Əlaqə Arxiv
news Image
2012.04.13
20:33
| A A A
Mətbuat təmsilçiləri
Müraciətdə media Avropada süni şəkildə Azərbaycan haqqında yanlış rəy formalaşdırmaq cəhdlərində iştirak etməməyə, bütün məsələləri obyektiv dəyərləndirməyə çağırılır Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə cümə günü "Eurovision 2012" ilə bağlı keçirilən "dəyirmi masa" zamanı beynəlxalq mediada Azərbaycanın bu mahnı müsabiqəsinə hazırlıqları ilə bağlı yayılan neqativ məlumatlara qarşı müraciət ünvanlanıb.
Müraciətin mətnini jurnalist qurumlarının rəhbərlərinə Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim edib.
Müraciətdə qeyd olunur ki, şərqdə ilk demokratiya nümunəsi olan Azərbaycan ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra demokratik, plüralist medianın formalaşdırılmasını qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirdi.
"Yeni dövrdə partiya-sovet mətbuatına xas mənfi meyillərin aradan qaldırılması, medianın qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması ciddi siyasi iradə və mühüm əməli tədbirlərin həyata keçirilməsini tələb edirdi. 1998-ci ildə Azərbaycanda senzuranın, 2000-ci ildə isə mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra azad media mühitinin formalaşdırılması sürətlə inkişaf edən prosesə çevrildi. Kütləvi informasiya vasitələrinin təsis edilməsi sadələşdirildi, hər bir vətəndaşa özünün qəzetini, jurnalını və ya informasiya agentliyini yaratmaq imkanı verildi. Təsadüfi deyil ki, ərazisi 86,6 min kvadratkilometr təşkil edən və 9 milyon əhalisi olan Azərbaycanda hazırda 4700-dən artıq KİV müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib. Ölkədə 300-ə yaxın qəzet, 100-ə qədər jurnal, 30-dan çox informasiya agentliyi, 50-yə yaxın elektron KİV fəaliyyət göstərir. Çoxlu sayda mətbuat yayımı firmaları sərbəst şəkildə mətbuatı Azərbaycanın ən ucqar nöqtələrinə çatdırırlar. Müxtəlif jurnalist təşkilatları Azərbaycanda söz və məlumat azadlığının, medianın inkişafı, jurnalistlərin hüquqlarının müdafiəsi və s. istiqamətlərdə aktiv fəaliyyət göstərirlər. Bu gün Azərbaycanın internet məkanı sürətli inkişaf mərhələsini yaşayır, ölkə əhalisinin 50 faizindən çoxu internetdən istifadə edir. Yeni medianın inkişafı cəmiyyətin informasiya almaq imkanlarını genişləndirir", - müraciətdə deyilir.
Həmçinin mətndə qeyd olunur ki, postsovet məkanında ilk dəfə olaraq 2003-cü ildə Azərbaycanda medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurası yaradılıb.
"Şura bu müddət ərzində media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin qurulması və inkişafında bir sıra uğurlara imza atıb. Mətbuat Şurasının həyata keçirdiyi tədbirlər media mühitimizdə siyasiləşmənin aradan qaldırılması, jurnalistikanın vahid orqanizm kimi formalaşmasında özünəməxsus rol oynayıb, medianın daxili məsuliyyət hissini möhkəmləndirib. Hazırda Azərbaycanda medianın kifayət qədər liberal qanunvericilik bazası mövcuddur. KİV sahəsindəki hüquqi-normativ aktlar beynəlxalq standartlara tam cavab verir. Onların hər birinin qəbulunda Avropanın nüfuzlu beynəlxalq təşkilatlarının rəyi başlıca meyar kimi götürülüb. Buna misal kimi, ATƏT ekspertlərinin yaxından iştirakı ilə 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanunun qəbul edilməsini göstərmək olar", - müraciətdə deyilir.
Müraciətdə qeyd olunur ki, KİV-lərə dövlət dəstəyi Azərbaycanın media ilə bağlı qanunvericiliyinin spesifik cəhətlərindən birini təşkil edir.
"2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlı sənədin təsdiqlənməsindən sonra KİV-lərin inkişafına dövlət dəstəyinin mexanizmləri formalaşdırıldı. Konsepsiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun əsas məqsədi medianın iqtisadi müstəqilliyini göcləndirmək, çoxsaylı KİV-lərin müasir bazar münasibətlərinə uyğunlaşmasını dəstəkləməkdir", - müraciətdə deyilir.
Azərbaycanın media təmsilçiləri bildiriblər ki, KİV-lərdə Azərbaycan haqqında çoxsaylı materiallar dərc edilir və onların əhəmiyyətli qismi pozitiv ruhludur.
