Avropa Komissiyası: Azərbaycan yaxın aylarda “Nabucco”nun taleyini həll edəcək
24 Aprel 2012 21:15 (UTC+04:00)
"APA-ECONOMICS"in "Ukrinform"a
istinadən xəbərinə görə, bu barədə Brüsseldə keçirilən mətbuat
konfransında Avropa Komissiyasının nümayəndəsi Marlen Xolzner
açıqlama verib.
Macarıstanın MOL şirkətinin "Nabucco" qaz kəməri layihəsində
iştirak etməkdən imtina etməsi qərarını şərh edən M.Xolzner qeyd
edib ki, yaxın aylarda Azərbaycan Avropaya qazı hansı kəmərlə nəql
edəcəyini müəyyənləşdirəcək və "Nabucco" da mümkün variantlardan
biridir: "Hazırda danışıqlar davam edir".
M.Xolznerin dediyinə görə, bu məsələdə Avropa Birliyi üçün əsas
məsələ Xəzər regionunda Azərbaycanın sahib olduğu enerji
ehtiyatlarına birbaşa çıxışın əldə olunmasıdır: "Söhbət "Cənub"
dəhlizi layihəsindən gedir. Buraya "Nabucco"dan başqa,
Trans-Adriatik (TAP) və ITGI (Interconnector Turkey - Greece -
İtaly) qaz kəmərləri də daxildir".
Qeyd edək ki, "Nabucco" qaz kəməri Xəzər regionundan təbii qazın
Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan,
Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı
üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan "Nabucco Gas Pipeline
İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL
(Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan),
"BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.
Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan "Nabucco" qaz
kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir.
Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla
yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur.
Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə
maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın
personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin
uzunluğu 3 900 km olacaq.