Əlaqə Arxiv
news Image
2013.05.23
08:18
| A A A
Qarabağda yeni ekoloji terror...


Uzun zaman idi ki, Rusiyanın Ermənistana satdığı mavi qazın qiymətini qaldıracağı barədə məlumatlar var idi. Artıq bu il aprelin 1-dən etibarən Rusiyanın "Qazprom" şirkəti 1000 kubmetr qazı Ermənistana 180 dollar əvəzinə, 240 dollara satır.

Ermənistanın qazla təchiz edilməsi ilə məşğul olan inhisarçı "Armrosqazprom" (Ermənistan-Rusiya Qaz Sənayesi) şirkəti isə istehlakçılar üçün təbii qazın qiymətini 64% artırmaq təklifi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyasına müraciət edib. Şirkətin təklifi qəbul olunarsa, qazın qiyməti hal hazırda 1000 kubmetr üçün 132 min dramdan (təxminən 318 dollar) 221 min dramadədək artacaq. Bundan başqa, "Armrosqazprom" qaz təchizatı xidmətlərinin də qiymətlərini artırmaq istəyir. Təhlilçilərə görə, qazın qiymətinin 64% artması təbii qazdan istifadə edən təxminən 640 min Ermənistan ailəsinin sosial vəziyyətinə mənfi təsir edəcək. Artıq bununla əlaqədar Ermənistanda sosial nazarızıçılıq başlayıb. "Armrosqazprom" şirkəti tərəfindən qazın qiymətinin artırılması nəticəsində bütün əsas istehlak mallarının, o cümlədən, çörək məmulatlarının, nəqliyyatın, elektrik enerjinin və s. qiymətləri kəskin şəkildə artacağı bildirilir. Belə bir qorxulu fikirlər də var ki, qiymət artımına görə, alternativ yanacaq kimi, əhalinin kasıb təbəqəsi ağacların kəsilməsinə üz tutacaq. Həmçinin, erməni işbazlarının odun biznesini genişləndirəcəyi də şübhə doğurmur. Bu zaman odun mənbəyi kimi işğal altında olan Azərbaycan ərazilərindəki meşə massivlərindən istifadə olunacağı gözlənir. Bu isə Ermənistanın növbəti ekoloji terroru olacaq.

 "Həmişəki kimi beynəlxalq təşkilatlara müraciət olunacaq"


Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, həmin ərazilər işğal olunmuş ərazilərdir: "Belə bir vəziyyətdə bizim yeganə çıxış yolumuz var. Ermənistanın bu cür hərəkətləri qanunsuz olduğuna görə, bununla bağlı həmişəki kimi beynəlxalq təşkilatlara müraciət olunacaq".


 "Ən böyük təhlükə Dağlıq Qarabağ ərazisindən kənarda olan işğal edilmiş ərazilərimizdədir"


Yaşıllar Partiyasının sədri, politoloq Mayis Gülalıyevin sözlərinə görə, ermənilərin meşə massivlərimizə hücumu gələcəkdə ətraf mühitə ciddi zərər vura bilər: "Xüsusi ilə elə meşə massivləri qırıla bilər ki, onlar Ermənistanın özünün torpaqları deyillər. Belə olan halda aydın məsələdir ki, onlar həmin ərazilərdən enerji təminatını həyata keçirmək üçün meşə zolaqlarından istifadə edə bilərlər. Söhbət, təkcə Dağlıq Qarabağ ərazisindən getmir. Xüsusilə də ondan kənar işğal olunmuş ərazilərdə bu problemin olma ehtimalı böyükdür. Çünki Qarabağ ərazisində müəyyən qədər "idarəetmə" qurulub. Bu "idarəetmə" müəyyən dərəcədə həmin əraziyə nəzarət edir. Həmin "idarəetmə" vasitəsi ilə meşə massivlərinə müəyyən qulluq göstərilə bilər. Ən böyük təhlükə Dağlıq Qarabağ ərazisindən kənarda olan işğal edilmiş ərazilərimizdədir. Bu, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan ərazilərində olan meşə massivləridir ki, onların məhv edilməsi açıq-aşkardır".

