaq sülh yolu ilə tapmalı olduğunu bəyan ediblər. Lakin həmsədrlər öz ampulalarına sadiq qalaraq yenə də problemin sülh yolu ilə həlli istiqamətində konkret addımlar atmırlar. Onlar yalnız sözdə bəyan edirlər ki, münaqişə sülh yolu ilə çözülməlidir. İşə gəldikdə isə bu sülhün əldə edilməsi üçün real müstəvidə nəsə bir iş görmürlər.  Nəticədə Ermənistan təcavüzkar  siyasətini davam etdirir, işğal etdiyi torpaqlardan öz xoşuna çıxmır. Belə bir vəziyyətdə həmsədrlik institutunun ləğvi məsələsi gündəmə gələ bilərmi? 

Politoloq Elşən Manafovun fikrincə, həmsədrlik institutunun ləğvi məsələsi hələlik real deyil: “Düşünmürəm ki, Minsk qrupunun həmsədrlik institutunun ləğvi məsələsi gündəmdə olsun. Hərçənd Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib ki, dövlətimiz ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsilə bağlı mövqeyindən kifayət qədər narazıdır. Narazı olmağımız üçün əsaslar da var. 
Konfliktin tənzimlənməsilə bağlı həlledici mövqe hələ də Rusiyaya məxsusdur. ATƏT-in Minsk qrupunda təmsil olunan digər dövlətlərin bu mənada kifayət qədər aktiv mövqe tutduğunu müşahidə etmirik. Digər tərəfdən hazırda danışıqların müəyyən müddətə təxirə salınmasının bir səbəbi də Ermənistanda keçiriləcək parlament seçkilərilə bağlı ola bilər.  Bu günə qədər Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etməsi və Minsk qrupunda təmsil olunan dövlətlərin məsələyə ikili standartlardan yanaşması konfliktin status-kvo vəziyyətində qalmasının əsas səbəblərindən biridir. Azərbaycana sadəcə olaraq, münasib vaxtı gözləmək lazım gəlir. Başqa bir imkan hələ ki, yoxdur. 
Hər halda bu ilin iyulunda “Böyük 20-lərin” görüşündə ABŞ prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putinin baş tutacaq görüşündə əldə oluna biləcək razılıqlardan sonra məsələyə aydınlıq gətirmək olar. Hələlik isə iyul ayına qədər tərəflərin münaqişə istiqamətində hansısa addımlar atacağını düşünmürəm. Hərçənd Ermənistan tərəfi atəşkəsi pozmaqda davam edir”.
Politoloq Qabil Hüseyli isə bildirdi ki, həmsədrlər Qarabağ münaqişəsinin həlli prosesində kifayət qədər prinsipial mövqe sərgiləmirlər. Ona görə də münaqişə hələlik öz həllini tapmır: “ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində real addımlar atmaması bir sıra səbəblərdən irəli gəlir. Birinci səbəb odur ki, Ermənistan danışıqlar prosesində iştirak etmir. İkincisi, həmsədrlərin təmsil olunduğu beynəlxalq təşkilatlar Ermənistana işğal siyasətinə son qayması üçün təzyiq göstərmirlər. 
Digər tərəfdən, həmsədrlərin özləri də kifayət qədər prinsipial deyil. Bu səbəbdən də problemin beynəlxalq hüquq çərçivəsində həll edilməsinə səy göstərmirlər. Son olaraq Minsk qrupunun amerikadan olan həmsədri bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı digər münaqişələrdən fərqlənir.  Amma bu zaman həmin fərqin nədən ibarət olduğunu deyə bilmir və yaxud demək istəmir. Bir sözlə, belə görünür, iplərin hamısı Rusiyanın əlindədir. Moskva necə istəyirsə, hadisələr də o istiqamətə doğru yan alır”.
Həmsöhbətimiz inanmır ki, həmsədrlərin münaqişənin həlli istiqamətində real addımlar atmamasına rəğmən, bu institutun ləğvi məsələsi gündəmə gəlsin: “Buna inanmıram. Çünki proses beynəlmiləlləşib. Ona görə də beynəlxalq güclər nəyi dəqtə edirsə, onu da həyata keçirirlər. Həmsədrlik institutunun gündəmdən çıxarılması o zaman mümkün ola bilər ki, Azərbaycan özü danışıqlar prosesindən imtina etsin. Bu zaman isə yeni bir vasitəçi qurumun yaranması çətin olacaq. Ona görə də mövcud olan həmsədrlik institutu qalacaq”.
Rüfət NADİROĞLU