Oxşar metodun ölkəmizdə tətbiqinə gəlncə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu praktikanın tətbiqi çətin məsələdir: "Onda gərək hər bir sayğacın içində mikrolobaratoriya yerləşdirilsin. O da çətin reallaşa bilər. Ancaq Qərb ölkələrində tənzimləyici orqanlar var. İstehlakçı nədən narazı olsa, onlara müraciət edərək, yoxlanmasını tələb edə bilər. Tənzimləyici qurum yoxlamanı özləri yox, xüsusi agent, müstəqil qurumlar vasitəsi ilə müəyyən zaman çərçivəsində həyata keçirir. Həmin paylayıcı şəbəkənin müxtəlif yerlərində istehlakçıya verdiyi məhsulun miqdarını, keyfiyyətini yoxlayır. Nəticələr məhkəməyə göndərilir. Bunun nəticəsində paylayıcı şəbəkə külli-miqdarda cərimə olunma təhlükəsi ilə üz-üzə qalır. Onlar da belə işləri göz altına aldıqlarından normativ çərçivədə xidmətə həmişə boyun olurlar. Azərbaycanda isə heç bir belə orqan yoxdur. Sayğaclara mikrolobaratoriya yerləşdirmək mümkün deyilsə, gərək Tarif Şurası həmin mikrolobaratoriyanı "Azəriqaz"ın kəmərlərinin çıxışına qoysun. Bizdə isə hələlik belə bir qanun yoxdur. Yəni, bütün bunlar üçün qannuverciliyə dəyişiklik edilməlidir".
Digər mütəxəssis Zəfər Vəliyev bildirdi ki, ümumiyyətlə, bütün dünyada qaz pulu onun həcminə görə müəyyən olunur: "Amma digər tərəfdən qazın keyfiyyəti məsələsi var. Qazın qiyməti keyfiyyətinə görə müəyyən olunur. Keyfiyyət yüksək olarsa, partlayış və zəhərlənmələrin sayı azalar. Ona görə də qaz normal emal olunmalı, fiizki –kimyəvi göstəriciləri mövcud standartlara və texniki şərtlərə uyğundursa, əhaliyə satılmalıdır. Təmizlənmiş qazın yanma istiliyi, təmizlənməmiş qazın yanma istiliyindən çox fərqlənir. Ona görə də qazın tərkibinə qatqılar vurulmalıdır. Digər tərəfdən, mövcud qazpaylayıcı şəbəkələrdə normal təzyiq olmalıdır. Onun üçün də qazpaylaşdırıcı şəbəkəyə aid olan boru kəmərləri mövcud standartlara cavab verməlidir. Bundan sonra qazı əhaliyə fərqli qiymətə satmaq kimi məsələlər yaranmaz. Bəzən söylənilir ki, ölkəmizə xaricdən, xüsusən də İrandan gələn qaz cihazları standartlara cavab vermir. Amma İranda istifadə edilən qazın təzyiqi bizimkindən fərqlənir. Yəni, onlar həmin təzyiqə uyğun qaz cihazları istehsal edirlər. Partlayışların, zəhərlənməmin ilkin səbələrində bu da var. Digər tərəfdən qaz emal olunduqdan sonra onun tərkibinə radion, metil-etil, odarnat qatıqları qatılarsa, zəhərlənmə də, partlayışlar da azalar".
Ekspert əlavə etdi ki, Azərbaycanla müqayisədə qazın qiyməti yuxarı və aşağı olan ölkələr var: "Qaz vətəndaşa maya dəyərinə uyğun satılmalıdır. Azərbaycanda 1000 kubmetr qaz 100 manatdır. Yəni, 120 dollara yaxındır".