Məktəbli forması bu ailələrin uşaqlarına pulsuz verilir-Eksklüziv
Təranə Şərifova: "İndiyədək 600-ə yaxın ailəyə BTE tərəfindən pulsuz məktəbli forması verilib"
"Bakı Tikiş Evi"(BTE) şəhid və əlil ailələrinə məktəbli
formasını pulsuz verəcək. Bu məlumatı Movqe.az-a eksklüziv olaraq
BTE-nin Satış şöbəsinin rəisi Etibar Əzimov verib. E. Əzimov
bildirib ki,artıq yüzlərlə bu cür imtiyazlı ailələrə BTE tərəfindən
məktəbli forması pulsuz verilib: "Şəhid ailələri, əlil ailələri
məktubla Milli Valideyn-Müəllim Assosiasiyasına müraciət edirlər.
Biz onların müraciətinə əsasən həmin ailələrə məktəbli formalarını
pulsuz veririk. BTE güzəştli şəhid və əlil ailələrin uşaqlarının
təhsilə marağının azalmaması, bu ailələrdə böyüyən uşaqlara dəstək
üçün hər il olduğu kimi bu il də bu xeyirxah missiyasını yerinə
yetirir və yeni dərs ili başlayanadək bu koorparativ məsuliyyətini
yerinə yetirəcək". Milli Valideyn-Müəllim Assosiasiyasının (MVMA)
icraçı direktoru Təranə Şərifova da Movqe.az-a xəbəri təsdiqləyərək
bildirib ki, indiyədək 600-ə yaxın ailəyə BTE tərəfindən pulsuz
məktəbli forması verilib: "Bizim BTE ilə müqaviləmizə əsasən
imtiyazlı ailələrin övladlarına məktəbli forması tikiş müəssisəsi
tərəfindən pulsuz verilir. Bu güzəştli kateqoriyaya şəhid,Milli
Qəhrəman, əlil və məcburi köçkün ailələrinin uşaqları daxildir. Biz
həmin ailələrin etdiyi müraciətləri BTE-ə göndəririk. BTE
tərəfindən bu kateqoriyadan olan ailələrin övladlarına məktəbli
forması pulsuz olaraq verilir. Bu xeyirxah işin arxasında təhsilə,
imtiyazlı ailələrin uşaqlarına dəstək missiyası dayanır. Sağ olsun
BTE bizim təşəbbüsümüzə dəstək verərək güzəştli ailələrə məktəbli
formasının pulsuz verilməsinə razılıq verdi. Hazırda müraciətlər
davam edir. Biz müraciətləri məktub formasında BTE-ə
göndəririk".