Azərbaycanın “Eurovision-2013”dən böyük gözləntiləri
Salam Məmmədəliyev: «Biz onluqda olacağıq»
Gövhər Həsənzadə: «Eurovision» mahnı müsabiqəsində artıq kifayət qədər təcrübəmiz var» Məlum olduğu kimi İsveçin Malmö şəhərində "Eurovision-2013" mahnı
müsabiqəsinin rəsmi açılış mərasimi olub. Qeyd edək ki, yarışmada
bu il 39 ölkə təmsil olunur. Onlar sırasında Azərbaycanın da adı
var. Bu dəfəki yarışmadan Azərbaycan üçün gözləntilər əgəlincə,
İctimai Televiziyanın quruluşçu rejissoru Salam Məmmədəliyev
Mövqe.az-a açıqlamasında qeyd edir: "Müsabiqənin mayın 14-də
keçiriləcək birinci yarımfinalında 16, mayın 16-da keçiriləcək
ikinci yarımfinalında isə 17 ölkə çıxış edəcək. Müsabiqənin finalı
isə mayın 18-də keçiriləcək. Ənənəvi finalda "böyük beşlik"
(Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və qalib
ölkə kimi İsveç çıxış edəcək. Azərbaycan yarışmanın ikinci
yarımfinalında ikinci nömrə altında çıxış edəcək. Bukmeykerlər
favorit ölkələr kimi Danimarka, Ukrayna, Norveç, Rusiya və ən vokal
səs kimi Azərbaycanı görürlər. Ən başda isə bukmeykerlər 20 yaşlı
danimarkalı Emmili de Foresti bu il müsabiqənin favoriti hesab
edirlər. Biz onluqda olacağıq, inşallah. Gündəlik hazırlıqlar,
gərgin məşqlər gedir. Təxminən 10 gündür təmsilçimiz Fərid Məmmədov
İsveçdədir. Mayın 8-i və 10-u mətbuat konfransı olub. Bu ölkələr
ilk yarımfinala çıxıb: Avstriya, Belarus, Xorvatiya, Belçika, Kipr,
Danimarka, Estoniya, İrlandiya, Litva, Moldova, Rusiya, Montoneqro,
Serbiya, Niderland, Ukrayna, Sloveniya... Onu da qeyd edim ki, bu
il Malmödə təşkil olunan müsabiqənin büdcəsi 20 milyon dollardır.
Yarımfinallardan qabaq İctimai Televiziyada tok-şoular keçiriləcək.
Müsabiqədə iştirak edən ölkələrin çıxışları müzakirə olunacaq.
12-yə 15 dəq işləmişdən 12 tamama qədər bu diskusiya aparılacaq.
"Eurovision-2013"lə bağlı fikirləri, çıxışları ilk yarımfinal
öncəsi bəstəkar İsa Məlikov və Ülviyyə Vəliyeva, modelyer Fəxriyyə
Xələfova şərh edəcəklər".
Bəstəkar Gövhər Həsənzadə də "Eurovision-2013"lə bağlı
fikirlərini Mövqe.az-la bölüşdü: "Eurovision" mahnı müsabiqəsində
artıq kifayət qədər təcrübəmiz var. Bu ilki təmsilçimizə də yalnız
və yalnız uğurlar arzu edirik. Xarici görkəmcə Fərid Məmmədov
Avropa səhnəsinə uyğun gəncdir. Vokal imkanları güclüdür. İfaçılıq
qabiliyyəti də deyərdim ki, Avropasayağıdır. Mən düşünürəm ki,
mahnı seçimində Təşkilati Komitə "Hold me" mahnısını seçibsə, o, bu
ilki müsabiqənin təşkilinə, zövqünə, quruluşuna, tələbatına uyğun
olacaqdır. Mahnı haqqında qərarı Təşkilatı Komitə verir. Seçim
müğənninin üzərində olmadığı üçün məsuliyyət Təşkilatı Komitənin
üzərindədir. Ümumiyyətlə, sabahkı çıxışa səhnədən baxandan sonra
daha real rəy bildirə biləcəyik. Amma düzgün seçim olunduğunu
düşünürəm".