Əlaqə Arxiv
news Image
2013.05.29
13:03
| A A A
Bakıda əqli mülkiyyət hüquqlarının problemləri müzakirə olunur
Bakıda Azərbaycanda milli patent sisteminin 20 illiyinə həsr olunmuş "İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri" mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.

Mövqe.az-in məlumatına görə, tədbirdə Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Azərbaycanda milli patent sisteminin 20 ildir fəaliyyət göstərdiyini deyib.

O, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu sistemin ölkəmizdə keyfiyyət infrastrukturunun əsas tərkib hissələrindən birinə çevrildiyini, bu illər ərzində patent sahəsi üzrə normativ-hüquqi bazanın formalaşdığını, əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində beynəlxalq sistemə uğurlu inteqrasiyanın həyata keçirildiyini vurğulayıb:

"Bu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən SMPDK patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edir. Əməkdalıq əlaqələri nəticəsində "Əməkdaşlıq Proqramı" təsdiq edilmiş, 10 ölkə ilə ikitərəfli saziş imzalanmış, komitə ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış "Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin formalaşdırılmasına dair" layihə icra olunub".

Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Milli Məclisin deputatı Arif Əşrəfov, Nazirlər Kabinetinin şöbə müdirləri İsmayıl Sadıqov və Səyyaf İsmayılov Azərbaycanda patent sisteminin sürətli inkişafından, bu istiqamətdə dövlət tərəfindən görülmüş işlərdən danışıblar.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mixail Svantner, Avrasiya Patent İdarəsinin prezidenti Aleksandr Qriqoryev, departament rəhbəri Nina Formbi Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışaraq, Azərbaycanın son 20 ildə sürətli inkişafını və beynəlxalq patent sisteminə uğurlu inteqrasiyasını xüsusi vurğulayıblar.

Konfransda "Azərbaycanın patent sisteminin cari vəziyyəti, problemlər, perspektivlər", "Keçid dövründə olan ölkələrdə Milli Əqli Mülkiyyət strategiyasının inkişafı", "AAPT-ın üzv-dövlətlərində innovasiya fəaliyyətinə kömək göstərilməsində regional təşkilatın rolu", "Türkiyə Əqli Mülkiyyət Sisteminin cari vəziyyəti", "Əqli mülkiyyət infrastrukturunun modernləşdirilməsi" mövzularında məruzələr dinlənilib.

Konfransın sonunda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin iştirakçılara videmüraciəti yayımlanıb.

Tədbir Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.
Sizin Reklam Yeriniz