Mayis Gülalıyev bildirdi ki, biz bir partiya olaraq mütəmadi olaraq bu məsələləri müxtəlif tədbirlərdə Avropa Yaşıllar Partiyası qarşısında qaldırırıq: "Azərbaycanda ümumiyyətlə, meşə massivi az idi. Sovet vaxtı Azərbaycan ərazisinin 11% -i meşə massivi idi. Gürcüstanda isə 75%-dir. İşğal altındakı zonalar Azərbaycanın ən münbit və ən yaşıl zonalarındandır. Bu 11 % - in əsas hissəsi işğal olunmuş ərazilərə düşür. Biz bu məsələləri beynəlxalq qurumlar qarşısında qaldırmalıyıq. Müəyyən monitorinq qrupları yaradılmalıdır. Heç olmasa, ATƏT xətti ilə yaşıl zonaların monitorinqi keçirilməlidir. Çünki, meşə massivlərinin məhvi, həm də su mənbələrinin, gələcəkdə həmin ərazilərdə təbii yaşayış standartlarının məhvi, torpağın münbitliyinin itirilməsi deməkdir".


 "Əgər hökumətimiz peyk vasitəsi ilə Qarabağ ərazisinin üzərində monitorinqi həyata keçirəcəksə, müəyyən arqumentləri əldə edə biləcəyik"

Hüquqşünas və ekoloq Samir İsayevin sözlərinə görə, ümumiyyətlə, bu məsələ birinci dəfə deyil: "Bizim hökumət bunu dəfələrlə beynəlxalq təşkilatlarda qaldırıb. Ermənistan sənaye üsulu ilə emal olunmuş ağac materialları ixrac edən bir ölkədir. Bir neçə ildir ki, onlar artan tempdə ağac materiallarını ixrac edirlər. Dəfələrlə bu məsələni qaldırımışıq ki, Ermənistanın ərazisində bu qədər ağac materialları varmı? Sözsüz ki, Ermənistan müəyyən qədər dağlıq ərazidə yerləşir. Amma əsas məsələ odur ki, Ermənistan ixrac etdiyi ağac materiallarını Dağlıq Qarabağdakı meşələrin hesabına həyata keçirir. Söz ki, hazırda qazın qiymətinin qalxması Qarabağ meşələrinə təsirsiz ötüşməyəcək. Qarabağ meşələrinin ciddi monitorinqinə başlamaq lazımdır. Hazırda Azərbaycan hökuməti işğal altında olan su anbarlarının ətraf mühitə vuracaq ziyanlara qarşı addımlar atır. Meşə yanğınları da hər yayda olur. Meşələrin qırılması məsələsi isə istisna olunmur. Sadəcə olaraq, Azərbaycanın bu meşələrin qırılmasına nəzarəti məhduddur. Çox ciddi monitorinq mexanizmi qurulmalıdır. Bunu da meşələri görmədən həyata keçirmək mümkün deyil. Hazırki vəziyyətdə Azərbaycan Ermənistanla olan hansısa münasibətdən imtina edib. Yəni, bizim həmin meşələri monitorinq etmək imkanımız yoxdu. Beynəlxalq monitorinq səviyyəsində isə BMT və ATƏT bu məsələlərdə hər iki ölkəyə əməkdaşlıq etməyi tövsiyə edirlər. Bu isə alınan bir iş deyil. Üstün tərəfimiz odur ki, artıq bizim kosmik peykimiz havadadır. Hər bir rabitə peykində də müəyyən məlumat toplamaq üçün avadanlıqlar olur. Əgər hökumətimiz bu imkanlardan istifadə edəcəksə, peyk vasitəsi ilə Qarabağ ərazisinin üzərində monitorinqi həyata keçirəcəksə, müəyyən arqumentləri əldə edə biləcəyik. Əks təqdirdə bizimki ancaq ehtimallara əsaslanacaq".

Sizin Reklam Yeriniz