Əlaqə Arxiv
news Image
2013.03.05
17:46
| A A A
Əcnəbinin qeydiyyatının məsuliyyəti hüquqi şəxslərin üzərinə düşəcək
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı sadələşdirilib. Milli Məclisdə bu gün keçirilən plenar iclasında "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna, Əsasnaməyə, eyni zamanda, "Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gundən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"yə dəyişikliklər müzakirə olunub. Əgər indiyədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı gələn şəxsin üzərinə düşürdüsə, dəyişikliyə əsasən, qeydiyyat məsələsi qəbul edən tərəfin üzərinə qoyulur. Sənəd barəsində məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu artıq Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları arasında həyata keçirilir və bununla da əcnəbi və vətəndaşlığı olmayanların qeydiyyatı asanlaşdırılır. Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 iş günü ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verir.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, bu dəyişiklik Azərbaycanda müvəqqəti, yəni 30 gün ərzində yaşayanların qeydiyyatı ilə bağlı problemi həll etməklə yanaşı, onlarla bağlı lazımi informasiyanın aidiyyatı qurumlara ötürülməsini də asanlaşdıracaq: "Hazırda əcnəbilərin qeydiyyatı 3 formada aparılır.  Qeydiyyatda olduqları yer üzrə, daimi yaşadıqları yer üzrə və müvəqqəti yaşadıqları yer üzrə. Bu dəyişiklikdən sonra ölkəyə müvəqqəti gələn əcnəbinin qeydiyyatının məsuliyyəti hüquqi şəxsin üzərinə düşəcək. Yəni indi kirayəkeş əgər əcnəbini evində 30 gün kirayə saxlayırsa bu barədə aidiyyatı quruma özü məlumat verməlidir. Bu məlumat telefonla, yaxud yazılı olaraq yaşadığı ərazi üzrə polis bölməsinə göndərilə bilər".
Ə. Əliyev xarici ölkələrin təcrübəsində də ölkəyə gələn əcnəbilərlə bağlı məlumatı əcnəbini qəbul edən tərəfin aidiyyatı quruma ötürdüyünü söyləyir. Onun sözlərinə görə, azərbaycanda bu qanunvericilikdə "müvəqqəti olma" adlanır: "Yəqin ki, bu dəyişiklikdən sonra ölkədə müvəqqəti yaşayan şəxslərlə bağlı məlumatın MTN və sair orqanlar tərəfindən araşdırılması qaydaları da qanunla tənzimlənəcək".
  
Sizin Reklam Yeriniz