Əcnəbilər bu əməliyyat üçün Azərbaycana axışır...

4 Aprel 2017 16:23 (UTC+04:00)

Əvvəllər insanlar səhhətləri üçün vacib sayılan əməliyyatlar üçün xaricə üz tuturdularsa, indi estetik əməliyyatlar üçün ərinmədən bir ölkədən durub o biri ölkəyə gedənlərin sayı az deyil. Bu gün də Azərbaycandan Türkiyəyə estetik əməliyyat üçün gedənlər var. Bəs görəsən plastik əməliyyat etdirmək məqsədilə Azərbaycana necə, xaricdən xəstə axını varmı? Bu suala cavab tapmazdan öncə qeyd edək ki, hazırda Azərbaycanda estetik əməliyyatlar arasında ən populyarı burun əməliyyatıdır. Bu gün ölkəmizdə rinoplastik əməliyyat gerçəkləşdirən həkim ordusu yetişib desək yanılmarıq. Apardığımız kiçik araşdırma zamanı öyrəndik ki, elə xaricdən Azərbaycana üz tutan pasiyentlərin də əksəriyyəti məhz burun əməliyyatı üçün müraciət edir.
Estetik, plastik cərrah Mircəfər Seyid Movqe.az-a bildirib ki,  bu gün Azərbaycana rinoplastik əməliyyat üçün ən çox Rusiya, Türkiyə, Dubaydan üz tuturlar: “Mənim çox sayda xəstəm var ki, onlar Rusiya, Ukrayna, İsveçrə, Dubay, Türkiyə vətəndaşlarıdır. Onların mütləq əksəriyyəti milliyətcə azərbaycanlı deyil. Sadəcə olaraq həmin ölkədə eyni keyfiyyətdə burun əməliyyatı Azərbaycandakı qiymətdən beş-altı dəfə yüksək olduğundan, onlar bizim ölkəyə üz tuturlar”. 
Həmsöhbətimiz deyir ki, qardaş Türkiyədə ən ucuz rinoplastik əməliyyat Azərbaycan pulu ilə 10 min manatdır: “Azərbaycana əsasən Rusiya, Türkiyə və Dubaydan estetik əməliyyat üçün gəlirlər. Hansı ki, o ölkələrdə bu əməliyyatın qiyməti Azərbaycandan beş-altı dəfə yüksəkdir. Keyfiyyət eyni, qiymət aşağı olduğundan, Azərbaycandakı həkimlərə müraciət edirlər”.
M. Seyidin sözlərinə görə, Azərbayacandakı lor cərrahlara xaricdən rinoplastik əməliyyat üçün müraciət edənlər  əsasən 30 yaşlarında xanımlardır. 
Rinoplastik, lor cərrah Hüseyn Məmmədov isə hətta Almaniyadan da bir pasiyentinin olduğunu söyləyir: “ Bizim rinoplastik cərrahlara müraciət edənlərin çoxu ruslardır. Amma Ukraynadan, İrandan, Türkiyədən də müraciət edənlər var. Məsələn, İranda bu cür əməliyyatlar bizdən ucuzdur. Amma keyfiyyət bizdəki kimi deyil. Pasiyent məmnun qalmadığından Azərbaycana gəlir. Həmsöhbətimiz deyir ki, Azərbaycana xaricdən rinoplastik əməliyyat üçün gələnlər 18-35 yaş arası qadınlardır.
Rinoplastik cərrah Rəşad Çuvalov da ən çox xaricdən paseyentlərinin Rusiyadan gəldiyini söyləyir. Onun sözlərinə görə, xaricdən pasiyentləri Azərbaycana rinoplastik əməliyyat üçün gətirən səbəb, qiymətin aşağı olmasıdır. Lor cərrah Fərid Əliyev isə deyir ki, Türkiyədən burun əməliyyatı üçün Azərbaycana gələn pasiyentlərin sayı az deyil. Həmsöhbətimizin sözlərinə görə, əslində qardaş ölkədə burun əməliyyatı gerçəkləşdirən həkimlərin sayı Azərbaycanda bu işlə məşğul olan cərrahlardan dəfələrlə çoxdur: “Belə olansa sual yaranır ki, bəs niyə bizim ölkəni seçirlər? Mən deyərdim ki, bunun səbəbi sırf qiymətə bağlıdır. Türkiyədə həkimlər bir az tanındıqdan sonra özləri məktəb yaradırlar. Bundan sonra öz işlərinin dəyərini dəfələrlə yüksəldirlər. Bizdə isə bu sahədə rəqabət var. Uzun illər rinoplastik əməliyyat etdirənlərin qiyməti bir az baha olsa da, bu cür əməliyyatlar Azərbaycanda 1500 -2500 arası dəyişir. Lor cərrah Vüqar Əhmədov isə Azərbaycana türkdilli ölkələrdən, Qazaxıstandan da burun əməliyyatı üçün axın olduğunu söyləyir. Onun sözlərinə görə, buna səbəb həmin ölkədə bu sahədə yaxşı kadrların olmamasıdır: “Türkiyəni qoyub burun əməliyyatı üçün Azərbaycanı seçənlər isə qiymətə görə bura gələnlərdir. Türkiyədə burun əməliyyatının qiyməti bizim pulla 10 manatdan başlayır”.
Həmsöhbət olduğumuz həkimlər arasında bu gün xaricdən Azərbaycana süd vəzinin ölçüsünün böyüdülüb-kiçildilməsi, qarından piy çəkmə, mədə kiçiltmə əməliyyatları üçün də müraciətlərin olduğunu söykədilər. 

Zülfiyyə QULUYEVA