Dolların manata təsiri azalır

18 Mart 2017 09:37 (UTC+04:00)

Xəbər verildiyi kimi, ABŞ-ın Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırdı. Diqqəti çəkən məqam budur ki, FES-in qərarı manata, eləcə də əksər ölkələrdə milli valyutaların məzənnəsinə təsir etmədi. Halbuki, əvvələr FES faiz dərəcəsini artıranda milli valyutalar ucuzlaşdırdı. Mütəxəssislər bunu maliyyə bazalarının əvvəlcədən hazır olması ilə izah edirlər. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, fevral ayında maliyyə bazarları artıq bu faiz artımını bilirdi və qiymətlərinə əlavə etmişdi: “Yəni, uçot dərəcəsinin artırılması qeyri-adi nəticə vermədi. Ümumilikdə il  ərzində üç dəfə faiz artımı olacağı bildirilirdi. Maliyyə bazarları isə 4 dəfə olması ehtimalını düşünürdülər. Birjalar tərəfindən ilkin reaksiyalar emosional reaksiyalardır. Amma bu il həqiqətən də uçot dərəcəsi üç dəfə artarsa, ilin sonuna qədər uçot dərəcəsi 1.5 faiz olacaq. Hansı ki, bu da yüksək gösəricidir. İndiki psixoloji reaksiyadan sonra bazar fundamental parametrləri qiymətləndirməyə başlayıb. Gələcək faiz artımlarını gözləntilərə daxil etdikcə, dolların möhkəmlənməsi sürətlənə bilər. Çox güman ki, belə də olacaq”.
Ekspert əlavə etdi ki, dünyada ən azından avro-dollar paritetinin olacağı ehtimalı yüksəkdir: “Dollar funt-sterlinq qarşısında ciddi dəyər qazanacaq. Çünki mart ayının sonunda “Brexit” işə düşür. Yaponiya yeni qarşısında da dollar ciddi dəyər qazana bilər. Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini artırmadı. Yaponiya Mərkəzi Bankı bazara daha çox pul çıxartmaq siyasəti yürüdür. Odur ki, yen də dəyərdən düşəcək. Düzdür, FES-in uçot dərəcəsinin artırmasının manata birbaşa təsiri yoxdur. Lakin ətraf ölkələrdə dollar bahalaşdıqca, bu,  manata da neqativ təsirlər göstərəcək”. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, əvvəla, maliyyə bazarı bu artıma hazır idi: “Bu artım gözlənilirdi deyə, bazar ona uyğunlşamışdı. Əvvəlcədən dolların artımının olacağı bəlli olduğundan qərardan sonra bazarda ciddi dəyişiklik baş vermədi. Uçot dərəcəsinin artımından sonra dollar avroya nisbətən bahalaşdı. Yəni, birinci səbəb bazarın buna hazır olması idi. 
İkincisi, 0.25 faiz elə də böyük artım deyil. Ancaq Azərbaycana gəldikdə, manatın məzənnəsi real dəyərini hələlik almayıb. O baxımdan dünyada baş verən proseslər manata həmin an təsir göstərmir. Hətta FES uçot dərəcəsini qaldırıb, amma bu gün Azərbaycanda dollar ucuzlaşır. Belə hallar çox olur. Çünki Mərkəzi Bank sərt pul-kredit hesabına dövriyyədəki pul kütləsini məhdudlaşdırıb. Ona görə banklar dollar almaq istəsə də, manatları yoxdur. Yəni, dollara tələb az olduğuna görə hərracda dolların məzənnəsi aşağı düşür. Odur ki, uçot dərəcəsinin artmasının manata birbaşa təsiri yoxdur. Ancaq dolayısı təsrləri var. Təsiri bu cür olur ki, dolların bahalaşması neftin ucuzlaşmasına gətirib çıxarır. Neft ucuzlaşanda isə Azərbaycanın neft gəlirlərinin azalmasına səbəb olur ki, bu da manata təsir edir”. 
Mübariz BAYRAMOV