“Azərsu” ASC-də 1-ci Bakı Beynəlxalq Su Həftəsinin yekunları və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş Səhmdar Cəmiyyətin əməkdaşlarna mükafatların təqdim olunması mərasimi keçirilib

31 Mart 2017 17:26 (UTC+04:00)

Martın 30-da  “Azərsu” ASC-də 1-ci Bakı Beynəlxalq Su Həftəsinin yekunları və  Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş Səhmdar Cəmiyyətin əməkdaşlarna mükafatların təqdim olunması mərasimi keçirilmişdir. 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsinin və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyi tədbirlərinin yekunları barədə məlumat verərək bildirmişdir ki, bu tədbirlər su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olmuş, təcrübə mübadiləsi və perspektiv əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Dünyada sayca 7-ci su həftəsinin Bakı şəhərində keçirilməsi ölkəmiz üçün əlamətdar və qürurverici hadisə olmuşdur. Həftə çərçivəsində Dünya Su Şurasının İdarə Heyətinin 61-ci Toplantısı, 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclası,   “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit”  mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Bu tədbirlərdə iştirak etmək üçün Azərbaycana dünyanın 37 ölkəsindən 200-dək qonaq gəlmişdir. Tədbir iştirakçıları Şollar su mənbəyi, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Taxtakörpü su anbarı, “+82 Qərb” su anbarı, Mərkəzi Laboratoriya, Heydər Əliyev Mərkəzi və  Bakının görməli yerləri ilə  tanış olmuşlar. Həftə müddətində beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra işgüzar görüşlər keçirilmişdir: “Ümumilikdə Azərbaycanda su sektorunda  görülmüş işlər xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Beynəlxalq təşkilatların rəhbərləri  “Azərsu” ASC-nin yeni infrastrukturlar yaratmaqla yanaşı, su məsələsinə elmi yanaşmasını xüsusi vurğulamışlar.  Azərbaycanın  Dünya Su Konqresi və Dünya Su Forumunun iclaslarına ev sahibliyi etmək niyyəti yüksək qiymətləndirilmişdir. Möhtərəm Prezident İlham Əliyevin “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit”  mövzusunda beynəlxalq elmi-praktiki konfrans və Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısının iştirakçılarına müraciəti, həmçinin su təsərrüfatının inkişafında xidmətləri olan “Azərsu” ASC-nin bir qrup əməkdaşının müxtəlif dövlət təltifləri ilə mükafatlandırılması həftənin ən əlamətdar hadisəsi olmuşdur”
Tədbirdə  Dünya Su Şurasının prezidenti Benedito Braqanın 1-ci Bakı Beynəlxalq Su Həftəsi ilə bağlı ünvanlandığı təşəkkür məktubu oxumuşdur. B.Braqa tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə etmişdir. “Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısının Azərbaycanda keçirilməsi bizim üçün böyük məmnuniyyət və şərəf oldu. Bu tədbir sizin köməyiniz olmadan uğurlu alına bilməzdi. Son texnologiyanın istifadə edildiyi Ceyranbatan Ultrasüzgəcli  Sutəmizləyici Qurğular Kompleksinə, Taxtakörpü su anbarına və 100 illiyi qeyd olunan Şollar su mənbəyinə səfərləri də yüksək qiymətləndiririk.  Bakıda əhalinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün aparılan işlərə və əldə olunan uğurlara  görə “Azərsu” ASC-ni təbrik edirəm”. 
Qeyd olunmuşdur ki,  1-ci Bakı Beynəlxalq Su Həftəsi ilə bağlı Beynəlxalq Su Resursları Assosiasiyasının prezidenti Patrik Lavarde, Dünya Su Şurasının fəxri prezidenti Luis Fuşon, Beynəlxalq Su Assosiasiyasının fəxri üzvü Andreas Angelakis, Rusiya Su Təchizatı Assosiasiyasının Yevgeniy Pupirev,  Belqrad Universitetinin professoru Yohann Despotoviç və digər şəxslər də təbrik məktubları ünvanlamışlar. 
 Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərsu” ASC-nin bir qrup əməkdaşının müxtəlif dövlət təltifləri ilə mükafatlandırılması barədə sərəncamları oxunmuşdur. Sərəncamlara əsasən, Səhmdar Cəmiyyətin 3 əməkdaşı “Əməkdar mühəndis” fəxri adına, 1 əməkdaş isə Prezidentin fərdi təqaüdünə, 16 əməkdaş isə  əməkdaşı isə “Tərəqqi” medalına layiq görülmüşdür. Eyni zamanda əmək fəaliyyətində fərqlənən Səhmdar Cəmiyyətin 61 əməkdaşı, həmçinin su təchizatı qurğularının mühafizəsində xidmətləri olan Daxili İşlər Nazirliyinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının 9 əməkdaşı “Azərsu” ASC sədrinin əmri ilə Fəxri Fərmana layiq görülmüşdür. 
Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş “Azərsu” ASC əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının vəsiqələri, “Tərəqqi” medalları və “Fəxri Fərman”lar təqdim olunmuşdur.     
Prezidentin fərdi təqaüdünə layiq görülmüş “Azərsu” ASC sədrinin müşaviri Telman Ağayev, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini  Oruc Bayramov, “Tərəqqi” medalı ilə təltif olunmuş Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov və digərləri su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə  başçısına minnətdarlıqlarını bildirmiş və  qeyd etmişlər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi  siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.