"Lakin təəssüf ki, dünyanın bir sıra KİV-lərində Azərbaycanla bağlı gedən materiallarda obyektiv mövqe nümayiş etdirilmir, jurnalistikanın təməl prinsipləri olan tərəfsizliyə və qərəzsizliyə etinasız yanaşılır. Məqalələrdə, məlumatlarda müxtəlif vaxtlarda yaşanmış neqativ hallar ümumiləşdirilərək Azərbaycan dövlətinin söz və mətbuat azadlığı, insan hüquqları sahəsində siyasəti kimi təqdim olunur. Bizi - Azərbaycan jurnalistlərini ən çox narahat edən ölkəmiz haqqında mütərəqqi demokratik dəyərlərdən uzaq yanlış təsəvvür formalaşdırmaq cəhdlərinə informasiya dəstəyinin verilməsidir. Biz ölkəmizdə söz və mətbuat azadlığı sahəsində çətinlikləri inkar etmirik və onların aradan qaldırılmasına çalışırıq. Bu məqsədlə həm Azərbaycan hakimiyyəti, həm də BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatlarla intensiv əlaqələr saxlayırıq. Hazırda qarşımızda duran vacib məsələlərdən biri medianın ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi, onun iqtisadi müstəqilliyinin gücləndirilməsidir. Çünki özünü maliyyələşdirmək imkanlarının məhdudluğu redaksiyaların müstəqilliyinə və peşəkarlığına mənfi təsir göstərən başlıca amildir. Azərbaycan jurnalistlərinin yekdil qənaəti ondan ibarətdir ki, iqtisadi müstəqilliyin zəif olması redaksiyaların, jurnalistlərin maraqlı siyasi və biznes dairələrin təsiri altına düşməsinə, ölkədaxili siyasi mübarizədə vasitəyə çevrilməsinə, bitərəflik, qərəzsizlik, peşəkarlıq kimi mühüm meyarların deqradasiyasına şərait yaradır. Bu faktor həm də bəzi hallarda jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək imkanlarının məhdudlaşmasına, onların hüquqlarının pozulmasına yol açır", - müraciətdə deyilir.
Qeyd olunur ki, Azərbaycan jurnalistləri ölkə həqiqətlərinin, ölkədəki real vəziyyətin müəyyən daxili və xarici maraqlı dairələrin süzgəcindən keçərək deyil, obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıdır.
"İstərdik ki, dünyanın aparıcı KİV-ləri Azərbaycan haqqında materiallar verərkən təkcə neqativ halları qabardaraq birtərəfli mövqe tutmasın, həm də görülən işlər barədə danışsın. Materiallarda söz və mətbuat azadlığı mühitinin daha da dərinləşməsi, demokratik medianın formalaşması üçün siyasi iradə və cəmiyyətin istəyinin olması, bu məqsədlə əməli tədbirlərin həyata keçirilməsi başlıca meyar kimi götürülsün. Çox istərdik ki, dünyanın nüfuzlu KİV-ləri ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı faktını diqqətdə saxlasınlar, bir milyondan artıq azərbaycanlını öz torpaqlarından didərgin salmış, onminlərlə insanın qətlində, yaxın tariximizin ən qanlı və faciəli səhifələrindən olan Xocalı soyqırımının törədilməsində günahkar olan cinayətkarların cəzalandırılmasını tələb etsinlər. Biz sizi bu məsələdə həqiqətin yanında olmağa, yüz minlərlə insanın pozulmuş haqqının bərpa olunmasına dəstək verməyə çağırırıq", - müraciətdə deyilir.
Bu il Azərbaycanın 20 illik müstəqillik tarixində ilk dəfə Avropanın ən nüfuzlu mədəni hadisələrindən olan "Eurovision 2012" mahnı müsabiqəsini keçirməyə hazırlaşdığı qeyd edilən mətndə bildirilir ki, hazırda bütün Azərbaycan cəmiyyəti kimi, onun mediası da qarşıda duran vəzifənin məsuliyyətini dərk edir və cidd-cəhdlə dünya ictimaiyyətinə ölkəmiz haqqında obyektiv və hərtərəfli məlumat verməyə çalışır.
Müraciətdə media Avropada süni şəkildə Azərbaycan haqqında yanlış rəy formalaşdırmaq cəhdlərində iştirak etməməyə, bütün məsələləri obyektiv dəyərləndirməyə çağırılır.
"Eurovision 2012" iştirakçıları olan ölkələrin mediasına 38 qəzet, 8 informasiya agentliyi, 6 internet xəbər portalı, 10 telekanal, 11 radio müraciət edib.

Sizin Reklam Yeriniz