Bu günlərdə ölkənin cənub bölgəsinə səfəri zamanı Saatlı şəhərində keçirdiyi müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir”. Dövlət başçısının fikirləri ölkənin mövcud siyasi və iqtisadi durumunu, habelə regionda və dünyadakı yerini dəqiq müəyyənləşdirir.
Hazırda dünyada baş verən ictimai-siyasi proseslər ciddi narahatlıq doğurur. İri dövlətlər öz maraqları naminə haqq-ədalətin pozulmasına, təbii sərvətlər, daha yaxşı yaşamaq uğrunda mübarizədə mənsub olduqları gücdən sui-istifadə edirlər. Bir çox dövlətlər öz mövcudluqlarını qorumaq üçün ölüm-dirim mübarizəsindədirlər. Arada sadə insanlar həyatlarını itirir, yüz illər boyunca tikilmiş şəhərlər, yaradılmış infrastrukturlar dağıdılır, ölkələr viran qoyulur, insanlığın maddi və mənəvi irsi məhv edilir. Belə bir mürəkkəb durumda müstəqillik qazanmış gənc dövlətin əsaslarını yaratmaq, kasıblıq içərisində yaşayan əhalinin maddi-rifah halını yüksəltmək, dünya birliyində özünəməxsus yer qazanmaq və onu getdikcə inkişaf etdirmək ciddi və çətin problemdir və bunun üçün həddən ziyadə hərtərəfli, dərin və ağıllı siyasət tələb olunur. Razılıqla demək olar ki, Azərbaycan ağrı-acı ilə dolu olan bu yolu şərəflə keçib və özünəməxsus dövlət imicini yaratmağa nail olub.
Dünya imperializminin əlində alət olan Ermənistanın fəal iştirakə sayəsində Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsi fonunda müharibə apara-apara inkişafa nail olunmasında xalqın rolu əvəzedilməzdir. Məhz buna görə Prezident İlham Əliyev xalqı sabitliyin təminatçısı kimi görür. Xalq öz rəhbərini müdafiə etməsəydi, ona inanıb ardınca qətiyyətlə getməsəydi, təbii ki, uğur qazanmaq da olmazdı. Xalqın iradəsi ona əsaslanırdı ki, o, kimin ardınca getdiyini bilirdi. Zaman sübut edib ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb və bu səbəbdən bu gün öz dövlətinin ətəyindən möhkəm yapışıb. Xalq və dövlətin birliyi Azərbaycandakı sabitliyin mahiyyətini təcəssüm etdirir.
Prezident İlham Əliyevin balanslı, eyni zamanda mütəhərrik xarici siyasəti dünya miqyasında müasir dövrün optimal siyasəti kimi tanınır. Ölkə başçısının fərdi xüsusiyyətləri olan təşəbbüskarlıq, çeviklik, etibarlılıq, ədalətlilik, uzaqgörənlik, qətiyyətlilik, hazırcavablıq və sairə bu cür qabiliyyətləri dövlət başçıları arasında ona nüfuz qazandırmaqla yanaşı həm də Azərbaycanla əməkdaşlığa inam yaradıb. Rusiya, Türkiyə, İran, Pakistan, Qazaxıstan, Türkmənistan, Ukrayna kimi ərazi və əhali baxımından özündən xeyli böyük olan dövlətlərlə bərbərəsaslı formatlarda strateji tərəfdaşlıq yaratmağı bacarmaq hər adama nəsib olmur. Yaxud TANAP və TAP kimi 40 milyard dollarlıq iri layihənin təşəbbüskarı olaraq ABŞ və Avropa İttifaqının rəğbətini qazanmaqla təbii sərvətlərin qlobal istifadəsini dəstəkləmək böyük cəsarət və güclü iradə istəyir. Qədim sivilizasiyanın nailiyyətlərini müasir baxışlar sisteminə uyğunlaşdıraraq yeni əlaqələr qurmaq da Azərbaycana şöhrət və sərmayə gətirir. Böyük İpək yolunun bərpası, Bakı-Tiflis-Qars dəmiryolu, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, enerji daşıyıcılarının qovşağına çevrilmək ölkənin inkişafını stimullaşdırmaq baxımından çox əhəmiyyətlidir.
Azərbaycanın paytaxtı artıq BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumlarının və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının, habelə beynəlxalq və regional səviyyəli onlarla inkişaf tədbirinin məkanına çevrilib. Multikultural və multikonfessial düşüncə tərzi nəzəri cəhətdən qərbdə formalaşsa da əyani şəkildə dünyada ilk dəfə Azərbaycanda təsbit olunub. Bu gün bu istiqamətdə Azərbaycanın yaşam tərzi bütün ölkələr və cəmiyyətlər tərəfindən nümunə kimi qəbul edilir. Bəli, bu, hamı tərəfindən yüksək qiymətləndirilən cahanşümul bir göstəricidir. Azərbaycan dövləti təkcə xarici siyasətdə deyil, daxili siyasətdə də qoruyub saxladığı balanslı siyasət, yəni ölkənin bütün regionlarında yaşayan bütün millətlər və etnik qruplar arasında bərqərar olmuş bərabərlilik və etimadlı münasibət nəticəsində bu nailiyyətə imza atılıb. Bu, Azərbaycanı ümumi alyansda fərqləndirən fərdi xüsusiyyətdir.
N.NOVRUZ