Avropada indi də türkofobiya meylləri baş qaldırır

15 Mart 2017 09:40 (UTC+04:00)

Danimarka, Almaniya, Niderlandın, Belçikanın Türkiyəyə qarşı mövqeləri Avropada islamofobiya ilə yanaşı, türkofobiya meyllərinin də baş qaldırdığını göstərir. Özlərini demokratiyanın, insan haqlarının dayağı qismində təqdim edən Qərb dünyası nədənsə İslam və türk dünyasına münasibətə gələndə bu dəyərləri unudurlar. Bu səbəbdən də öz ölkələrinin əhalisi arasında islamafobiya, türkofobiya kimi bəşər cəmiyyətinə zidd olan faşist, millətçi meylləri yayırlar. 

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, Avropada baş qaldıran türkofobiyanın əsasında Rəcəb Tayyip Ərdoğan hökumətinin Moskva ilə yaxınlaşmasından onların çəkinməsi dayanır: “Təəssüf hissi ilə qeyd edirəm ki, Avropada son zamanlar islamafobiya, türkofobiya kimi faşist düşüncələri kök salıb. Fikrimcə, Avropalı rəsmiləri özləri bilərəkdən bu cür siyasətin ayaq açmasına yol verirlər. 
Onu da qeyd edim ki, türkofobiya və islamafobiya təkcə Avropada deyil, Amerikada da geniş yayılmağa başlayıb. Niderland, Almaniya və bir sıra digər Avropa dövlətlərinin Türkiyəyə qarşı tutduqları bu ədalətsiz mövqe qəbul edilən deyil. Azərbaycan cəmiyyəti də Qərbin bu qərəzli mövqeyini birmənalı olaraq pisləyir. Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlunun olduğu təyyarənin enişinə icazə verilməməsi, ailə və sosial siyasət nazirinin isə Rotterdamdakı Ankara konsulluğuna buraxılmayaraq ölkədən çıxarılması heç bir halda qəbul edilən deyil. Bu addımlar heç bir diplomatik etikaya sığmır.  
Avropa ölkələri özlərini demokratiyanın ali dəyərlərinin daşıyıcısı kimi təqdim edir. Amma reallıqda bunun əksini müşahidə edirik. Avropada baş alıb gedən islamafobiya, türkofobiya özlərini demokratik dəyərlərin daşıyıcısı hesab edənlərin əslində, bu dəyərlərdən uzaq düşdüklərinin, faşizmə yuvarlandıqlarının bariz nümunəsidir. Bu çirkin əməllərə yol verən Avropa ölkələri bütövlükdə türk xalqı və dövlətindən üzr istəməlidir. Qərbdə cərəyan edən bu siyasət durdurulmalıdır. Türkiyə Avropanın aparıcı dövlətlərindən biri olaraq həmişə müstəqil mövqeyə malik olub. Həmçinin düşünürəm ki, qardaş Türkiyə hökuməti də belə təxribatlara emosional, kəskin şəkildə cavab verməməlidir.  Belə məsələlərdə təmkinli davranmaq daha yaxşı olardı. Təmkinli davranmaqla imkan verməməliyik ki, Türkiyə əleyhinə Qərbdə informasiya cəbhəsi açsınlar. Bilirsiniz ki, Qərbin özündə türk dünyasını sevməyən, onun irəli çıxmasını həzm edə bilməyən kifayət qədər destruktiv qüvvələr var. Avropada türkofobiyanın canlanmasının kökündə isə Ankaranın tutduğu müstəqil siyasət dayanır. Ərdoğan hökumətinin apardığı müstəqil siyasət Qərbdə bir çoxlarının yuxusunu ərşə çəkib. Düşünürəm ki, Qərbdə baş alıb gedən türkofobiyanın kökündə Türkiyənin son zamanlar Rusiya ilə yaxınlaşmaq siyasəti durur. Fikir verirsinizsə, Ankara ilə Moskva arasında normal münasibətlərin yaranması ilə Qərbdə Türkiyəyə qarşı təpkilər də artıb. Türkofobiya meyllərinin yaranması da bu təpkilərin tərkib hissəsidir». 
Siyasi şərhçi Vüqar Zifəroğlunun fikrincə, Avropa güclü Türkiyə dövlətinin olmasını qəbul etmədiyindən, ona münasibətdə türkofobiya meyllərini gücləndirməyə başlayıblar: “Düşünmürəm ki, Avropa Birliyinin Türkiyəyə
qarşı sanksiyalar tətbiq etməsi gündəmə gəlsin. Məsələ ondadır ki, istər Almaniya, istərsə də Hollandiya ilə bağlı yaşanan gərginlikdə avropalıların başlıca hədəfi Türkiyənin bir dövlət olaraq imicini zədələməkdən ziyadə, gələn ay keçirilməsi nəzərdə tutulan konstitusional dəyişikliklərə öz mövqelərini ortyaya qoymaq idi. 
Digər məqam isə, baş verən olayın Avropada sağ-milliyyətçi ideologiyanın getdikcə daha populyarlıq qazanması, islamafobik düşüncənin isə cəmiyyətdə daha hakim mövqe qazanması fonunda baş verməsidir. Avropa ənənəvi demokratik dəyərlərindən getdikcə uzaqlaşır. Bu fonda siyasi iqtidar uğrunda aktiv mübarizəyə qoşulan mühafizəkar qüvvələr artıq müvəffəqiyyətlər əldə etməkdədirlər. Fransada Marin Le Penin qələbəsi buna əyani sübutdur. 
Digər tərəfdən,başqa səbəb şübhəsiz ki, Türkiyənin son illərdə sərgilədiyi aktiv xarici siyasət kursudur. Güclü türk dövləti Avropanın heç bir zaman qəbul etməyəcəyi bir faktordur. Onlar hələ də 400 illik Osmanlı dövrünü unutmayıblar. Avropa dövlətlərinin ard-arda bu şəkildə keçirilməsi planlaşdırılan konstitusional dəyişikliklərə reaksiya verməsi isə əks effekt verməkdədir. Belə etməklə, əksinə, onlar, Ərdoğanın, AKP iqtidrının daxillə yanaşı, xaricdə də nüfuzunun daha da yüksəlməsinə səbəb olduqlarının fərqinə varmalıdırlar”.
Rüfət NADİROĞLU